2020-ci il oktyabrın 17-si Azərbaycanın müasir hərb və dövlətçilik tarixinə yalnız bir şəhərin azad olunması kimi deyil, Cənubi Qafqazda geopolitik reallıqları və güclər nisbətini köklü şəkildə dəyişən strateji zəfər günü kimi daxil oldu. Vətən müharibəsinin cənub-şərq cəbhəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi Füzuli əməliyyatı hərbi baxımdan ən mürəkkəb və həlledici döyüşlərdən biri idi. Otuz ilə yaxın müddətdə işğalçı tərəfin qurduğu dərin eşelonlaşdırılmış müdafiə sədləri, mühəndis-istehkam qurğuları və mürəkkəb relyef Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığı, taktiki manevrləri və sarsılmaz döyüş əzmi qarşısında davam gətirmədi.
Füzulinin azad edilməsi ilə düşmənin müdafiə sistemi darmadağın edildi, cəbhənin cənub istiqamətindəki əsas maneə aradan qaldırıldı və sonrakı zəfərlərə – Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd, eləcə də Şuşa əməliyyatına strateji zəmin yaradıldı. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il oktyabrın 17-sinin "Füzuli Şəhəri Günü" kimi qeyd olunması bu böyük hərbi-siyasi uğurun dövlətçilik yaddaşımızdakı xüsusi yerini təsdiqləyir.
İşğal dövründə kütləvi dağıntılara və vandalizmə məruz qalaraq tamamilə infrastruktursuzlaşdırılan Füzuli şəhəri bu gün zəfərdən sonra başlayan Böyük Qayıdışın parlaq modelinə çevrilmişdir. Azadlıqdan dərhal sonra başlanan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində Füzuli qısa müddətdə regionun modern nəqliyyat və logistika mərkəzi statusunu qazandı. Azad edildikdən cəmi 9 ay sonra istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı Qarabağın dünya ilə inteqrasiyasını təmin edən vacib hava qapısı oldu.
Dövlətimizin həyata keçirdiyi proqramlar çərçivəsində şəhərdə "Ağıllı şəhər" konsepsiyasına uyğun müasir yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları və sosial infrastruktur obyektləri inşa edilib, doğma yurdlarına qayıdan sakinlər üçün firavan yaşam şəraiti təmin olunub. 17 Oktyabr – Füzuli şəhəri günü Azərbaycanın hərbi qüdrətinin, iqtisadi potensiaılının və milli həmrəyliyinin əyani nümayişidir. Bu tarix, dağıdılmış ərazilərin dövlətimizin öz resursları ilə qısa müddətdə modern mərkəzlərə çevrilmək gücündə olduğunu bütün dünyaya sübut edir.
Füzulidə həyata keçirilən bu sürətli transformasiya yalnız iqtisadi və sosial göstərici deyil, aynı zamanda tarixi ədalətin və milli ləyaqətin tam bərpa olunmasının bariz nümunəsidir. Keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı regionda daimi sülhün və sabitliyin ən möhkəm qarantına çevrilir. Bu gün Füzulinin küçələrində yenidən eşidilən uşaq səsləri, sürətlə yüksələn müasir binalar və yaşıl enerjiyə əsaslanan infrstrukturlar Azərbaycanın işıqlı gələcəyə doğru inamlı addımlarını simvolizə edir. Şəhərin dirçəlişi Qarabağ və Şərqi Zəngəzurun ümumi inkişaf dinamikasına güclü təkan verməklə yanaşı, beynəlxalq aləmdə də Azərbaycan dövlətinin quruculuq əzminin və strateji baxışının təqdirəlayiq təzahürü kimi qiymətləndirilir.
Yusif Abbasov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı