1993-cü il avqustun 23-də Füzuli şəhərinin və rayonun böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ağır humanitar nəticələrə səbəb oldu. Yüzlərlə rayon sakini şəhid oldu, insanlar doğma yurdlarından didərgin düşdü, tarixi və dini abidələr dağıntılara məruz qaldı. 2020-ci ildə başlanan Vətən müharibəsi isə bu ədalətsizliyə son qoyulması üçün tarixi imkan yaratdı. Füzuli uğrunda döyüşlər Azərbaycan Ordusunun hərbi qüdrətini və peşəkarlığını nümayiş etdirən ən çətin əməliyyatlardan biri oldu. 30 il ərzində qurulmuş möhkəm müdafiə istehkamlarının yarılması, düşmənin müqavimətinin qırılması böyük şücaət və yüksək döyüş hazırlığı tələb edirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu çətin sınaqdan qalib çıxdı. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi sonrakı hərbi əməliyyatlar üçün də mühüm strateji üstünlüklər yaratdı.44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya göstərilən şücaət və qəhrəmanlıq mücəssəməsi həm də yeni tarixin və reallıqların başlanğıcını qoydu. Azərbaycan Ermənistana öz yerini göstərdi. Beynəlxalq aləm 2020-ci ildə apardığımız haqq-ədalət uğrundakı mübarizəmizin şahidlərinə çevrildi. Öz sahiblərini gözləyən torpaqlarımız, tarixi abidələrimiz, müqəddəs ocaqlarımız öz sahiblərinə qayıtdı
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri idi. Füzuli Vətən müharibəsinin ilk günündən son gününədək ərazisi uğrunda döyüşlərin gərgin aparıldığı rayonlardandır. Cəbhədən gələn qələbə müjdələri xalqımızı daha da qürurlandırır, tezliklə 30 ilin işğalına son qoyulacağına əminlik yaradırdı. Hər gün bir şəhərin, yaşayış məntəqəsinin azadlığa qovuşması ilə yadda qaldı. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. Torpaq, Vətən sevgisini döyuş ruhunun artmasında qabarıq şəkildə büruzə verən Azərbaycan Ordusu hər gün irəli getdi. Tarixi Zəfərimiz bir daha sübut etdi ki, dünyanın ən güclü ordusu Azərbaycan Ordusudur. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycanın müasir siyasi tarixində strateji və simvolik əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir. Bu qələbə dövlətin siyasi iradəsinin, milli birliyin və ordu quruculuğunun nəticəsi olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası prosesində həlledici mərhələ təşkil etdi. Müzəffər Ali Baş Komandanın xilaskarlıq missiyası nəticəsində 44 gün ərzində Füzulinin şəhər mərkəzi ilə yanaşı, 53 kəndi erməni işğalından azad edildi. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı. Ermənistan Füzuli istiqamətində cəbhə xəttini olduqca gücləndirmişdi, bir neçə mərhələli müdafiə mövqeləri yaratmışdı. Lakin qəhrəman Azərbaycan əsgərinin gücü və əzmi qarşısında bu mövqelər tab gətirə bilmədi və elə ilk həmlədə ələ keçirildi. 2023-cü ildən etibarən həmin günün “Füzuli şəhəri günü” kimi qeyd olunması həmin hadisənin tarixi və ideoloji yükünü dövlət səviyyəsində rəsmiləşdirib.
İşğaldan azad edildikdən sonra isə Füzuli rayonunda həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın postmünaqişə dövrü inkişaf strategiyasının nümunəsinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə təsdiqlənən “Füzuli şəhərinin 2040-cı ilədək Baş planı” regionun sosial-iqtisadi dirçəlişinin elmi əsaslara söykənən planlaşdırma modelini formalaşdırdı.Füzuli Beynəlxalq Hava Limanının, Zəfər və Füzuli-Hadrut avtomobil yollarının, Rəqəmsal Yarımstansiyanın və Köndələnçay su anbarları kompleksinin istifadəyə verilməsi yalnız infrastrukturun bərpası deyil, həm də Qarabağın gələcək iqtisadi inteqrasiyasını təmin edən mühüm mərhələ oldu. Hazırda yüzlərlə ailənin daimi yaşayış üçün Füzuliyə köçürülməsi bu siyasətin real nəticələrini əks etdirir. Bərpa prosesində beynəlxalq əməkdaşlıq da mühüm rol oynayır. Qardaş Özbəkistanın Mirzə Uluqbəy adına orta məktəbini, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini inşa etməsi Türk dünyasının həmrəyliyinin, mənəvi dəstəyinin və mədəni diplomatiyanın bariz göstəricisidir.
2026-cı il oktyabrın 1-dək şəhərə 827 ailə, ümumilikdə 3153 nəfər köçürülüb. Doğma yurda qayıdan ailələrin yeni evlərdə məskunlaşması, sosial şəraitin yaxşılaşdırılması və şəhər həyatının bərpası Füzulinin dirçəlişinin əsas göstəricilərindəndir.Füzulidə yaradılan təhsil və mədəniyyət müəssisələri də gələcəyə hesablanmış quruculuq siyasətinin mühüm hissəsidir. Burada həyata keçirilən layihələr milli potensialın səfərbərliyini, idarəetmənin effektivliyini və uzunmüddətli planlaşdırma mədəniyyətini əks etdirir. Beləliklə, Füzuli şəhəri bu gün Azərbaycan dövlətçiliyinin yenilənmiş güc modelinin, milli iradənin və tarixi ədalətin bərpasının rəmzinə çevrilib. Füzuli bu gün keçmişin ağrılarını arxada qoyaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Şəhərin yenidən qurulması, sakinlərin doğma yurdlarına qayıtması və müasir həyat şəraitinin yaradılması Zəfərin real nəticələrini nümayiş etdirir.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri