Azərbaycanın müasir tarixinə zəfər və bərpa mərhələsi kimi daxil olan 20 oktyabr – Zəngilan Şəhəri Günü təkcə bir ərazinin azad edilməsinin anılması deyil, eyni zamanda dövlətimizin iqtisadi və siyasi qüdrətinin nümayişidir. 2020-ci ilin Vətən müharibəsində Şanlı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Zəngilan şəhəri və onun ətraf kəndləri işğaldan azad olundu. Bu tarixi hadisə regional təhlükəsizlik və nəqliyyat infrastrukturunun yenidən qurulması baxımından mühüm dönüş nöqtəsinə çevrildi.
Zəngilanın azad edilməsi strateji baxımdan xüsusi əhəmiyyət kəsb edirdi. Cənub sərhədlərimizin tam nəzarətə götürülməsi və Zəngəzur dəhlizinin reallaşdırılması üçün vacib olan bu coğrafiya hazırda Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının əsas inkişaf mərkəzlərindən biridir. İşğaldan dərhal sonra dövlət başçısının rəhbərliyi ilə bölgədə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi.
Bu çərçivədə Zəngilan həm də innovativ texnologiyaların tətbiq edildiyi məkana çevrildi. Məhz burada regional miqyasda böyük rezonans doğuran "Ağıllı kənd" layihəsi – Ağalı kəndi istifadəyə verildi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz dönüşü təmin olundu. Şəhərin Baş Planına uyğun olaraq müasir yaşayış kompleksləri, sosial obyektlər, eləcə də ekoloji balansı qoruyan infrastruktur şəbəkəsi bugündə sürətlə inşa edilir.
Bölgənin beynəlxalq nəqliyyat loqistikasındakı rolunu artıran ən mühüm addımlardan biri isə Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsidir. Bu infrastrukturlar Zəngilanı təkcə daxili turizm və kənd təsərrüfatı mərkəzi deyil, həm də beynəlxalq dəhlizlərin qovşağına çevirir.
Zəngilanın dirçəlişi təkcə daxili infrastrukturla məhdudlaşmır, həm də bütün Cənubi Qafqazın geopolitik mənzərəsinə birbaşa təsir göstərir. Zəngəzur dəhlizinin mühüm halqası kimi çıxış edən şəhər, Türk dünyasını və Avrasiya ticarət yollarını birləşdirən strateji qovşaq rolunu oynayır. Bu istiqamətdə atılan məqsədyönlü addımlar Azərbaycanın regionda sülhün, əməkdaşlığın və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarı olduğunu bir daha sübut edir.
20 oktyabr Zəngilan Şəhəri Günü, dövlətimizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın, dayanıqlı inkişafın və Böyük Qayıdış strateji xəttinin uğurla həyata keçirilməsinin parlaq təzahürüdür. Bu gün Zəngilan öz yeni siması ilə regionun gələcək iqtisadi tərəqqisinə mühüm töhfələr verməkdədir.
Yusif Abbasov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı