II Məqalə
(Yeni Azərbaycan Partiyasının VIII Qurultayı və VII Ümumdünya Mədəniyyətlərin Dialoqu Forumu kontekstində – nəzəri təhlil)
Müasir dünya düzəninin formalaşması prosesi son dərəcə ciddi risklər və qlobal turbulentliklə müşayiət olunmaqdadır. Mütəxəssislər etiraf edirlər ki, hazırda elmin və biliyin yaratdığı yeni sivilizasiya çağırışları fonunda dövlətlərin milli mövcudluq strategiyası və davamlı inkişafı təkcə maddi resurslarla deyil, fundamental ideoloji konstruksiyalar, güclü liderlik institutu və şəxsiyyət amili ilə şərtlənir. Fakt budur ki, dialoji tamlıq kimi İdeologiya və Liderlik fenomeni xalqın tarixi taleyini formalaşdıran, onu zamanın sınaqlarından keçirərək gələcəyə daşıyan vahid sosial-fəlsəfi orqanizm kimi çıxış edir. əksinə, o, zamanın çağırışlarına uyğun olaraq daim yenilənən, cəmiyyətin varlıq formalarını tənzimləyən dinamik və canlı bir sistemdir.
Müasir ideologiyaya ontoloji müstəvidən yanaşdıqda aydın olur ki, o, milli təfəkkürün yalnız statik doqmalar toplusu və ya sabit tezislərin institusional arxivi deyildir; əksinə, dialoji olaraq “ana xətti” qorunmaq şərti ilə, o, zaman və məkan daxilində çevik transformasiya olunan, geosiyasi çağırışlara adekvat cavab verən canlı bir intellektual sistem və konseptual şərtdir. Azərbaycanın müasir inkişaf paradiqmasında bu fəlsəfi yanaşma məhz Liderlik fenomeninin güclü iradəsi və siyasi xarizması ilə praktiki müstəviyə keçid edərək milli tərəqqimizin fundamental əsasını təşkil edir. Bu anlamda etiraf olunmalıdır ki, Azərbaycanın həm daxili inkişaf kursunda, həm regional və beynəlxalq müstəvidə həyata keçirdiyi ideoloji kursun başlıca ideya və istiqamətini insanların, mədəniyyətlərin, dinlər və sivilizasiyaların dialoq və əməkdaşlığı təşkil edir.
Bu baxımdan mübaligəsiz qeyd etmək lazımdır ki, məhz Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında irəli sürülən fundamental tezislər və yeni ideoloji paradiqmalar ölkəmizin daxili siyasi arxitekturasını və xarici strateji kursunu yeni geosiyasi reallıqlara uyğunlaşdıran tarixi dönüş nöqtəsidir. Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı milli-fəlsəfi düşüncəmizin praqmatik hədəflərini və strateji prioritetlərini müəyyən edən Yeni Yol Xəritəsidir. Bu tarixi nitq milli ideologiyanın qlobal təhdidlərə qarşı immunitet qazanmasını yeni ideoloji ideya-aktorlar vasitəsilə təmin etməklə yanaşı, onun dinamik inkişaf potensialını fəlsəfi və siyasi tərəfləri ilə əsaslandırmışdır. Xüsusilə vurğulanmalıdır ki, dövlət başçısının irəli sürdüyü qlobal xarakterli paradiqmalar yalnız əlahiddə şəkildə milli maraqların qorunmasını deyil, həm də bəşəri sülhün və təhlükəsizliyin təminatı işində yeni bir humanist çağırışı ehtiva edir.
Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycanın daxildə formalaşdırdığı bu monolit ideoloji xətt təkcə regional konteksti deyil, həmçinin qlobal miqyasda unikal fəlsəfi və praktik əhəmiyyət kəsb edir. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha təsdiq edir ki, ölkəmizin siyasi rəhbərliyinin reallaşdırdığı ideoloji xəttin nüvəsini dünyada dialoq, tolerantlıq və multikultural əməkdaşlığın genişləndirilməsi təşkil edir. Bu müstəvidə, “Bakı Prosesi” çərçivəsində davam etdirilən strateji kurs daima təkmilləşən və yeni humanizm və daha kommunikativ ideya kontekstdə dayanıqlı bir platformadır. Fakt budur ki, “Bakı Prosesi” çərçivəsində iki on illərdən artıq bir dövrdə həyata keçirilən sözügedən platformaların əsas ali məqsədi fərqli mədəniyyətləri, dinləri və sivilizasiyaları ortaq dəyərlər ətrafında birləşdirərək, – müasir dünyanı sülh, qarşılıqlı etimad və qlobal təhlükəsizlik məkanına çevirmək missiyasına xidmət etməkdir.
Nəzəri araşdırmalar təsdiq edir ki, məhz YAP-ın VIII Qurultayında elan edilən fundamental paradiqmalar daxili inkişafın ahəngdarlığı ilə beynəlxalq humanitar missiyanın harmonik vəhdətini təzahür etdirərək, Azərbaycanın qlobal dialoq məkanındakı liderlik statusunu fəlsəfi olaraq rəsmiləşdirir. Çünki müasir dünya öz mövcudluğunu fərqliliklərin qarşıdurmasında deyil, yalnız qlobal dialoq və əməkdaşlıqlar kontekstində davam etdirə bilər. Bu anlamda qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin VIII qurultaydakı tarixi nitqi milli-fəlsəfi düşüncəmizin yeni kursunun – Yeni Yol Xəritəmizin hədəflərini və strateji prioritetlərini müəyyən edən fundamental bir tarixi gerçəklikdir. Fakt budur ki, dövlət başçısının proqram xarakterli çıxışı ideologiyamızın statik doqmalar toplusu deyil, zaman və məkan daxilində çevik transformasiya olunan canlı orqanizm olduğunu bir daha aydın şəkildə təsdiq etdi. Bu kontekstdə dövlət başçısının irəli sürdüyü konseptual yeni prinsiplər ideoloji dinamizm və strateji sabitliyin fəlsəfi sintezini təşkil edir.
İdeologiyamızın tarixi prosesdə və dəyişən dünya reallıqlarında ana xəttinin dəyişməz olduğuna misal olaraq Prezident İ. Əliyev VIII Qurultayda qeyd etmişdir: “Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Yəni yığcam formada bunu təsvir etmək üçün dediyim amillər, məncə, kifayətdir”. Qeyd olunan bu “Ana Xətt” bizim dünən də, bu gün də, gələcəkdə də İdeologiyamızın başlıca hədəfi və əsas məqsədi olacaqdır: “Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Həmçinin, nəzəri anlamda bu sitatın ideoloji-fəlsəfi təhlili göstərir ki, milli ideologiya struktur baxımından “ana xətt” (invariant) və zamanın şərtlərinə görə yenilənən “taktiki-strateji məqsədlər” (variant) dialektikasına söykənir. Burada dövlətin mütləq suverenliyi determinist bir aksioma kimi təsbit edilir, – güclü hərbi potensial, iqtisadi müstəqillik sadəcə maddi resurslar kimi deyil, milli ideologiyanın xarici təhdidlərə qarşı (ideoloji risklərə qarşı) dayanıqlığını təmin edən ontoloji təminatlardır. Tarixi təhlillər təsdiq edir ki, Liderin ideoloji missiyasının ən ali aksioloji təsdiqi – onun verdiyi vədlərin, irəli sürdüyü paradiqmaların praktik müstəvidə tam olaraq reallaşması, yaxud bəyan edilən “Sözün imza qədər” hüquqi və mənəvi status daşımasıdır. Prezident İlham Əliyev fəaliyyətinin əsas meyarı olan bu tarixi prinsiplə bağlı VIII Qurultayda qeyd etmişdir:
“Bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi. İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası. 2003-cü ildə mən ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu, əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik”.
Fəlsəfi mənada bu fikir sübut edir ki, siyasi məqsədyönümlük sistemli strateji fəaliyyətlə birləşdikdə tarixi zərurət qaçılmaz təzahürə çevrilir. Tarix məhz Liderin fenomen qabiliyyətində, siyasi-ideoloji kursunda reallaşır və yeni daha pozitiv anlam alır. Fakt budur ki, ərazi bütövlüyünün və suverenliyin bərpası azərbaycançılıq ideologiyamızın praktik və mənəvi gücünün maddi təzahürüdür. Sülhün qlobal müstəvidə (Ağ Evdə) paraflanması isə Azərbaycanın beynəlxalq hüququn passiv obyekti deyil, qlobal geosiyasi proseslərin aktiv və iradə diktə edən subyekti olduğunu bir daha praktikada təsdiq etmiş oldu: Bu fakt onu təsdiq edir ki, ideoloji kurs düzgün təsbit ediləndə, Zəfər və inkişaf qaçılmaz olur, proses məntiqi ardıcıllıqla uğuru təmin edir. Faktların təhlili göstərir ki, dünya nizamının sürətlə dəyişdiyi geosiyasi şəraitdə Lider, cəmiyyətin təhlükəsizlik paradiqmalarını daim yeniləmək vəzifəsini üzərinə götürür. Yəni söhbət ondan gedir ki, “ana xətt dəyişməz olaraq” qalsa da, Liderlik fenomeni onun yeni anlam və mahiyyət alaraq daha da böyük hədəflərə çatma mexanizmində taktiki və strateji dəyişikliklər edə bilir.
Dövlət başçısı Prezident İlham Əliyev daha sonra Qurultayda vurğulamışdır: “Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var. İlk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır”.
Bu sitatın ideoloji aspekti milli yaddaşın konseptual olaraq qorunması zərurətinə əsaslanır. Milli yaddaş daima iti olmalı tarixi dönə-dönə xatırlamalıdır. Məsələ burada fəlsəfi anlamda “başqaları” ilə nə əbədi “düşmənçilikdən”, nə də əbədi “dostluqdan” getmir, məsələ dünyada və regionda dialoqa əsaslanan, birgəyaşayışı effektiv şəkildə təmin etməkdən ötrü daha güclü resurslara malik olmaqdan və güclü dövlətçiliyə malik olaraq sülh və əminamanlığın təminatından gedir. Bu dialoq fəlsəfəsinin gücüdür: Bəşəriyyət miqyasında bir daha faciələr baş verməsin. Həmçinin fəlsəfi planda hərbi gücün daimi artırılması doktrinası sadəcə potensial müharibə təhlükəsinə qarşı deyil, cəmiyyətin tarixi təcrübədən çıxardığı rasional dərslərin dövlət siyasətinə tətbiqidir, bu təbii ki, Azərbaycanın yaxın tarixi üçün yeni təcrübədir, qalib gəlmiş tərəf kimi İdeoloji gücün məntiqindən çıxış edərək bir tərəfdə sülhə və dialoqa töhfə vermək, digər tərəfdən də, elə tarixi təcrübədən çıxış edərək dövlətin iqtisadi, hərbi, siyasi və s. potensialını gücləndirmək. Hans Morqentaun (Hans Morgenthau) siyasi realizm nəzəriyyəsi kontekstindən yanaşsaq, zəif ideologiyaya və kövrək struktura malik dövlətlərə qarşı xarici təzyiqlər və “ideoloji risklər” tarixən həmişə mövcud olub, bu gün də qalmaqdadır. Azərbaycan xalqının keçmişi də bu acı reallığa az şahidlik etməyib: tarixi təcrübə təsdiqləyir ki, dövlət zəif olanda ideoloji böhranlar və milli faciələr qaçılmaz xarakter alır. Yəni fikrimcə, keçmiş faciələrin unudulmaması ideoloji ayıqlığın əsas şərtidir və Lider burada millətin kollektiv yaddaşının qoruyucusu kimi çıxış edərək, gələcək İdeoloji inkişafın əsas özək tezislərini irəli sürür və elmi-siyasi-fəlsəfi anlamda əsaslandırır: Yolumuz və ideoloji Yol Xəritəmiz dialoji əsaslara söykənərək – Liderin siyasi-ideoloji kursu kimi bəyan edilərək böyük quruculuğa və İntibaha aparır.
Müşahidələr göstərir ki, müasir beynəlxalq münasibətlər sisteminin böhranı və qlobal anarxiya mühiti istənilən dövlətin daxili təhlükəsizliyin gücləndirilməsini zəruri edir. Prezident İlham Əliyev bu qlobal anomaliyanı geosiyasi dəqiqliklə analiz edirərək Yeni Azərbaycan Partiyasının VIII Qurultayda qeyd etmişdir: “İkinci amil dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır. Bizim ətrafımızda məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır - həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə. Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək”.
Politoloji nöqteyi-nəzərdən bu bəyanat realizm məktəbinin (realpolitik) ən bariz təzahürü, ideoloji risklərə qarşı güclü və dayanıqlı immunitentin formalaşdırılması çağırışıdır. Çünki faktların təhlili göstərir ki, beynəlxalq mexanizmlərin və hüququn sıradan çıxdığı, yaxud “autsayder” vəziyyətinə düşdüyü bir dünyada milli dövlətin yeganə varlıq zəmanəti onun daxili gücü, ideoloji dayanıqlığı və iqtisadi-hərbi hazırlığıdır. İdeoloji cəhətdən bu xətt cəmiyyəti xarici illüziyalardan (məsələn, beynəlxalq təşkilatların mütləq müdafiəsi mifindən, yaxud hansısa tərəflərin yağlı vədlərindən – Minsk qrupu timsalında) azad edərək, daxili resurslara, milli birliyə, həmrəyliyə və vəhdətə güvənməyə sövq edir. Bu dövlətin sekulyarizm prinsipindən çıxış edərək özünü yaşatma və müdafiə strategiyasının paradiqmal hədəfidir. Yaxud daha dəqiq ifadə etsək, yeni dövrün tələbi ideoloji işin köhnə, şablon formalarından imtina edib modern – intellektual müstəviyə keçməsidir. Dövlət başçısının bu istiqamətdəki tələbi qəti və aydındır:
“İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır.”
Bu çağırış əsl həqiqətdə, siyasi-fəlsəfi kontekstdə ideologiyanın bəyanatçılıqdan yaradıcılığa, yəni real quruculuq prosesinə transferini tələb edir və partiya fəallarının qarşısına yeni-yeni vəzifələr qoyur. Çünki, nəzəri baxış təsdiq edir ki, ideoloji sahədə şablonçuluq ideoloji immuniteti zəiflədən, qabiliyyətləri və potensialı düzgün ifadə etməyən əsas amillərdən biri hesab olunur. İdeoloji işin əsas hədəflərindən biri də, məhz şüurların düzgün istiqamətdə formalaşmasıdır. Eyni zamanda müasir quruculuq işlərinin geniş miqyası həm də onu təsdiq edir ki, əldə olunan uğurlar məhz, ideologiyanın praktik və rasional sübutudur; ideoloji iş isə bu sübutu cəmiyyətin kollektiv şüuruna modern üsullarla həkk etməlidir, bu yeni dövrün, yeni reallığın çağrışıdır: biz informasiya savaşlarına, ölkəmizə qarşı həyata keçirilən istənilən ideoloji risklərə qarşı ayıq-sayıq olmalı və daxili “immunitetlərimizi”– milli birliyimizi möhkəmlətməliyik.
Müasir dünyada gedən qlobal informasiya müharibələri şəraitində Prezident İlham Əliyev milli-mənəvi suverenliyin informasiya təhlükəsizliyi aspektinə xüsusi diqqət yetirir. Dövlət başçısı bu sahədə bəzi ölkələrdə olduğu kimi süni əfsanələr yaratmağa ehtiyac olmadığını, tariximizin faktiki və şanlı reallığına əsaslanaraq çıxış etməyin vacibliyini vurğulayaraq bildirmişdir: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir və burada kim olmalıdır bu işin mərkəzində? Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının üzvləri”.
Bu yuxarıda qeyd edilən geniş sitat həm ontoloji anlamda, həm də epistemoloji (idrak fəlsəfəsi) kontekstdə son dərəcə böyük əhəmiyyət kəsb edir. Əsası Ulu öndər Heydə Əliyev tərəfindən qoyulmuş və hazırda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycan ideologiyasının gücü digər yanlış və zərərli ideologiyalardan fərqli olaraq onun tarixi “əfsanələrə” və manipulyasiyalara ehtiyac duymamasında, sırf tarixi və real həqiqətlərə əsaslanmasındadır. Bu İdeologiyanın gücü və qüdrəti ondadır ki, onun ideya əsaslarında milli maraqlar, ədalətli idarəetmə fəlsəfəsi, sülh və təhlükəsizlik amili, dialoq və əməkdaşlıqların artırılması, müstəqillik və milli həmrəylik, ədalətli dünya nizamı və maariflənmə fəlsəfəsi dayanır. Prezident çox gözəl bilir ki, xarici güclərin azərbaycandilli informasiya resursları yaratmaqla apardıqları hibrid müharibə ölkəmizin daxili ideoloji birliyinə qarşı bir modern təhdiddir. Bu ideoloji risklər bilavasitə, milli birliyi parçalamağa, gənclərin şüurunu dekonstruksiya etməyə yönəlmiş geosiyasi sabotaj aktıdır. Lider bu təhlükəni “fiziki təhlükəsizlik qədər önəmli” elan etməklə, ideoloji cəbhənin qorunmasını intellektual elitanın, ziyalıların, elmi potensialın və Yeni Azərbaycan Partiyası fəallarının qarşısında bir nömrəli vəzifə kimi qoyur və onları bu məsuliyyətli işdə fal olmağa çağırır.
Nəticə olaraq qeyd edək ki, bir məqalə çərçivəsində bəhs olunan elmi-fəlsəfi problemi tam əhatə etmək mümkün olmasa da, müasir dünyada gedən mürəkkəb proseslər və tektonik geosiyasi böhranlar mühüm bir reallığı sübut edir: güclü ideoloji əsasları olmayan, xalqın mənəvi etimadına söykənməyən və rasional Lider tərəfindən idarə edilməyən dövlətlər qlobal dalğalarda sarsılmağa, həmçinin geriyədönməz böhranların məngənəsinə düşməyə məhkumdur. Mövcud risklər bizdən – hər bir ziyalıdan, alimdən, təhsil işçisindən və bütövlükdə intellektual təbəqədən sivil bir toplum olaraq milli ideologiya və dövlət başçısının strateji kursu ətrafında daha sıx birləşməyi, həmçinin xarici təhdidlərə qarşı hər zaman ayıq-sayıq olmağı tələb edir. Aydındır ki, Azərbaycanın yürütdüyü strateji kursun başlıca qayəsi qlobal miqyasda dialoq və tərəfdaşlıq platformalarının yaradılmasına xidmət edir. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dövlət başçısının irəli sürdüyü konseptual tezislər də bu reallığı bir daha təsdiqlədi: dialoq və əməkdaşlıq sadəcə siyasi seçim deyil, qaçılmaz bəşəri tələbatdır. Hazırda müasir geosiyasi arxitekturanın yenidən formalaşdığı böhranlı bir dönəmdə, güclü Lider amili və milli məfkurə sekulyar dövlətin suverenlik təminatı, eyni zamanda gələcəyə yönəlmiş rasional inkişaf modelidir.
Azərbaycan modelinin fəlsəfi konstruksiyası göstərir ki, ideologiya xalqın taleyidirsə, Lider bu taleyi Zəfərə, intellektual və modern quruculuğa, əbədi suverenliyə daşıyan universal strateqdir. Ulu Öndər Heydər Əliyevin aksioloji və ideoloji təməllərini qoyduğu, Prezident İlham Əliyevin isə yeni əsrin geosiyasi çağırışlarına uyğun olaraq Zəfər paradiqması ilə təsbit və inkişaf etdirdiyi müasir Azərbaycançılıq məfkurəsi dövlətimizin milli təhlükəsizliyinin, cəmiyyətimizin mənəvi varlığının və sarsılmaz gələcəyinin fəlsəfi təminatıdır. Bu strategiya ətrafında milli monolitliyin qorunması Azərbaycanın davamlı, dayanıqlı inkişafını və tarixi Zəfərlərinin əbədi mövcudluğunu şərtləndirən fundamental amildir.
Şölət Zeynalov
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent. YAP Yasamal rayon
Fəlsəfə və Sosiologiya İnstitutu ərazi partiya təşkilatının sədri