Müasir dövrdə Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil, çoxşaxəli və fəal xarici siyasət kursu ölkəmizin coğrafi sərhədlərini aşaraq dünyanın müxtəlif regionları, xüsusilə Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrinin dərinləşməsini şərtləndirir. Son illərdə qlobal miqyasda geoiqtisadi arxitekturanın sürətlə dəyişməsi fonunda Azərbaycan Asiya və Avropa arasında etibarlı körpü rolunu daha da gücləndirmişdir. Bu strateji xəttin məntiqi davamı olaraq, oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin tarixində yeni və keyfiyyətcə fərqli bir mərhələnin əsasını qoydu. Ziyarət çərçivəsində aparılan yüksək səviyyəli danışıqlar və əldə olunan razılaşmalar dövlətlərarası əməkdaşlığın potensialını tam şəkildə ortaya qoydu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laos Prezidentinin səfərinin yekunlarına dair mətbuata verdiyi bəyanatda bu tərəfdaşlığın əsas prioritetlərini diqqətə çatdıraraq vurğulamışdır ki, müzakirə etdiyimiz məsələlərdən biri də bağlantılar və nəqliyyatdır. Dövlət başçısının bu açıqlaması iki ölkə arasındakı əməkdaşlığın praktik müstəviyə keçdiyini və qlobal logistik şəbəkələrə inteqrasiya xarakteri daşıdığını açıq şəkildə nümayiş etdirir.
Laos dənizə çıxışı olmayan, Cənub-Şərqi Asiyanın mərkəzində yerləşən, sürətlə inkişaf edən tranzit və iqtisadi potensiala malik ölkədir. Azərbaycan isə Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) əsas hərəkətverici qüvvələrindən və logistik mərkəzlərindən biridir. Prezident cənab İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunduğu kimi, nəqliyyat və bağlantılar məsələsi həm Avrasiya qitəsinin ümumi ticarət dövriyyəsinin artmasında, həm də dənizə çıxışı olmayan ölkələrin qlobal bazarlara çıxış imkanlarının genişlənməsində müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın sahib olduğu müasir dəmir yolu infrastrukturu, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Laos üçün Avropa və dünya bazarlarına ən qısa, təhlükəsiz və səmərəli çıxış yolunu təmin edə bilər. İki ölkə arasında nəqliyyat əlaqələrinin qurulması və logistik marşrutların inteqrasiyası qarşılıqlı ticarət həcminin artmasına və iqtisadi əməkdaşlığın dərinləşməsinə güclü təkan verəcəkdir.
Nəqliyyat və bağlantılar sahəsində əməkdaşlıq sadəcə fiziki yüddaşımaları deyil, eyni zamanda rəqəmsal tranzit həllərini, gömrük prosedurlarının sadələşdirilməsini və vahid tarif siyasətinin tətbiqini də əhatə edir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılan qabaqcıl nəqliyyat ekosistemi beynəlxalq tərəfdaşlar üçün geniş imkanlar açır. Laos Prezidentinin Azərbaycana səfəri zamanı müzakirə olunan bu məsələlər həm də tərəflərin beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində səylərini birləşdirmək əzmində olduğunu göstərir. Asiya qitəsinin şərqində yerləşən Laos ilə Qafqazın lider dövləti olan Azərbaycan arasında qurulan bu nəqliyyat körpüsü qlobal tədarük zəncirlərinin şaxələndirilməsinə xidmət edir. Dövlət başçılarının siyasi iradəsi sayəsində gələcəkdə iki ölkənin aidiyyəti qurumları arasında birgə işçi qruplarının yaradılması, logistika və tranzit sahəsində təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur ki, bu da əlaqələrin institusional əsaslarını daha da möhkəmləndirəcəkdir.
Prezident cənab İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitin səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycanın xarici siyasətində nəqliyyat-logistika diplomatiyasının nə qədər mühüm yer tutduğunu bir daha təsdiq etdi. Müzakirə olunan bağlantılar və nəqliyyat məsələləri ikitərəfli münasibətlərin çərçivəsini genişləndirərək, iki ölkəni qitələrarası iqtisadi layihələrin fəal iştirakçısına çevirir. Tarixi köklərə və qarşılıqlı etimada əsaslanan Azərbaycan-Laos tərəfdaşlığı nəqliyyat dəhlizlərinin inkişafı sayəsində gələcəkdə daha da güclənəcək, hər iki xalqın rifahına və qarşılıqlı iqtisadi tərəqqiyə əhəmiyyətli töhfələr verəcəkdir.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri