Bir zamanlar Zəngilan rayonunu böyük niskilliklə xatırlayardıq. Yadımdadır, məktəb dövründə gündəliyimizin son səhifəsində işğala məruz qalmış regionlarımızın adı və zəbt olunduğu tarix xronoloji ardıcıllıqla göstərilərdi. Ən son hissəsində isə Azərbaycanın xəritəsi təsvir olunar və işğal olunmuş ərazilərimiz xüsusi rənglə fərqləndirilərdi. Biz məktəblilər bütün bunları biraz kədər və daha çox qəzəblə seyr edərək işğalın uzun sürməyəcəyinə inanırdıq. Biz Dövlət Başçımızın yürütdüyü siyasəti dəstəkləyərək Zəfər gününün yaxın olduğuna şübhə etmirdik.
Nəhayət, 2020-ci il sentyabrın 27-də vətənpərvərlik ruhunda böyümüş bizim nəsil gənclər Vətənin azadlığı uğrunda döyüşə qalxdı, düşməni məğlub edərək əzəli torpaqlarımızı geri qaytardı. Heç kim bizim əzmimizi qıra bilmədi. Sonda o “Dəmir yumruq” düşmənin başını əzdi. Oktyabrın 20-də Zəngilan şəhəri və rayonun bir sıra kəndləri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il 20 oktyabr Zəngilan Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunmağa başladı.
Zəngilan Zəngəzur dəhlizinin əsas qovşağıdır. Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə bağlayan magistral avtomobil və dəmir yolları məhz Zəngilandan keçir. İşğaldan azad edilmiş ərazilərdə ilk “Ağıllı kənd” layihəsi də məhz Zəngilanın Ağalı kəndində həyata keçirilmiş və ilk sakinlərin öz dogma yurdlarına qayıdışı da burada baş vermişdir.
2020-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilmişdir. Bu da turizm və loqistika potensialını artırmaqda böyük rol oynadı. Zəngilan rayonunda bərpa olunan enerji mənbələrindən (günəş, su və külək enerjisi) geniş istifadə olunur. Həkəri çayı üzərində tikilən su elektrik stansiyaları və smart idarəetmə sistemləri regionu tam şəkildə ekoloji təmiz enerji ilə təmin etməyə yönəlmişdir. Zəngilan rayonunun mərkəzində Baş Plan əsasında tikilən müasir yaşayış kompleksləri, social obyektlər və inzibati binalar şəhərsalmanın ən son standartlarına cavab verir.
20 oktyabr- Zəngilan Şəhəri Günü yalnız hərbi qələbənin ildönümü deyil, eyni zamanda işğaldan azad olunmuş torpaqların, sürətli intibahın, müasir texnologiyalara cavab verən inkişafın, Böyük Qayıdışın təntənəsidir. Zəngəzur dəhlizində oynadığı mühüm rol, “ağıllı” infrastruktur və “yaşıl enerji” layihələri Zəngilanın taleyində tarixi dönüşə çevrildi. Bu torpaqlarda ucalan hər yeni bina, salınan yol və dogma yurda qayıdan hər ailə Zəngilanın tarixində yeni səhifə açdı.
Torpaqlarımız işğaldan azad edildikdən sonra, bir az öncə qeyd etdiyim məktəb gündəliklərinin sonundakı bu bölmə “İşğaldan azad olunmuş rayonlarımızın Zəfər tarixləri” ilə əvəz edildi.
Əliəskərova Nuray,
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini