PDF Oxu

Siyasət

  • 1 157

Azərbaycanın dialoq fəlsəfəsi: sülhə, ədalətə və ortaq gələcəyə doğru

Azərbaycanın dialoq fəlsəfəsi: sülhə, ədalətə və ortaq gələcəyə doğru

Beynəlxalq münasibətlərdə artan ziddiyyətlər, regional münaqişələr və təhlükəsizlik təhdidləri sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsini zəruri edir. Belə bir şəraitdə mədəniyyətlərarası dialoq xalqlar arasında anlaşmanın gücləndirilməsi, fərqliliklərə hörmətin təşviqi və ortaq gələcəyin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.

Əsrlər boyu multikulturalizm, dini və etnik dözümlülük ənənələrini yaşadan Azərbaycan bu gün həmin dəyərləri dövlət siyasətinin mühüm istiqamətinə çevirərək beynəlxalq dialoqun inkişafına töhfə verir. 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da ölkəmizin bu sahədəki təşəbbüslərinin və beynəlxalq nüfuzunun növbəti təzahürü olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumdakı çıxışı ölkəmizin multikulturalizm modelini, müstəqil inkişaf yolunu, beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini, eləcə də sülh və əməkdaşlıq gündəliyini əks etdirən mühüm siyasi mesajlarla yadda qalmışdır.
Dövlətimizin başçısı Forumun mədəniyyətlərarası münasibətlərin və qlobal çağırışların müzakirəsi üçün səmərəli beynəlxalq platformaya çevrildiyini vurğulamışdır. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” və onun çərçivəsində keçirilən forumlar müxtəlif mədəniyyətləri, dinləri və sivilizasiyaları ortaq məqsədlər ətrafında birləşdirir. Bu təşəbbüslər Bakının dialoq, qarşılıqlı anlaşma və beynəlxalq əməkdaşlıq mərkəzi kimi mövqeyini gücləndirir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm ənənələri və dini-etnik dözümlülük Azərbaycan xalqının əsrlər boyu qoruyub yaşatdığı dəyərlərdir. Müxtəlif tarixi mərhələlərdən keçən xalqımız öz dilini, milli kimliyini, ənənələrini və həyat tərzini qorumaqla yanaşı, onları daha da zənginləşdirmişdir. Bu mənəvi irs milli birliyin, ictimai həmrəyliyin və dövlətçilik şüurunun möhkəm təməlidir.
Müstəqillik illərində həyata keçirilən dövlət siyasəti bu ənənələrin qorunmasına və inkişafına geniş imkanlar yaratmışdır. Azərbaycanda müxtəlif etnik və dini mənsubiyyətə malik insanların qarşılıqlı hörmət şəraitində yaşaması multikulturalizmin ölkəmizdə yalnız nəzəri prinsip deyil, real həyat tərzi olduğunu göstərir. Fərqliliklərin qarşıdurma deyil, zənginlik mənbəyi kimi qəbul edilməsi Azərbaycan modelinin əsas xüsusiyyətidir.
Forumda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, beynəlxalq hüququn aliliyi və tarixi ədalətin təmin olunması məsələləri də xüsusi yer tutmuşdur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan əraziləri işğal altında olan, vətəndaşlarının fundamental hüquqları pozulan ölkə kimi əbədi yaşaya bilməzdi.
Ermənistanın təxminən otuz il davam edən işğalçılıq siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin salınmış, onların fundamental hüquqları pozulmuş, şəhər və kəndlərimiz, tarixi-mədəni irsimiz və dini abidələrimiz dağıdılmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir.
Bu tarixi hadisələr beynəlxalq hüququn aliliyinin və ədalətin təmin olunmasının əhəmiyyətini bir daha nümayiş etdirmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Azərbaycanın işğal olunmuş ərazilərindən qüvvələrin çıxarılmasını tələb edən dörd qətnaməsinin uzun illər icra edilməməsi beynəlxalq hüququn tətbiqindəki ciddi problemləri üzə çıxarmışdır. Prezident İlham Əliyevin qətnamələrin icra mexanizminin yaradılmasına dair fikirləri beynəlxalq təhlükəsizlik sisteminin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlətimizin başçısının ikili standartlara qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyinə dair bəyanatı Azərbaycanın prinsipial mövqeyini ifadə edir. Beynəlxalq hüquq normalarının bütün dövlətlərə eyni meyarlarla tətbiqi, suverenliyə hörmət və ədalətin təmin olunması davamlı sülhün əsas şərtləridir. Azərbaycan bu prinsiplərin ardıcıl müdafiəçisi kimi çıxış edir.
Prezident İlham Əliyevin müharibəyə başlamağın asan, onu bitirməyin isə çətin olması barədə fikirləri sülhün əldə edilməsinin siyasi iradə və qarşılıqlı məsuliyyət tələb etdiyini göstərir. Azərbaycan müharibədən sonrakı mərhələdə regionda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasət yürüdür.
2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanması bu istiqamətdə mühüm diplomatik mərhələ olmuşdur. Azərbaycanın yanaşması regionun gələcəyinin qarşıdurma deyil, suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təhlükəsizlik və iqtisadi əməkdaşlıq əsasında qurulmasına əsaslanır.
Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi ölkənin siyasi və iqtisadi müstəqilliyi, xalqın zəhməti və ardıcıl inkişaf siyasəti ilə sıx bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, əldə olunan bütün nailiyyətlərin arxasında Azərbaycan xalqının əməyi dayanır. Enerji və nəqliyyat layihələri, iqtisadi əməkdaşlıq təşəbbüsləri və müstəqil xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirmişdir.
Dövlətimizin başçısının Azərbaycanın dövlət borcunun ümumi daxili məhsulun 5 faizindən bir qədər artıq olduğunu bildirməsi maliyyə dayanıqlığının göstəricilərindən biri kimi diqqət çəkir. İqtisadiyyatın şaxələndirilməsi, makroiqtisadi sabitliyin qorunması və infrastrukturun inkişafı ölkəmizin uzunmüddətli tərəqqisinə xidmət edir.
Azərbaycanın artan beynəlxalq nüfuzu qarşıdakı illərdə ev sahibliyi edəcəyi mötəbər tədbirlərdə də öz əksini tapır. Prezident İlham Əliyevin bildirdiyi kimi, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər ölkəmizin həm İslam dünyası, həm də Avropa ilə siyasi dialoqun və çoxtərəfli əməkdaşlığın inkişafında mühüm tərəfdaş olduğunu təsdiqləyir.
Azərbaycan cəmiyyətinin multikultural dəyərləri və dövlət siyasətinin divarlar deyil, körpülər qurmağa yönəlməsi bu beynəlxalq etimadın əsasını təşkil edir. Müxtəlif siyasi və mədəni məkanlarla əməkdaşlığın inkişafı ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal iştirakına və qlobal dialoqa töhfələrinin genişlənməsinə imkan yaradır.
Mədəniyyətlərarası dialoqun əhəmiyyəti insan hüquqlarının müdafiəsi, vicdan və din azadlığının təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və inklüziv cəmiyyətin formalaşdırılması ilə də sıx bağlıdır. Azərbaycan təcrübəsi göstərir ki, milli kimliyin qorunması ilə ümumbəşəri dəyərlərə hörmət bir-birini tamamlayır. Bu yanaşma həm ölkə daxilində ictimai həmrəyliyin möhkəmlənməsinə, həm də beynəlxalq səviyyədə qarşılıqlı anlaşmanın inkişafına xidmət edir.
Beləliklə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin çıxışı Azərbaycanın sülhə, ədalətə, beynəlxalq hüququn aliliyinə və mədəni müxtəlifliyə hörmətə əsaslanan siyasətini bir daha nümayiş etdirmişdir. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, iqtisadi müstəqilliyini möhkəmləndirmiş Azərbaycan bu gün yalnız regional inkişafın deyil, həm də qlobal dialoq və əməkdaşlığın fəal iştirakçısıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da sivilizasiyalar arasında körpülərin qurulmasına, xalqlar arasında etimadın möhkəmləndirilməsinə və daha ədalətli, təhlükəsiz, firavan ortaq gələcəyin formalaşdırılmasına töhfə vermək əzmindədir.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Digər xəbərlər