PDF Oxu

Siyasət

  • 517

Paytaxt Bakıdan dünyaya verilən mesaj - əməkdaşlıq, ədalət və davamlı sülh

Paytaxt Bakıdan dünyaya verilən mesaj - əməkdaşlıq, ədalət və davamlı sülh

Azərbaycanın beynəlxalq nüfuzu yalnız iqtisadi və siyasi imkanları ilə deyil, mürəkkəb geosiyasi şəraitdə əməkdaşlıq üçün yeni yollar açmaq, etimadı möhkəmləndirmək və ədalətli mövqeyini qətiyyətlə müdafiə etmək bacarığı ilə də ölçülür. Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasətin növbəti mühüm təzahürü oldu. Cənab Prezident İlham Əliyevin sammitdə səsləndirdiyi fikirlər Azərbaycanın təşkilata iki illik sədrliyinin nəticələrini təqdim etməklə yanaşı, Ermənistanla münasibətlər, regionda formalaşan yeni reallıqlar və sülhün gələcəyi ilə bağlı prinsipial mövqeyini də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Azərbaycanın AQEM-ə sədrliyi sadəcə beynəlxalq tədbirlərin təşkili və diplomatik görüşlərin keçirilməsi ilə məhdudlaşmadı. Ölkəmiz bu müddətdə təşkilatın institusional imkanlarının gücləndirilməsinə, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə və üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə üstünlük verdi. Nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm kimi sahələrdə əməkdaşlığın fəal təşviqi Azərbaycanın beynəlxalq münasibətlərə praktiki nəticələr üzərindən yanaşdığını göstərdi. Çünki müasir dünyada dövlətlər arasında etimad yalnız bəyanatlarla deyil, ortaq maraqlara xidmət edən layihələr, iqtisadi əlaqələr və uzunmüddətli əməkdaşlıq mexanizmləri ilə möhkəmlənir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın təşəbbüsləri və üzv dövlətlərin dəstəyi nəticəsində AQEM institusional və hüquqi baxımdan daha da güclənib, təşkilatın üzvlük coğrafiyası genişlənib, dialoq və qarşılıqlı fəaliyyət imkanları artıb. Azərbaycanın sədrliyinin daha iki il uzadılması təşəbbüsünə üzv dövlətlərin dəstək verməsi də ölkəmizin bu platformadakı fəaliyyətinə göstərilən etimadın mühüm ifadəsidir. Bu qərar Azərbaycanın yalnız təşkilata rəhbərlik etmədiyini, həm də onun gələcək inkişafı üçün məsuliyyət daşıyan, üzv dövlətləri ortaq məqsədlər ətrafında birləşdirməyə çalışan tərəfdaş olduğunu nümayiş etdirir.

Azərbaycanın AQEM çərçivəsində irəli sürdüyü prioritetlər ölkəmizin xarici siyasətinin əsas istiqamətləri ilə uzlaşır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan nəqliyyat-kommunikasiya imkanlarını genişləndirməklə, rəqəmsal inkişafı təşviq etməklə və yaşıl inkişaf gündəliyinə töhfə verməklə beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilib. Nəqliyyat dəhlizlərinin inkişafı dövlətlər arasında iqtisadi əlaqələri genişləndirir, rəqəmsallaşma yeni imkanlar yaradır, elm və təhsil sahəsində əməkdaşlıq isə gələcək nəsillər üçün ortaq inkişaf perspektivləri formalaşdırır. Bu mənada Azərbaycanın AQEM sədrliyinə yanaşması təşkilatın fəaliyyətini real ehtiyaclarla əlaqələndirmək baxımından əhəmiyyətlidir. Təhlükəsizlik və iqtisadi inkişafı bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Dövlətlər arasında etimadın möhkəmlənməsi üçün siyasi dialoqla yanaşı, qarşılıqlı fayda yaradan iqtisadi münasibətlər, humanitar əlaqələr və davamlı əməkdaşlıq da vacibdir. Azərbaycanın təşəbbüsləri məhz bu istiqamətlərin bir-birini tamamlamasına xidmət edir. Bakıda keçirilən Zirvə toplantısının əhəmiyyəti də bununla bitmir. Tədbir ölkəmizə Asiya dövlətlərinin aktual məsələlər ətrafında fikir mübadiləsi aparması, regional və qlobal çağırışlara ortaq yanaşmalar axtarması üçün geniş imkan yaratdı. Belə bir platformaya ev sahibliyi etmək Azərbaycanın beynəlxalq dialoq üçün etibarlı məkan kimi mövqeyini möhkəmləndirməklə yanaşı, müstəqil xarici siyasət kursunun ardıcıllığını da nümayiş etdirir.

Cənab Prezident İlham Əliyevin çıxışının mühüm istiqamətlərindən biri Ermənistanla münaqişənin tarixi və siyasi nəticələri, eləcə də regionda sülhün gələcəyi ilə bağlı fikirləri oldu. Dövlət başçısı Azərbaycanın uzun illər üzləşdiyi işğalın, humanitar faciələrin və beynəlxalq hüququn pozulmasının nəticələrini xatırladaraq, bu məsələlərə münasibətdə ikili standartların yolverilməzliyini bir daha gündəmə gətirdi. Azərbaycan torpaqlarının təxminən 30 il işğal altında qalması, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması ölkəmizin yaxın tarixində dərin izlər buraxıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, bu sənədlərin icrası uzun müddət təmin edilmədi. Cənab Prezidentin çıxışında xatırlatdığı bu fakt beynəlxalq münasibətlər sisteminin qarşılaşdığı mühüm problemi bir daha ortaya qoyur - hüquqi prinsiplər bütün dövlətlərə eyni şəkildə tətbiq edilmədikdə, beynəlxalq ədalətə inam zəifləyir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, beynəlxalq hüquq siyasi maraqlardan asılı olmayaraq qorunmalı, dövlətlərin ərazi bütövlüyü və suverenliyi universal prinsip kimi qəbul edilməlidir. İşğal dövründə Azərbaycanın üzləşdiyi vəziyyətlə bağlı beynəlxalq təsisatların uzunmüddətli fəaliyyətsizliyi və münaqişənin həlli əvəzinə onun dondurulmasına yönəlmiş yanaşmalar Cənab Prezidentin çıxışında xüsusi tənqid olundu. Bu baxımdan Bakının beynəlxalq tribunası yalnız keçmiş hadisələri xatırlatmaq üçün deyil, gələcəkdə oxşar ədalətsizliklərin qarşısının alınmasının vacibliyini vurğulamaq üçün də mühüm əhəmiyyət daşıdı. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın müharibədən sonrakı mərhələdə nümayiş etdirdiyi siyasi iradə və sülhə münasibəti idi. Dövlət başçısı bildirdi ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra intiqam siyasəti yürütməyib, Ermənistanla sülh təklif edib. Bu mövqe Azərbaycanın keçmişdə baş verənləri unutması demək deyil. Əksinə, ölkəmiz öz tarixini, şəhidlərinin xatirəsini və xalqımıza yaşadılmış faciələri qorumaqla yanaşı, gələcək nəsillərin münaqişəsiz şəraitdə yaşamasına imkan verəcək siyasi mühitin formalaşmasında maraqlıdır. Sülhün davamlı olması üçün isə qarşılıqlı bəyanatlardan daha artıq addımlar tələb olunur. Əldə edilmiş razılaşmalara əməl olunması, ərazi bütövlüyünə və suverenliyə hörmət, revanşist meyillərdən uzaqlaşma və qonşuluq münasibətlərinin beynəlxalq hüquq əsasında qurulması bu prosesin mühüm şərtləridir. Azərbaycanın yanaşmasında sülh zəiflik deyil, güclü dövlətin öz gələcəyini müəyyənləşdirmək iradəsinin ifadəsidir. Ölkəmiz müharibənin ağır nəticələrini aradan qaldırmaq, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini genişləndirmək, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək və regionda iqtisadi əməkdaşlıq imkanlarını artırmaq istiqamətində fəaliyyət göstərir. Bu məqsədlər Cənubi Qafqazda qarşıdurma məntiqinin yerini əməkdaşlıq məntiqinin tutmasını tələb edir. Ermənistanla münasibətlərdə əldə olunacaq irəliləyiş də məhz bu reallıqlar əsasında qiymətləndirilməlidir. Sülhün möhkəmlənməsi üçün keçmişin təhrif edilməməsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi vacibdir. Azərbaycan sülh gündəliyini irəli sürməklə regionun gələcəyini qarşıdurma üzərində deyil, təhlükəsizlik, sabitlik və qarşılıqlı fayda üzərində qurmağa hazır olduğunu göstərir.

AQEM-in VII Zirvə toplantısı Azərbaycanın beynəlxalq mövqeyinin iki mühüm istiqamətini bir araya gətirdi. Bir tərəfdən ölkəmiz nəqliyyat, rəqəmsallaşma, turizm, təhsil, elm və ətraf mühitin mühafizəsi sahələrində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə töhfə verir. Digər tərəfdən isə beynəlxalq hüququn aliliyini, dövlətlərin suverenliyini və münaqişələrin ədalətli həllini ardıcıl şəkildə müdafiə edir. Bu istiqamətlər bir-birindən ayrı deyil. Davamlı iqtisadi inkişaf üçün təhlükəsizlik, təhlükəsizlik üçün isə qarşılıqlı etimad və hüquqi prinsiplərə hörmət lazımdır. Azərbaycanın sədrliyi dövründə AQEM-in gücləndirilməsinə verilən töhfələr, Bakının yüksək səviyyəli beynəlxalq tədbirlər üçün mühüm məkana çevrilməsi və ölkəmizin sülh gündəliyinə verdiyi töhfə eyni siyasi xəttin müxtəlif təzahürləridir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratmağa yönəlib. Bakıda səsləndirilən mesajın mahiyyəti aydındır: beynəlxalq münasibətlərdə etimadın möhkəmlənməsi üçün ədalət prinsipi qorunmalı, əməkdaşlıq real nəticələrlə müşayiət olunmalı, sülh isə yalnız bəyanatlarda deyil, dövlətlərin konkret davranışında öz təsdiqini tapmalıdır. Azərbaycanın AQEM sədrliyi çərçivəsində qazandığı təcrübə göstərir ki, ölkəmiz bu məqsədlərə çatmaq üçün həm təşəbbüs göstərmək, həm də məsuliyyət daşımaq iqtidarındadır.

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər