Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının Gigiyena və Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə çıxış edən YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində qarşıya qoyulan vəzifələrə toxunaraq, partiya təşkilatlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğun qurulmasının, ideoloji işin gücləndirilməsinin və üzvlərin ictimai-siyasi fəallığının artırılmasının vacibliyini qeyd edib. O, dövlət siyasətinin əsas istiqamətlərinin ictimaiyyətə çatdırılmasında, milli həmrəyliyin möhkəmləndirilməsində və müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində hər bir partiya üzvünün üzərinə düşən məsuliyyətdən danışıb.
YAP-ın VIII Qurultayının rayon üzrə nümayəndəsi, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev qurultayda iştirakından irəli gələn təəssüratlarını bölüşərək, Prezident İlham Əliyevin nitqində səsləndirilən fikirlərin və müəyyənləşdirilən strateji istiqamətlərin əhəmiyyətini vurğulayıb. O, ölkənin gələcək inkişafı, dövlətçilik prinsiplərinin qorunması və cəmiyyətdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi prosesində ziyalıların üzərinə düşən vəzifələrə diqqət çəkib.
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri, ərazi partiya təşkilatının sədri Validə Həsənova çıxışında Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının və məsuliyyətinin əhəmiyyətini vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrinin qorunması, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının dəstəklənməsi və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində hər bir partiya üzvünün üzərinə düşən vəzifələrdən danışıb.