1988-ci ildən etibarən Ermənistanla 120 kilometr, Dağlıq Qarabağla isə 45 kilometr sərhədə malik olan Qubadlı rayonu təcavüzkar qüvvələrin davamlı hücumlarına məruz qalmışdır. Dinc əhaliyə qarşı törədilən terror aktları mütəmadi xarakter almış və nəticədə 1993-cü ilin 31 avqust tarixində rayon tamamilə işğal olunmuşdur.
27 illik işğala 2020-ci ildə son qoyuldu. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları çərçivəsində oktyabrın 25-də Qubadlı şəhəri düşmən tapdağından azad edildi. Rayonun şərqində yerləşən Cəbrayıl istiqamətində düşmənə vurulan sarsıdıcı zərbələr və cənubda Zəngilan rayonunda qısa müddətdə əldə olunan uğurlar Silahlı Qüvvələrimizin Qubadlı rayonunun inzibati sərhədlərinə çıxmasına şərait yaratdı.
Qubadlı əməliyyatı zamanı əvvəlcə şəhərə hakim olan strateji yüksəkliklər ələ keçirildi. Peşəkarlıqla icra olunan döyüş taktikası nəticəsində oktyabrın 25-də şəhər tam nəzarətə götürüldü. Düşmənin müqaviməti qırıldı, geri çəkilməyə məcbur edilərək ağır itkilərə məruz qaldı. Döyüşlər zamanı Ermənistan ordusunun xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi.
Qubadlının azad olunması tarixi hadisə olmaqla yanaşı, Böyük Qələbəmizi yaxınlaşdıran həlledici qələbələrdən biri idi. Strateji baxımdan Qubadlı rayonunun işğaldan təmizlənməsi Azərbaycan üçün mühüm üstünlük yaratdı. Belə ki, rayon qərb istiqamətində 120 kilometr məsafədə Ermənistanla həmsərhəddir və onun azad edilməsi ilə Azərbaycan həmin sərhəd xətti üzərində tam nəzarəti bərpa etdi.Vətən müharibəsində göstərdikləri igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15 min 189 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən olunmuşdur. Bu il xalqımız bu qürurlu günü 6-cı dəfə böyük iftixar hissi ilə qeyd edir.
İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Qubadlıda da bu gün genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Qubadlının yeni inkişaf mərhələsi başlanıb.
Dövlətin diqqət və qayğısı nəticəsində Qubadlı qısa müddətdə ölkənin ən abad və müasir rayonlarından birinə çevrilməkdədir. Aparılan quruculuq işləri Azərbaycan xalqının yaradıcı gücünün və sarsılmaz iradəsinin bariz nümunəsidir. Qubadlı Şəhəri Günü bu dirçəlişin, görülən böyük işlərin və işıqlı gələcəyin bayramı kimi qeyd olunur. Yenidən dirçələn hər qarış torpaq Azərbaycan dövlətinin gücünü dünyaya nümayiş etdirir. Qubadlı bu gün yeni tarixini, ölümsüz dirçəliş salnaməsini yazır.
Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri