PDF Oxu

Siyasət

  • 606

Zəfərdən quruculuğa uzanan yol

Zəfərdən quruculuğa uzanan yol

Azərbaycanın müasir tarixində özünəməxsus yeri olan Qubadlı şəhərinin işğaldan azad edilməsindən altı il ötür. 25 oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, milli birliyini, azadlıq əzmini və doğma torpaqlara qayıdış iradəsini özündə birləşdirən əlamətdar tarixdir. Bu gün yalnız Qubadlı sakinləri üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün böyük qürur və sevinc mənbəyidir.
2020-ci il oktyabrın 25-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük şücaət, peşəkarlıq və fədakarlıq nümayiş etdirərək Qubadlı şəhərini işğaldan azad etdi. Strateji əhəmiyyətə malik olan bu şəhərin azad edilməsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə gedən yolda mühüm mərhələlərdən biri oldu. Qubadlı uğrunda aparılan döyüşlər Azərbaycan əsgərinin döyüş ruhunu, Vətən sevgisini və qarşıya qoyulan məqsəd uğrunda qətiyyətini bir daha nümayiş etdirdi. Bu qələbə xalqımızın sarsılmaz iradəsinin, ordumuzun gücünün və milli həmrəyliyimizin təntənəsi idi.
Qubadlının azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addım olmaqla yanaşı, işğal altında olan digər torpaqlarımızın azad edilməsinə də öz töhfəsini verdi. Bu tarixi nailiyyətin arxasında şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, hərbçilərimizin qəhrəmanlığı və bütöv bir xalqın illərlə yaşatdığı azadlıq arzusu dayanır. Buna görə də Qubadlı Zəfəri xalqımızın yaddaşında daim yaşayacaq, gələcək nəsillər üçün vətənpərvərlik və qəhrəmanlıq nümunəsi olacaqdır.
Qubadlı Şəhəri Gününün təsis edilməsi də bu tarixi hadisəyə verilən yüksək dəyərin ifadəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis olunması Zəfər tariximizin yaşadılması, milli yaddaşımızın qorunması və tarixi hadisələrin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu əlamətdar gün hər il Qubadlının azadlığı uğrunda mübarizə aparan qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmək, qazanılmış tarixi nailiyyətləri bir daha dəyərləndirmək üçün imkan yaradır.
Bu gün Qubadlı yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Qubadlının da gələcək inkişafı üçün mühüm zəmin yaradır. Şəhərdə və rayonun digər yaşayış məntəqələrində infrastrukturun bərpası, yolların çəkilməsi, sosial obyektlərin yaradılması və yaşayış mühitinin yenidən qurulması istiqamətində görülən işlər doğma yurdların dirçəldilməsinə xidmət edir. Bu proses dövlətimizin işğaldan azad edilmiş ərazilərin hərtərəfli inkişafına, həmin torpaqlarda təhlükəsiz və dayanıqlı həyat şəraitinin yaradılmasına xüsusi önəm verdiyini göstərir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq siyasətinin əsas məqsədlərindən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etməkdir. Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər insanların öz doğma yurdlarında yenidən məskunlaşmasına, sosial həyatın bərpasına və iqtisadi fəallığın artırılmasına yönəlib. Qubadlının gələcək inkişafı da bu prosesin mühüm istiqamətlərindən biridir. Doğma torpaqlarda yeni həyatın qurulması təkcə şəhər və kəndlərin fiziki baxımdan bərpası deyil, həm də insanların illərlə qəlblərində yaşatdıqları qayıdış arzusunun gerçəkləşməsi deməkdir.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıya səfəri zamanı şəhərdə Azərbaycan bayrağının ucaldılması dövlət suverenliyinin, tarixi ədalətin və milli qürurun rəmzinə çevrilən əlamətdar hadisələrdən biri kimi yadda qalıb. Bu gün həmin bayrağın dalğalandığı Qubadlıda aparılan bərpa işləri Azərbaycanın qələbədən sonra quruculuğa, inkişaf və tərəqqiyə istiqamətlənən siyasətinin ardıcıl xarakter daşıdığını nümayiş etdirir.
Qubadlı Şəhəri Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Altı il əvvəl qazanılan tarixi Zəfər bu gün bərpa-quruculuq işləri, inkişaf təşəbbüsləri və doğma torpaqlara qayıdış prosesi ilə davam edir. Əminliklə demək olar ki, Qubadlı qarşıdakı illərdə də inkişaf edən, müasirləşən və yeni uğurlara imza atan Azərbaycan şəhərlərindən biri kimi öz tarixi mövqeyini möhkəmləndirəcəkdir.
Qubadlının dirçəlişi xalqımızın birliyinin, dövlətimizin gücünün və tarixi torpaqlarımıza bağlılığımızın parlaq təcəssümüdür. Bu gün azad Qubadlı gələcəyə inamla addımlayır və Azərbaycanın Zəfər tarixinin qürurverici səhifələrindən biri olaraq yaşayır.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Digər xəbərlər