17 Oktyabr – Füzuli Şəhəri Günü, tariximizin şanlı səhifələrindən biri kimi qəlbimizdə dərin qürur və fəxarət hissi oyadır. 30 ilə yaxın davam edən həsrətin, işğalın və dağıntıların ardından Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun misilsiz şücaəti sayəsində azadlığa qovuşan Füzuli, bu gün yenidən dirçələn Qarabağın parlaq simvoluna çevrilib. Şəhərin işğaldan azad edildiyi tarixi təkcə hərbi zəfərimizin təsdiqi deyil, həm də Füzulinin öz tarixi köklərinə, doğma sakinlərinə və işıqlı gələcəyinə qayıdışının rəsmi müjdəsidir. İllər boyu viran qoyulmuş bu torpaqlar indi genişqapılı quruculuq meydanına dönmüş, modern infrastruktur layihələri, beynəlxalq hava limanı və "Böyük Qayıdış" çərçivəsində öz ocaqlarına dönən sakinlərinin təbəssümü ilə yenidən canlanmışdır.
Füzuli rayonu 1993-cü ilin avqust ayında mənfur düşmən tərəfindən işğal olunmuş, minlərlə soydaşımız doğma ocaqlarından didərgin düşmüşdür. Uzun illər ərzində şəhər və kəndlərimiz tamamilə dağıdılmış, mədəni-tarixi abidələrimiz, məscidlərimiz vandallığa məruz qalmışdır. Erməni qəsbkarları Füzulini sanki xəritədən silməyə, buradakı həyat izlərini yox etməyə çalışmışdılar. Lakin xalqımızın qəlbindəki Vətən sevgisi və doğma torpaqlara qayıtmaq ümidi heç vaxt sönmədi.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi bu həsrətə son qoydu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində Füzuli əməliyyatı İkinci Qarabağ Müharibəsinin ən əhəmiyyətli və həlledici döyüşlərindən birinə çevrildi. Düşmənin illərlə qurduğu müdafiə xətləri, istehkamları rəşadətli əsgər və zabitlərimizin cəsarəti qarşısında darmadağın edildi. 17 oktyabr 2020-ci il tarixində Füzuli şəhəri və ətraf kəndləri işğaldan azad olundu, doğma torpaqlarımızda yenidən şanlı üçrəngli bayrağımız dalğalandı.
Qələbədən dərhal sonra Füzulidə görünməmiş miqyasda bərpa və quruculuq işlərinə başlanıldı. "Böyük Qayıdış" proqramı çərçivəsində şəhər tamamilə müasir standartlara uyğun şəkildə realllaşdırılan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yenidən tikilir. İşğaldan azad edildikdən cəmi 8 ay sonra istifadəyə verilən və Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı bu regionun strateji və iqtisadi əhəmiyyətini bütün dünyaya nümayiş etdirdi. Yeni çəkilən Zəfər yolu, müasir mənzil kompleksləri, məktəblər, uşaq bağçaları və xəstəxanalar Füzulinin sürətli dirçəlişinin aydın təzahürüdür.
17 Oktyabr – Füzuli Şəhəri Günü təkcə bir təqvim tarixi deyil, xalqımızın əyilməz iradəsinin, milli həmrəyliyinin və tarixi ədalətin bərpasının parlayan rəmzidir. Otuz ilə yaxın sürən həsrət və sınaqlardan alnıaçıq, başıuca çıxan Azərbaycan müasir dövrün ən böyük zəfərlərindən birinə imza ataraq subyektliyini, gücünü və yenilməzliyini bütün dünyaya sübüt etdi. Bu Zəfərin memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun misilsiz rəşadəti və torpaq uğrunda canından keçən azadlıq fədailərimizin, əziz şəhidlərimizin müqəddəs qanı sayəsində Füzuli bu gün yenidən öz həqiqi sahiblərinə qucaq açır.
Bu gün Füzulidə sürətlə vüsət alan genişmiqyaslı bərpa-quruculuq işləri, müasir altyapı layihələri və reallaşan "Böyük Qayıdış" konsepsiyası göstərir ki, viran qalmış torpaqlarda həyatı yenidən cücərtmək bizim tarixi missiyamızdır. Qurulan hər bir yeni ev, çəkilən yollar, istifadəyə verilən sosial obyektlər və ən əsası doğma yurduna dönən insanların gözlərindəki qürur hissi Füzulinin parlaq gələcəyindən xəbər verir. Füzuli artıq dağıntıların və kədərin deyil, dirçəlişin, müasirliyin, sülhün və tərəqqinin ünvanına çevrilmişdir.
Bu gün illərlə məcburi köçkün həyatı yaşamış füzulililər qürurla, başıuca şəkildə öz ata-baba yurdlarına qayıdırlar. Yenidən tikilən evlərdə yanan işıqlar, küçələrdə eşidilən uşaq gülüşləri Füzuliyə yeni həyatın, əbədi sülhün və inkişafın gəldiyini xəbər verir. 17 Oktyabr – Füzuli Şəhəri Günü həm şəhidlərimizin əziz xatirəsinə ehtiramın, həm də milli birliyimizin, zəfərimizin və gələcəyə olan böyük inamımızın təntənəsidir.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı