PDF Oxu

Siyasət

  • 911

Azərbaycanın dialoq və əməkdaşlıq ənənələri beynəlxalq münasibətlərdə - ŞƏRH

Azərbaycanın dialoq və əməkdaşlıq ənənələri beynəlxalq münasibətlərdə - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edərək ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyi, cəmiyyətdə hökm sürən milli həmrəylik, multikulturalizm ənənələri və qlobal əməkdaşlığın perspektivləri barədə mühüm fikirlər səsləndirib.

Dövlət başçısı çıxışında forumun müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, beynəlxalq gündəlikdə yer alan aktual məsələlərin müzakirəsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və dövlətlər arasında etimadın möhkəmləndirilməsi müasir dövrün mühüm tələblərindəndir. Münaqişələrin, siyasi qarşıdurmaların və qarşılıqlı etimadsızlığın artdığı bir şəraitdə dialoq üçün ortaq platformaların mövcudluğu xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Azərbaycanın coğrafi mövqeyinə və tarixi ənənələrinə toxunaraq ölkəmizin əsrlər boyu Avropa ilə Asiya arasında mədəni körpü rolunu oynadığını qeyd edib. Vurğulayıb ki, multikulturalizm, dini və etnik dözümlülük xalqımızın həyat tərzinin ayrılmaz hissəsidir. Müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrinin Azərbaycanda qarşılıqlı hörmət şəraitində yaşaması cəmiyyətimizin əsas xüsusiyyətlərindən biridir.
Dövlət başçısının sözlərinə görə, ölkəmizdə sabitliyin və inkişafın mühüm amillərindən biri cəmiyyətdəki həmrəylik və qarşılıqlı anlaşmadır. Azərbaycançılıq ideyası müxtəlif etnik və dini mənsubiyyətə malik insanları vahid milli kimlik ətrafında birləşdirir. Bu birlik ölkəmizin müstəqillik tarixinin ən çətin mərhələlərində də özünü göstərib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə xalqımızın nümayiş etdirdiyi həmrəylik milli birliyin və ortaq məqsədlər ətrafında səfərbərliyin təzahürü olub.
Çıxışın diqqət çəkən istiqamətlərindən biri də beynəlxalq münasibətlərdə ikili standartlar məsələsi olub. Prezident İlham Əliyev bildirib ki, beynəlxalq hüququn prinsipləri bütün dövlətlərə münasibətdə eyni şəkildə tətbiq edilməlidir. Dövlətlərin suverenliyinə, müstəqilliyinə və xalqların öz gələcəyini müəyyənləşdirmək hüququna hörmət beynəlxalq münasibətlərin əsasını təşkil etməlidir. Hər hansı ölkəyə qarşı fərqli meyarların tətbiqi, beynəlxalq təşkilatların qərarlarının seçici yanaşma ilə qiymətləndirilməsi ədalət və etimad prinsiplərinə ziddir.
Dövlət başçısı Azərbaycanın öz siyasətini müstəqil şəkildə müəyyənləşdirdiyini və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə əsaslandığını diqqətə çatdırıb. Eyni zamanda, ölkəmizin də digər dövlətlərdən qarşılıqlı hörmət və bərabər münasibət gözlədiyini vurğulayıb. Bu yanaşma beynəlxalq əməkdaşlıqda qarşılıqlı etimadın qorunması, dövlətlər arasında münasibətlərin sağlam prinsiplər əsasında qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolundan da bəhs edib. Qeyd edib ki, ölkəmiz qarşıya qoyduğu məqsədlərə öz imkanlarına, xalqının iradəsinə və müstəqil siyasətinə əsaslanaraq nail olub. Azərbaycanın iqtisadi potensialının artması, xarici siyasət əlaqələrinin genişlənməsi, enerji və nəqliyyat sahələrində beynəlxalq rolunun güclənməsi ölkənin regional və qlobal proseslərdə iştirakını daha da genişləndirib. Dövlət başçısı Azərbaycanın mürəkkəb regional şəraitdə sabitlik amili kimi çıxış etdiyini də vurğulayıb.
Çıxışda regionda sülhün və təhlükəsizliyin təmin olunması məsələsinə də toxunulub. Prezident İlham Əliyev müharibələrin başlanmasının asan, onların başa çatdırılmasının isə çətin olduğunu diqqətə çatdıraraq münaqişələrin həllində siyasi iradənin, beynəlxalq hüququn və real sülh təşəbbüslərinin vacibliyini qeyd edib. Azərbaycanın münaqişədən sonrakı mərhələdə sülhə üstünlük verməsi və regionda yeni əməkdaşlıq imkanlarının yaradılmasına yönələn yanaşması da çıxışın əsas məqamları sırasında yer alıb.
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkənin dialoq və əməkdaşlıq siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyev Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyini bildirib. Bu qərar ölkəmizin müxtəlif siyasi və regional platformalar arasında əlaqələrin inkişafına verdiyi önəmi göstərir. Azərbaycanın fərqli mədəniyyətlərə, dinlərə və siyasi baxışlara malik tərəfdaşları bir araya gətirən məkan kimi çıxış etməsi beynəlxalq dialoqun genişlənməsinə şərait yaradır.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilən fikirlər bir daha göstərir ki, qarşılıqlı hörmət, bərabərlik, suverenliyə ehtiram və əməkdaşlıq beynəlxalq münasibətlərin davamlı inkişafı üçün vacib şərtlərdir. Azərbaycanın tarixi multikulturalizm ənənələri, cəmiyyətdəki həmrəylik və müstəqil siyasəti ölkəmizin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin əsasını təşkil edir.
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq dialoqun inkişafına, xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə verdiyi əhəmiyyəti əks etdirir. Ölkəmiz müxtəlif mədəniyyətlərin və siyasi mövqelərin bir araya gəldiyi platformalara ev sahibliyi etməklə əməkdaşlığın genişləndirilməsinə və ortaq gələcək naminə dialoqun təşviqinə töhfə verməkdə davam edir.

Nizami Məmmədov
YAP Masallı rayon təşkilatı Öncəqala ərazi partiya təşkilatının sədri

Digər xəbərlər