Azərbaycanın hər bir bölgəsi özünəməxsus təbii şəraiti, relyefi, iqlimi və təsərrüfat ənənələri ilə seçilir. Bu baxımdan Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm ərazilərindən biri olan Qubadlı xüsusi coğrafi xüsusiyyətlərə malikdir. Dağlıq sahələrin, dağətəyi düzənliklərin, çay vadilərinin və meşəliklərin bir-birini əvəz etdiyi bu diyar təbii komponentlərin qarşılıqlı əlaqəsini öyrənmək üçün maraqlı coğrafi məkandır. Qubadlının təbiətini səciyyələndirən əsas xüsusiyyət onun relyef müxtəlifliyi ilə iqlim, su ehtiyatları və kənd təsərrüfatı arasında yaranmış təbii uyğunluqdur.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərq hissəsində yerləşir. Rayonun ərazisi 802 kvadratkilometrdir. Qərbdən Ermənistanla, şimaldan Laçın, şərqdən Xocavənd və Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Bu mövqe Qubadlının həm təbii-coğrafi xüsusiyyətlərinin, həm də regional əlaqələrinin formalaşmasına təsir göstərir. Rayonun coğrafi mövqeyi onun dağlıq ərazilərlə düzənlik sahələr arasında keçid xüsusiyyətlərini aydın şəkildə nümayiş etdirir.
Qubadlının relyefi əsasən dağlıqdır. Ərazinin bir hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamaclarını, digər hissələri isə Bərgüşad silsiləsinin şərq sahələrini və Qarabağ yaylasının cənub-şərq qurtaracağını əhatə edir. Topağac dağı rayonun yüksək dağlıq relyefini səciyyələndirən əsas yüksəkliklərdəndir. Dağlardan çay vadilərinə doğru hərəkət etdikcə yüksəklik azalır, yamaclar tədricən maili səthlərə və düzənliklərə keçir. Xüsusilə Bərgüşad və Həkəri çayları arasında yerləşən Yazı düzü əkinçilik üçün əlverişli sahələrdən biri kimi seçilir. Belə relyef müxtəlifliyi torpaq örtüyünün, bitki aləminin və təsərrüfat istiqamətlərinin ərazi üzrə fərqli paylanmasına səbəb olur.
Rayonun iqlimi də relyef xüsusiyyətləri ilə sıx bağlıdır. Ərazidə əsasən mülayim isti və quru subtropik iqlim xüsusiyyətləri müşahidə olunur. Lakin yüksəklik fərqləri temperatur və rütubət şəraitinin bütün ərazidə eyni olmadığını göstərir. Nisbətən alçaq sahələrdə yay daha isti, qış isə mülayim keçdiyi halda, yüksək dağlıq ərazilərdə temperatur aşağı düşür və soyuq dövr daha sərt olur. Yağıntının ərazi üzrə paylanması da yüksəklikdən və relyefdən asılıdır. Bu fərqlər bitkilərin vegetasiya müddətinə, əkin sahələrinin yerləşməsinə və heyvandarlığın inkişaf imkanlarına təsir edir.
Qubadlının təbii sərvətləri sırasında su ehtiyatları xüsusi yer tutur. Həkəri və Bərgüşad çayları, eləcə də onların qolları rayonun hidroqrafik şəbəkəsinin əsasını təşkil edir. Çaylar və bulaqlar təbii landşaftların formalaşmasında, bitki örtüyünün zənginləşməsində və kənd təsərrüfatı sahələrinin su ilə təminatında mühüm rol oynayır. Çay vadilərində məskunlaşmanın geniş yayılması da su ehtiyatlarının insanların həyatında oynadığı ropla bağlıdır. Suvarma imkanları, torpağın münbitliyi və əlverişli temperatur şəraiti bir sıra ərazilərdə əkinçiliyin inkişafına şərait yaradır.
Rayonun torpaq və bitki örtüyü onun təbii-coğrafi zənginliyini tamamlayır. Ərazidə qəhvəyi dağ-meşə torpaqları, kolluqlar, çəmənliklər və enliyarpaqlı meşələr yayılmışdır. Palıd, fıstıq və vələs kimi ağac növlərinə rast gəlinən meşələr torpağın qorunması, su rejiminin tənzimlənməsi və biomüxtəlifliyin saxlanması baxımından əhəmiyyətlidir. Dağlıq sahələrdə meşə və çəmən landşaftları, alçaq ərazilərdə isə əkinçilik üçün əlverişli torpaqlar üstünlük təşkil edir. Bu mənzərə təbiətin ayrı-ayrı komponentlərinin bir-biri ilə necə əlaqəli olduğunu aydın göstərir.
Qubadlının iqtisadi həyatında tarixən kənd təsərrüfatı aparıcı yer tutmuşdur. Rayonun əsas təsərrüfat sahələrinə taxılçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və heyvandarlıq daxil olmuşdur. Bu sahələrin inkişafı təbii şəraitin xüsusiyyətləri ilə əlaqədardır. Taxılçılıq düzən və nisbətən maili ərazilərdə, heyvandarlıq isə dağlıq sahələrin otlaq və biçənəklərində inkişaf etmək imkanına malikdir. Üzümçülük və digər bitkiçilik sahələri üçün əlverişli temperatur şəraiti, münbit torpaq və su ehtiyatları mühüm amillərdir. Beləliklə, rayonun təsərrüfat quruluşu təbii ehtiyatlardan səmərəli istifadə ənənələri əsasında formalaşmışdır.
Qubadlının gələcək inkişafı üçün də bu təbii-coğrafi üstünlüklərin düzgün qiymətləndirilməsi vacibdir. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası, suvarma sistemlərinin yenilənməsi, torpaq ehtiyatlarının qorunması və meşələrin mühafizəsi uzunmüddətli inkişafın əsas istiqamətlərindəndir. Eyni zamanda, dağlıq landşaftların qorunması, su ehtiyatlarından qənaətlə istifadə və ekoloji tarazlığın saxlanması iqtisadi fəaliyyətlə təbiət arasında sağlam münasibətin qurulmasını tələb edir.
Qubadlı coğrafiyası ilə yalnız xəritədə müəyyən edilən ərazi deyil, təbiət və insan fəaliyyətinin qarşılıqlı əlaqəsini əks etdirən bütöv bir sistemdir. Dağları, çayları, meşələri, münbit torpaqları və təsərrüfat ənənələri bu diyarın inkişaf potensialını müəyyənləşdirir. Onun təbii sərvətlərini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və gələcək nəsillərə sağlam ekoloji mühit ötürmək Qubadlının davamlı inkişafının əsas şərtlərindəndir.
Bulud Bağırlı
YAP Sədərək rayon təşkilatı
Heydərabad qəsəbə tam orta məktəbin ƏPT sədr müavini