“Azərbaycanın qədim yaşayış məskənlərindən olan və tarixi minilliklərə söykənərək əcdadlarımızın ayaq izlərini yaşadan Füzuli rayonu da işğalın ağır ağrılarını yaşadı. 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan rayonun taleyi faciələrlə dolu oldu. Təcavüz nəticəsində 663 nəfər şəhid oldu, 400 nəfərədək sakin müharibə əlilliyi aldı. İşğal nəticəsində soydaşlarımız doğma yurdlarından didərgin düşərək qaçqınlıq həyatının ağır sınaqları ilə üzləşdilər. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Uzun müddət yağı ayaqları altında qalan yurdumuz talan edildi, qəsbkarlar Füzulinin milli-mədəni və tarixi abidələrini vandalcasına dağıdaraq xalqımızın tarixini yaşadan izləri silməyə çalışdılar. Dağıdılmış evlər, viran qoyulmuş kəndlər, talan edilmiş mədəni irs Füzulinin üzləşdiyi faciənin acı mənzərəsini göstərirdi.” Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.O bildirib ki, düşmən talan etdiyi ərazilərimizdən çıxmaq niyyətində belə deyildi. Azərbaycanın uzun müddət sülh yolu ilə həllinə çalışdığı münaqişə qarşı tərəfin qeyri-konstruktiv mövqeyi və ardıcıl təxribatları səbəbindən həllini tapmırdı. Sülhə uzanan əlin cavabında yeni təhdidlərin və hücumların ortaya çıxması xalqımızın səbr kasasını daşdırmışdı. Nəhayət, cəbhə boyunca növbəti hücum və təxribatlar düşmənə qarşı qətiyyətli cavab tədbirlərini qaçılmaz etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz əks-hücum əməliyyatlarına başlayaraq düşmənin illər ərzində qurduğu müdafiə istehkamlarını darmadağın etdi. Hərbi əməliyyatların ilk günlərindən əldə olunan uğurlar torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində böyük dönüş yaratdı, xalqımızın Zəfər inamını daha da gücləndirdi.
17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin azad edilməsi Vətən müharibəsinin əlamətdar hadisələrindən biri oldu. Füzulinin azadlığı tarixi ədalətin bərpasını, xalqımızın sarsılmaz əzmini və dövlətimizin qətiyyətini nümayiş etdirdi. Prezident İlham Əliyevin qüdrətli komandanlığı altında qəhrəman ordumuzun göstərdiyi şücaət, döyüş meydanında qazandığı uğurlar və torpaq uğrunda apardığı mübarizə xalqımızın çoxəsrlik tarixində şanlı səhifə açdı. Füzuli uğrunda qazanılan Qələbə Böyük Zəfərə aparan yolun mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olundu.
Füzulidə Azərbaycan bayrağının dalğalanması xalqımızın qəhrəmanlığının, dövlətimizin qətiyyətinin və tarixi ədalətin bərpasının rəmzidir. Bu bayraq illərlə doğma yurd həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşdiyini, torpaqlarımızın öz sahibinə qovuşduğunu dünyaya nümayiş etdirdi.
İşğaldan sonra quruculuq və abadlıq meydanına çevrilən Füzuli dövlətimizin əzmi və həyata keçirdiyi genişmiqyaslı işlər sayəsində yeni görkəm alıb. Qısa müddətdə salınan yollar, tikilən müasir evlər və yaradılan infrastruktur şəhərin həyatına yeni nəfəs verib. Bu gün Füzulidə doğma yurdlarına qayıdan sakinlərin təhlükəsiz və rahat yaşayışı üçün hər cür şərait yaradılır. Şəhərin dirçəlişi xalqımızın qurub-yaratmaq əzminin, Vətənə bağlılığının və gələcəyə inamının ifadəsidir.
Deputat sonda bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən hər il oktyabrın 17-də Füzuli Şəhəri Gününü sevinc və qürur hissi ilə qeyd edirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuzun işğaldan azad etdiyi Füzuli xalqımızın Zəfər tarixində özünəməxsus yer tutur. Tarixin bu günü xalqımız üçün qəhrəmanlığın, düşmənə yerini göstərdiyimiz və doğma torpaqlarımız uğrunda apardığımız mübarizənin təntənəsidir. Füzulinin azadlığı xalqımızın birliyini, ordumuzun döyüş əzmini və dövlətimizin gücünü nümayiş etdirən, heç vaxt unudulmayacaq tarixi hadisədir.