Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü öz əhəmiyyətinə görə fərqlənir. Qeyd edək ki, AQEM-in çağırılması təşəbbüsü ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal platformanın yaratmaqdır. Təşəbbüs bir sıra dövlətlər, o cümlədən Azərbaycan tərəfindən dəstəklənib.
Hazırda təşkilatın 30-a yaxın üzvü var. Bundan əlavə, 10 ölkə (ABŞ, Belarus, İndoneziya, Yaponiya, Malayziya, Laos, Filippin, Ukrayna, Türkmənistan, Səudiyyə Ərəbistanı), həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, TürkPA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər. 2024-cü ilin 17 dekabr tarixində keçirilmiş AQEM-in Nazirlər İclasında Müşavirənin sədrliyi Qazaxıstandan Azərbaycana keçmişdir. Azərbacyanın sədrliyi altında təşkilat bir sıra ugurlara imza atıb. Bu müddət ərzində bir sıra istiqamətlərdə mühüm sənədlər qəbul olunub. Tədbirlər keçirilib. İqtisadi, humanitar və ekoloji ölçülər də daxil olmaqla, sektorlararası qarşılıqlı əlaqələrin gücləndirilməsi və prioritet kimi müəyyən olunmuş bağlantılar, rəqəmsallaşma və dayanıqlılığın təşviq olunub.
Təşkilatın Bakıda keçirilən 7-ci toplantısında çıxış edən Prezident İlham Əliyev mühüm mesajlar verib. Qeyd edib ki, müharibə bizim seçimimiz olmayıb: “Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar.
Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.
Ümumilikdə onu da bildirək ki, toplantıda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq mövqeyini yalnız siyasi münasibətlər müstəvisində deyil, regional inkişaf və qarşılıqlı fayda prinsipləri əsasında da dəyərləndirməyə imkan verir.Onu da bildirək ki, Azərbaycanın sədrliyinin 2028-ci ilədək uzadılması təşkilatın qarşıdakı dövrdə fəaliyyət prioritetlərinin davam etdirilməsi üçün əlavə imkanlar yaradır. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafındakı rolu AQEM çərçivəsində bağlantıların gücləndirilməsi üçün əhəmiyyətli potensial yaradır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı