PDF Oxu

Siyasət

  • 577

Müharibənin gedişatında dönüş nöqtəsi - ŞƏRH

Müharibənin gedişatında dönüş nöqtəsi - ŞƏRH


2020-ci il oktyabrın 25-i Azərbaycanın yaxın tarixində xüsusi yer tutan günlərdən biridir. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edildiyini xalqa müjdələdi. Bu xəbər təkcə bir yaşayış məntəqəsinin geri qaytarılması demək deyildi. Qubadlının azad olunması Vətən müharibəsinin gedişatında həlledici dönüş nöqtələrindən biri sayıldı.
Qubadlının strateji əhəmiyyəti coğrafi mövqeyindən irəli gəlir. Rayon Qarabağ yaylasının cənub-şərqində yerləşir və bölgənin müxtəlif istiqamətlərini bir-birinə bağlayan yollar üzərindədir. Cəbrayıl, Füzuli və Zəngilanın ardınca Qubadlının azad olunması düşmənin cənub istiqamətindəki müdafiə sistemini ciddi şəkildə zəiflətdi. Ordumuz Araz çayı boyunca irəliləyərək dövlət sərhədinin böyük hissəsinə nəzarəti bərpa etdi. Bu, əməliyyatların sonrakı mərhələlərində hərbi üstünlüyün möhkəmlənməsinə şərait yaratdı.
Qubadlı uğuru həm də döyüş ruhunun və peşəkarlığın göstəricisi oldu. Çətin dağlıq relyefə, uzun illər qurulmuş istehkamlara baxmayaraq, Azərbaycan Ordusu planlı və ardıcıl hərəkət edərək qısa müddətdə nəticə əldə etdi. Əsgər və zabitlərimiz böyük şücaət nümayiş etdirdilər, şəhidlərimiz isə bu qələbənin əsl bünövrəsini qoydular.
Qubadlının azad edilməsi cəbhədəki vəziyyətlə yanaşı, cəmiyyətin əhval-ruhiyyəsinə də güclü təsir etdi. İşğalın ağrısını otuz ilə yaxın daşıyan insanlar ilk dəfə Qələbənin real olduğuna əmin oldular. Doğma yurdundan didərgin düşmüş qubadlılılar üçün isə bu, qayıdışa gedən yolun açılması idi.
Prezidentin sözləri ilə desək, Qubadlının azad edilməsi qələbəmizi yaxınlaşdırdı. Doğrudan da, bu hadisədən sonra Şuşanın və digər torpaqlarımızın azad olunması gündəmə gəldi və 44 günlük müharibə Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd olunur və hər il minnətdarlıq hissi ilə yad edilir.

Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı

Digər xəbərlər