Zəngilan rayonu — Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan, Araz çayı boyunca, Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən tarixi Azərbaycan torpağıdır. Rayon 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 27 il düşmən tapdağında qalan rayondan, demək olar ki, əsər-əlamət qalmamışdı; tarixi abidələr dağıdılmış, təbiətə divan tutulmuşdu. Rayon ərazisində yerləşən, Avropanın ən böyük çinar meşəsi olan Bəsitçay qoruğu da yağı düşmən tərəfindən vəhşicəsinə məhv edilmişdi.
İşğalla barışmayan Azərbaycan xalqı böyük səbirsizliklə torpaqlarını azad etmək üçün Ali Baş Komandanın “Döyüş!” əmrini gözləyirdi. Çünki hər kəs yaxşı bilirdi ki, Ermənistan və onun havadarları, xalqımıza qarşı daima məkrli və qərəzli siyasət yürüdən beynəlxalq təşkilatlar bu torpaqları heç vaxt sülh yolu ilə qaytarmayacaq. Nəhayət, o gün gəldi: 2020-ci il sentyabrın 27-də işğala son qoymaq üçün əks-hücum əməliyyatı başladı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz döyüşün ilk saatlarında keçmiş “təmas xətti”ndə yaradılmış çətin istehkamları aşaraq tarixi torpaqlarımızı azad etməyə başladı. Xalq öz liderinin ətrafında sıx birləşərək sarsılmaz bir “Dəmir yumruq” yaratdı. Günlər ötdükcə torpaqlarımız bir-bir azad edilir, hər gün ölkə başçısı xalqımıza müjdəli xəbərlər verirdi.
Təqvim 20 oktyabr 2020-ci il. Dövlət başçısı cənab İlham Əliyev ənənəyə sadiq qalaraq xalqa növbəti müraciətini edir, azad olunan yaşayış məntəqələrinin adlarını sadalayır və əlindəki kağızı qatlayıb kənara qoyaraq bircə kəlmə: “Və...” deyir. Ekran qarşısında cənab Prezidenti səbirsizliklə dinləyən milyonlarla insan bir anlıq nəfəsini tutur. Cənab Prezident davam edir: “Zəngilan şəhəri!”. Xalqın sevincinin həddi-hüdudu yoxdur; küçələrdə sevinc göz yaşları, alqışlar və böyük coşqu yaşanır.
Nəhayət, noyabrın 10-da 44 günlük Vətən müharibəsi Azərbaycanın mütləq qələbəsi ilə başa çatdı. Növbədə isə böyük quruculuq işləri və əhalinin öz doğma ata-baba yurdlarına qayıtması mərhələsi dayanırdı.
Müharibənin bitməsindən qısa müddət sonra cənab Prezident vəziyyətlə yerində tanış olmaq üçün azad olunan ərazilərə səfərlərə başladı. Zəngilana ilk səfər 2020-ci il dekabrın 23-də edildi. 2021-ci il oktyabrın 20-də rayona gələn dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində görülən işlərlə tanış oldu, Zəngilan Beynəlxalq Hava Limanının tikinti gedişatına baxış keçirdi, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin və Rəqəmsal Yarımstansiyanın açılışını etdikdən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Zəngilanda aparılan nəhəng quruculuq işləri təkcə infrastrukturu deyil, həm də tarixi, dini və mədəni abidələrin bərpasını əhatə edir. 2022-ci il mayın 26-da rayona səfər edən Prezident və birinci xanım Zəngilan məscidində aparılan işlərlə tanış oldular, Zəngilan İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular. Mayın 27-də isə Ağalı kəndində inşa edilən “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin rəsmi açılışı baş tutdu.
Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış” proqramı da məhz Zəngilandan başladı. İşğal dövründə rayon mərkəzləri arasında ən son düşmən əlinə keçən Zəngilan, azadlıqdan sonra ilk sakinləri qarşılayan yurd oldu. 2022-ci il iyulun 19-da 10 ailədən ibarət ilk köç karvanı Ağalı kəndinə yola salındı. Ağalı innovativ “Ağıllı kənd” layihəsi ilə tamamilə yenidən qurulan ilk kənddir və burada yaşayış üçün bütün müasir şərait yaradılıb.
2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana növbəti səfərləri zamanı şəhərdə 960 şagirdlik müasir məktəb binasının təməlqoyma mərasimində iştirak etdilər.
2023-cü il mayın 4-də ölkə rəhbəri tərəfindən Zəngilan şəhərində üçmərtəbəli yaşayış kompleksinin təməli atıldı. Həmin ilin sentyabrın 28-də Alıbəyli kəndinin inşasına başlandı, Zəngilan Konqres Mərkəzi və “Cahangirbəyli” Su Elektrik Stansiyası istifadəyə verildi. Eyni zamanda, şəhərdə 2-ci, 3-cü və 4-cü yaşayış komplekslərinin təməli qoyuldu. 2024-cü il mayın 18-də isə Zəngilanda ölkə başçısı tərəfindən “Ağalı” hotelinin, 2 yeni su elektrik stansiyasının və tam bərpa olunmuş Zəngilan məscidinin açılışı edildi, Mincivan qəsəbəsinin təməli atıldı.
Zəngilanda aparılan abadlıq və yenidənqurma işləri sürətlə davam edir. Bütün bu irimiqyaslı layihələr ölkəmizin iqtisadi gücünün real isbatıdır. İşlərin bu cür keyfiyyətli və sürətli idarə olunmasında Prezident İlham Əliyevin mütəmadi yerində baxış keçirməsi və tapşırıqlar verməsi danılmaz rol oynayır. Bu səfərlərin növbəti mərhələsi 2024-cü il oktyabrın 3-də baş tutdu. Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışını edən ölkə başçısı Zəngilan şəhərindəki 104 mənzilli yaşayış kompleksində və Zəngilan İstirahət Kompleksində aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış oldu.
Bu gün Zəngilana həyat yenidən qayıdıb. Sakinlər mərhələli şəkildə öz doğma yurdlarına köçürülür, Şərqi Zəngəzurun bu cənnət guşəsi sürətlə çiçəklənməyə davam edir.
Elxan Rəcəbov
YAP Masallı rayon təşkilatının fəal üzvü