Dünyanın müxtəlif bölgələrində geostrateji gərginliklərin, etnik-dini qarşıdurmaların və ksenofobiya meyillərinin artdığı bir dövrdə Bakı növbəti dəfə bəşəriyyəti bir araya gətirən sülh və dialoq məkanına çevrildi. 2026-cı il oktyabrın 27-də Azərbaycan Respublikasının Paytaxtında “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya ictimaiyyətinin diqqətini bir daha bəşəri dəyərlərə, qarşılıqlı anlaşıma və sivilizasiyalararası həmrəyliyə yönəltdi.
Tədbirin açılış mərasimində dərin məzmunlu və proqram xarakterli çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız coğrafi baxımdan deyil, mədəni, mənəvi və ideoloji cəhətdən də Şərqlə Qərb, Şimal və Cənub arasında möhkəm köprü rolunu oynayır. Dövlət başçısının forumdakı nitqi təkcə Azərbaycanın zəngin multikultural təcrübəsinin təqdimatı deyil, həm də müasir dünyanın qarşılaşdığı ideoloji və fiziki təhdidlərə, ikili standartlara qarşı aydın bir cavab kimi qəbul edilməlidir.
Azərbaycan əsrlər boyu müxtəlif xalqların, etnik qrupların və dini konfessiyaların dinc, dözümlü və yanaşı yaşadığı nadir coğrafiyalardandır. Burada multikulturalizm kənardan gətirilən və ya sadəcə kağız üzərində bəyan edilən bir konsepsiya deyil; bu, xalqımızın minilliklərdən süzülüb gələn həyat tərzidir.
Ölkəmizdə islam, xristianlıq, iudaizm və digər inanc sahibləri əsrlərdən bəri öz milli-dini kimliklərini qoruyub saxlayaraq vahid Azərbaycan ailəsinin bərabərhüquqlu üzvləri kimi yaşayırlar. Bakının mərkəzində məscidlə yanaşı pravoslav və katolik kilsələrinin, sinaqoqların azad şəkildə fəaliyyət göstərməsi, müxtəlif etnik icmaların və digər xalqların mədəniyyətlərini azad şəkildə yaşatmaları dövlətimizin tolerantlıq siyasətinin əyani sübutudur.
Prezident İlham Əliyev öz çıxışında xüsusi vurğuladı ki, Azərbaycan cəmiyyətinin gücü onun daxili birliyində və müxtəlifliyindədir. Bu gün ölkəmizdə hər hansı bir daxili riskin olmaması, cəmiyyətimizin monolitliyi məhz bu tolerantlıq və qarşılıqlı hörmət mühitinin bəhrəsidir. Müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlarımız Azərbaycanın inkişafı, müstəqilliyi və suverenliyi uğrunda çiyin-çiyinə mübarizə aparmış, dövlətimizin qazandığı uğurlara birgə imza atmışlar.
Azərbaycanın dini və mədəni tolerantlıq modelinin ən parlaq və əyani nümunələrini işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görmək mümkündür. İşğal dövründə Ermənistan tərəfindən 60-dan çox məscidin dağıdılması, təhqir edilməsi və ya heç bir tolerantlığa sığmayan əməllərin əksinə Azərbaycan müharibədən dərhal sonra bütün tarixi, mədəni və dini irsin bərpasına başlamışdır.
Dövlətimizin bu sahədəki yanaşmasını qısaca olaraq aşağıdakı kimi qruplaşdıra bilərik:
Bütün Dini Məbədlərə, Ocaqlara Bərabər Münasibət və Qayğı: Şuşada, Ağdamda, Zəngilanda və digər azad olunmuş şəhərlərdə tarixi məscidlər (Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi və s.) əsaslı şəkildə bərpa olunarkən, paralel olaraq Şuşadakı Qazançı kilsəsi (Müqəddəs Xilaskar kilsəsi) və digər xristian məbədləri də eyni diqqət və həssaslıqla təmir edilir.
Xristian-Alban İrsinin Qorunması: Kəlbəcərdəki Xudavəng monastır kompleksi, Hadrutdakı Ağoğlan məbədi və digər alban-udi xristian abidələri dövlət tərəfindən qorunur və udi icmasının nümayəndələri bu müqəddəs məkanlarda sərbəst şəkildə ibadətlərini həyata keçirirlər.
Azərbaycanın tolerantlığının ən böyük göstəricilərindən biri də odur ki, hətta münaqişə illərində belə Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən mühafizə olunmuş, oradakı minlərlə ermənidilli ədəbiyyat və arxiv materialları saxlanılmışdır.
Bu faktlar sübut edir ki, Azərbaycan üçün dini irs kimliyindən asılı olmayaraq bəşəriyyətin ortaq sərvətidir. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa işləri ölkəmizin mədəni müxtəlifliyə verdiyi ali dəyərin real təzahürüdür.
Dünyaya Nümunə Olan Model və Prezident İlham Əliyevin Liderlik Rolu
Bugün dünya bir çox bölgələrdə etnik və dini zəmində toqquşmaların, ikili standartların və diskriminasiyanın şahidi olur. Belə bir mürəkkəb tarixi dövrdə Azərbaycanın nümayiş etdirdiyi multikulturalizm modeli bütün dünya üçün unikal bir nümunədir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi, BMT, UNESCO, ISESCO və Sivilizasiyalar Alyansı kimi mötəbər beynəlxalq təşkilatların bu prosesdə yaxından iştirak etməsi Azərbaycan modelinə olan qlobal inamın və rəğbətin aydın təzahürüdür.
Bu unikal tolerantlıq mühitinin qorunmasında, inkişaf etdirilməsində və dünyaya nümunə kimi təqdim olunmasında Prezident İlham Əliyevin xidmətləri əvəzolunmazdır. Məhz Cənab Prezidentin uzaqgörən siyasi iradəsi sayəsində mümkün olmuşdur.
Multikulturalizm Dövlət Siyasətinin Mühüm Bir Hissəsinə Çevrilməsi: Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş tolerantlıq ənənələri Prezident İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəviyə qaldırılmış, multikulturalizm Azərbaycanın xarici və daxili siyasətinin prioritet istiqamətinə çevrilmişdir
2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə təməli qoyulmuş "Bakı Prosesi" bu gün mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən ən mühüm qlobal platformalardan biridir.
Prezident İlham Əliyev forumdakı çıxışında bir daha bəyan etdi ki, Azərbaycan beynəlxalq hüququ öz kəsərli addımları ilə bərpa edərək regionda əbədi sülhün və tərəfdaşlığın tərəfdarıdır. Müharibəni qalibiyyətlə bitirən dövlətin başçısı kimi onun irəli sürdüyü sülh gündəliyi qisasçılıqdan uzaq, ortaq gələcəyə və dialoqa söykənən alicənablıq nümunəsidir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha sübut etdi ki, Azərbaycan təkcə enerji və nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi deyil, həm də mənəvi-mədəni körpülərin qurulduğu ümumbəşəri mərkəzdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərqərar olan dini və milli tolerantlıq mühiti müasir dünyadakı nifaq və bölüclük meyillərinə qarşı ən güclü alternativdir.
Bakıdan yüksələn çağırış aydındır: dünya xalqlarının xilası ayrılıqda deyil, məhz "Ortaq gələcək naminə dialoq"dadır. Azərbaycan bu dialoqun öndə gələn ölkələrdən olub öz əməli fəaliyyəti, humanist siyasəti və zəngin multikultural mühiti ilə dünyaya əsil tolerantlıq nümunəsidir.
Sabir Məmmədli
YAP Yasamal rayon “S.Əsgərova küç 85” ünvanı (ƏƏSMN) üzrə ərazi partiya təşkilatının fəal üzvü