PDF Oxu

Siyasət

  • 587

Müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunun əsasıdır

Müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunun əsasıdır

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın müasir inkişaf mərhələsinin strateji istiqamətlərini müəyyənləşdirməklə yanaşı, dövlətimizin xarici siyasət fəlsəfəsini, beynəlxalq münasibətlər sistemində artan rolunu və qarşıda duran mühüm vəzifələri aydın şəkildə ortaya qoydu. Dövlət başçısının fikirləri göstərdi ki, Azərbaycan üçün xarici siyasət yalnız dövlətlərarası əlaqələrin qurulması deyil, milli maraqların qorunması, suverenliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi vasitəsidir.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini səciyyələndirərək bildirdi: “İkincisi, indi bir çox ölkələr müxtəlif düşərgələrə üzv olublar, yaxud da ki, olmaq istəyirlər. Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil. Ərazisi və əhalisi o qədər də böyük olmayan ölkə üçün müstəqil bir amil kimi dünya miqyasında dayanmaq və hörmət qazanmaq, əlbəttə ki, asan deyil”. Bu fikirlər Azərbaycanın müstəqil xarici siyasət kursunun mahiyyətini ifadə edir. Müasir dünyada geosiyasi rəqabətin gücləndiyi, dövlətlərin müxtəlif siyasi və iqtisadi bloklar ətrafında cəmləşdiyi bir şəraitdə müstəqil mövqe saxlamaq böyük siyasi iradə və strateji düşüncə tələb edir. Azərbaycanın yanaşması hər hansı güc mərkəzinin maraqlarına tabe olmaq deyil, müxtəlif tərəfdaşlarla qarşılıqlı hörmət və fayda əsasında əməkdaşlıq qurmaqdır. Bu siyasət ölkəmizə beynəlxalq münasibətlərdə çevik davranmaq, milli maraqlarını qorumaq və dəyişən geosiyasi şəraitdə müstəqil qərarlar qəbul etmək imkanı yaradır.
Dövlət başçısının çıxışında Azərbaycanın beynəlxalq etibarlılığı və sözünə sadiqliyi də xüsusi əhəmiyyət daşıyır. Prezidentin fikirlərinin ümumi məzmunundan aydın olur ki, dövlətin nüfuzu yalnız bəyanatlarla deyil, konkret siyasi addımlarla, əldə olunmuş razılaşmalara əməl etməklə və ardıcıl mövqe nümayiş etdirməklə formalaşır. Beynəlxalq əməkdaşlıqda etimadın mövcudluğu tərəfdaşların uzunmüddətli münasibətlər qurmasına, siyasi dialoqun inkişafına və qarşılıqlı maraqların təmin olunmasına zəmin yaradır. Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinin genişlənməsi və beynəlxalq təşəbbüslərdə fəal iştirakı bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Azərbaycanın aparıcı dünya dövlətləri ilə münasibətlərinə toxunaraq bildirdi: “Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur”. Bu fikir ölkəmizin çoxşaxəli xarici siyasətinin əhəmiyyətini nümayiş etdirir. Dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı Azərbaycanın beynəlxalq əlaqələrinin genişliyini, siyasi dialoq imkanlarını və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq potensialını göstərir. Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan müxtəlif güc mərkəzləri ilə əlaqələrini inkişaf etdirərkən müstəqil dövlət mövqeyini qoruyur. Bu yanaşma iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində yeni imkanların yaranmasına xidmət edir.
Ölkəmizin beynəlxalq təşkilatlardakı mövqeyi də çıxışın mühüm istiqamətlərindən biridir. Azərbaycanın beynəlxalq platformalarda iştirakı, müxtəlif dövlətlərlə əməkdaşlıq formatlarının genişləndirilməsi və regional təşəbbüslərdə fəallığı onun diplomatik imkanlarını artırır. Prezidentin Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Coğrafi baxımdan müxtəlif regionlarda yerləşən dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat və enerji əlaqələrinin inkişafı Azərbaycanın regional əməkdaşlıqda birləşdirici rolunu gücləndirir. Bu, ölkəmizin xarici siyasətinin yalnız mövcud əlaqələri qorumağa deyil, yeni tərəfdaşlıq imkanları yaratmağa yönəldiyini göstərir.
Dövlət başçısının xarici siyasətin gələcək istiqamətləri ilə bağlı səsləndirdiyi fikir xüsusi diqqətə layiqdir: “Sadəcə olaraq, bundan sonra da vəzifələr sırasında xarici siyasətimizin müdafiəyönümlü yox, həm aktiv, daha çox fəalyönümlü olması lazımdır”. Bu yanaşma Azərbaycanın beynəlxalq proseslərdə yalnız baş verən hadisələrə münasibət bildirməsini deyil, təşəbbüslər irəli sürməsini, yeni əməkdaşlıq formatları yaratmasını və regional problemlərin həllində daha fəal rol oynamasını nəzərdə tutur. Fəal xarici siyasət ölkənin iqtisadi potensialının genişlənməsi, investisiyaların cəlb edilməsi, nəqliyyat dəhlizlərinin inkişafı və beynəlxalq dialoq üçün etibarlı platforma kimi mövqeyinin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir. Beləliklə, Azərbaycanın qarşısında duran vəzifə əldə olunmuş uğurları qorumaqla yanaşı, onları yeni diplomatik təşəbbüslərlə daha da inkişaf etdirməkdir.
Xarici siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycanın təhlükəsizliyinin və suverenliyinin qorunmasıdır. Prezident İlham Əliyev dünyada münaqişələrin artmasına və beynəlxalq hüququn təsir imkanlarının zəifləməsinə diqqət çəkərək ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini əsaslandırdı. Bu yanaşma göstərir ki, sülhə və əməkdaşlığa üstünlük vermək təhlükəsizlik məsələlərinə laqeyd yanaşmaq demək deyil. Əksinə, güclü müdafiə potensialı dövlətin müstəqil qərarlarının qorunmasına, mümkün təhdidlərin qarşısının alınmasına və davamlı sülh üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.
Çıxışın mühüm siyasi mesajlarından biri də Azərbaycanın hərbi qələbədən sonra sülhün təmin olunmasına üstünlük verməsidir. Prezidentin “Bizə əbədi müharibə lazım deyil, bu bizim seçimimiz olmayıb” fikri ölkəmizin strateji məqsədinin davamlı qarşıdurma deyil, təhlükəsiz gələcək və regional sabitlik olduğunu ifadə edir. Bu mövqe Azərbaycanın sülhə münasibətini, gələcək nəsillərin təhlükəsizliyinə verdiyi əhəmiyyəti və regionda sabitliyin təmin olunmasına marağını əks etdirir. Davamlı sülhün qurulması üçün qarşılıqlı öhdəliklərə əməl olunması, etimadın yaradılması və dövlətlərin suverenliyinə hörmət vacib şərtlərdir.
Prezidentin çıxışında ideoloji təhlükəsizlik və informasiya mühitində milli maraqların qorunması məsələləri də ön plana çəkildi. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı dövlətlərin qarşısında yeni çağırışlar yaradır. Bu şəraitdə ölkənin beynəlxalq nüfuzunun qorunması yalnız diplomatik fəaliyyətdən deyil, həqiqətlərin düzgün çatdırılmasından, informasiya təhlükəsizliyinin təmin edilməsindən və cəmiyyətin maarifləndirilməsindən də asılıdır. Yeni Azərbaycan Partiyasının üzvləri və fəalları ölkəmizin nailiyyətlərini əsaslandırılmış şəkildə ictimaiyyətə çatdırmaqla, milli maraqları müdafiə etməklə və dövlətçilik düşüncəsinin möhkəmlənməsinə töhfə verməklə bu prosesdə mühüm rol oynaya bilərlər.
Beləliklə, YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini — müstəqillik, milli maraqlara sadiqlik, etibarlı tərəfdaşlıq, fəal diplomatiya və təhlükəsizliyin təmin olunmasını — bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının fikirlərindən irəli gələn əsas nəticə budur ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi ardıcıl siyasət, milli birlik və dəyişən dünya reallıqlarına uyğun strateji qərarlar tələb edir. Müstəqil xarici siyasət ölkəmizin yalnız bugünkü uğurlarının deyil, gələcək inkişafının da mühüm təminatıdır. Qarşıya qoyulan məqsəd milli maraqlarını qətiyyətlə qoruyan, tərəfdaşları ilə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edən və regionda davamlı sülhə töhfə verən güclü Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırmaqdır.

Digər xəbərlər