Azərbaycanın qədim diyarlarından biri olan Füzuli rayonu zəngin tarixi, mədəni və dini irsi ilə seçilir. Qarabağ bölgəsinin mühüm hissəsini təşkil edən bu ərazi əsrlər boyu Azərbaycanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında əhəmiyyətli rol oynayıb. Füzuli torpağında qədim yaşayış məskənləri, memarlıq abidələri, türbələr, məscidlər və karvansaralar mövcuddur. Rayonda yerləşən Məscidi-Cümə, Mirəli türbəsi, Əhmədalılar və Babı türbələri, Kərbəlayı Rzayev evi, həmçinin Araz çayı boyunca yerləşən qədim yaşayış yerləri bu diyarın tarixi-dini abidələrlə zəngin olduğunu təsdiqləyir. 1993-cü il avqustun 23-də Ermənistan tərəfindən Füzuli rayonu işğal olundu. İşğal nəticəsində rayonun 51 kəndi, Füzuli şəhəri və bir çox qəsəbələri tamamilə viran edildi. Minlərlə dinc sakin doğma yurdlarından didərgin salındı, tarixi abidələr, məscidlər, qəbiristanlıqlar və mədəniyyət ocaqları məhv edildi. Ermənistanın hərbi təcavüzü nəticəsində Füzuli şəhəri illərlə “xarabalığa çevrilmiş şəhər” kimi qaldı. İşğal dövründə rayonun ərazisi minalarla və partlamamış sursatlarla çirkləndirildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək iradəsini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək işğal altındakı torpaqları azad etdi. Füzuli uğrunda döyüşlər müharibənin ən mühüm və çətin mərhələlərindən biri idi. Azərbaycan Ordusu 2020-ci il oktyabrın 17-də Füzuli şəhərini işğaldan azad etdi. Bu tarixi Qələbə həm strateji, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Füzulinin azad edilməsi Zəngilan, Qubadlı və Şuşa istiqamətində növbəti əməliyyatların uğurla aparılmasına şərait yaratdı. Azad olduqdan sonra aparılan təmizləmə əməliyyatları göstərdi ki, Füzuli azad olunmuş rayonlar arasında minaların sayına görə ən çox çirklənmiş ərazidir. Bu fakt işğalın miqyasını və erməni vandalizminin dərəcəsini bir daha nümayiş etdirir.
Füzulinin azad edilməsi yalnız hərbi qələbə deyil, həm də xalqımızın öz tarixi torpaqlarına qayıdış yolunda mühüm mərhələ idi. İşğal illərində şəhərin və kəndlərin dağıdılması, tarixi-mədəni irsə vurulan ziyan bu torpaqların üzləşdiyi ağır faciəni nümayiş etdirirdi. Lakin Azərbaycan xalqının iradəsini sındırmaq, onun doğma yurda bağlılığını unutdurmaq mümkün olmadı. Xalqımız inamını qorudu, dövlətimiz isə qarşıya qoyduğu tarixi məqsədə nail oldu.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra Füzulidə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Bu gün şəhərdə müasir infrastruktur yaradılır, yollar çəkilir, yaşayış binaları, sosial obyektlər və digər mühüm layihələr həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə Qarabağın nəqliyyat imkanlarının genişləndirilməsi, bölgənin ölkəmizin digər əraziləri və beynəlxalq məkanla əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bunlar dövlətimizin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə, onların iqtisadi potensialının reallaşdırılmasına və insanların layiqli yaşayış şəraitinin təmin edilməsinə verdiyi böyük önəmin göstəricisidir.
Füzulinin yenidən qurulması Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. Doğma yurdlarına qayıdan ailələrin evlərində yenidən ocaqların yanması, uşaqların öz doğma torpaqlarında böyüməsi, məktəblərin, mədəniyyət və sosial obyektlərin fəaliyyət göstərməsi azadlığın ən gözəl bəhrəsidir. Çünki torpağın həqiqi dirçəlişi yalnız binaların tikilməsi ilə deyil, orada həyatın canlanması, insanların məskunlaşması, gələcəyə inamla yaşaması ilə ölçülür.
Bu gün Füzuli keçmişin ağrılarını Zəfərin qüruru ilə birləşdirərək yeni inkişaf mərhələsinə qədəm qoyur. Onun müasir siması Azərbaycanın quruculuq qüdrətini, milli həmrəyliyini və gələcəyə yönəlmiş strateji baxışını əks etdirir. Füzuli həm də dünyaya mühüm mesaj verir: Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, onları yenidən qurmağa, dirçəltməyə və gələcək nəsillərə daha abad şəkildə ötürməyə qadirdir.
17 oktyabr – Füzuli Şəhər Günü münasibətilə bütün xalqımızın, xüsusilə füzulililərin sevincini və qürurunu bölüşürük. Bu əlamətdar gün bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlətçilik və Vətənə sədaqət ən çətin sınaqlardan belə qalib çıxmağın əsas şərtləridir.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini