PDF Oxu

Siyasət

  • 925

Zəfərin təcəssümü və gələcəyin zirvəsi: Şuşa 2040 - ŞƏRH

Zəfərin təcəssümü və gələcəyin zirvəsi: Şuşa 2040 - ŞƏRH

8 Noyabr – Azərbaycan tarixinin ən şanlı, ən qürurlu səhifəsi, xalqımızın milli mənliyinin, sarsılmaz birliyinin və hərbi qüdrətinin təntənəsi olan Zəfər Günüdür. Müzəffər Ali Baş Komandan İlhəm Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı bu möhtəşəm qələbə, otuz illik həsrətə son qoyaraq Qarabağın tacı olan Şuşanı azadlığa qovuşdurdu. Şuşanın azad edilməsi təkcə hərbi Zəfər deyil, həm də milli ruhun, mədəni irsin və tarixi ədalətin bərpası idi. Bu gün Şuşa təkcə keçmişimizin zəngin yadigarı deyil, həm də gələcəyimizin, dirçəlişimizin və qüdrətli Azərbaycanın simvolu kimi addımlayır.
Böyük Qayıdış Konsepsiyasının ana xəttini təşkil edən Şuşa şəhərinin bərpası və yenidən qurulması işləri çərçivəsində hazırlanan 2040-cı ilədək İnkişaf üzrə Baş Planı, şəhərin tarixi simasını qorumaqla yanaşı, onu müasir, modern və davamlı bir meqapolisə çevirmək məqsədi daşıyır. Baş Plana əsasən, Şuşanın 2040-cı ilə qədər olan inkişaf yolu onun zəngin tarixi-memarlıq irsinin toxunulmazlığını təmin etmək, ekoloji balansı gözləmək və sakinlərin yüksək həyat standartlarına cavab verən sosial-iqtisadi mühitini formalaşdırmaq prinsip üzərində qurulmuşdur. Şəhərin ümumi ərazisinin planlaşdırılması tarixi mərkəzin konservasiyası və yeni yaşayış massivlərinin müasir urbanizasiya standartlarına uyğun salınması ilə uzlaşdırılır.
Şuşa 2040 Baş Planında şəhərin dayanıqlı inkişafı üçün infrastrukturun sıfırdan və ən son texnologiyalar əsasında qurulması əsas prioritetlərdən biridir. Yaşıl enerji zonasının tərkib hissəsi kimi Şuşada ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinin, elektromobillərin və piyada zonalarının genişləndirilməsi nəzərdə tutulur. Şəhərin su, elektrik, qaz və rabitə təchizatı tamamilə modernləşdirilir, smart texnologiyaların tətbiqi ilə idarə olunan şəbəkələr yaradılır. Şuşanı ölkənin və regionun digər strateji mərkəzləri ilə birləşdirən Zəfər Yolu və yeni nəqliyyat dəhlizləri şəhərin loqistika və əlçatanlıq imkanlarını maksimum dərəcədə artırır.
Mədəniyyət və turizm paytaxtı kimi Şuşa 2040-cı ilə qədər beynəlxalq miqyaslı tədbirlərə, simpoziumlara, festival və konfranslara ev sahibliyi edən qlobal bir mərkəzə çevrilməkdədir. Şuşa qalası, Vaqif məqbərəsi, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Xurşidbanu Natavanın evi və onlarca digər tarixi abidənin tam bərpası ilə yanaşı, yeni muzey kompleksləri, sərgi zalları, sənətkarlıq emalatxanaları və teatrlar istifadəyə verilir. Şəhərin təbii gözəllikləri – Cıdır düzü, Daşaltı kanyonu və meşəlik ərazilər ekoloji turizmin, rekreasiya zonalarının və müalicəvi kurortların inkişafı üçün unikal imkanlar açır. 2040-cı ilə qədər Şuşanın minlərlə yerli və xarici turisti qəbul edə biləcək modern mehmanxana və qonaqlama infrastrukturu ilə təchiz edilməsi planlaşdırılır.
Baş Planın ən vacib istiqamətlərindən biri də sakinlərin sosial rifahı və doğma yurdlarına layiqli qaydışının təmin edilməsidir. Şuşada tikilən yeni yaşayış məhəllələri şəhərin özünəməxsus memarlıq üslubuna uyğun olaraq alçaqfəsiləli və estetik cəhətdən zəngin binalardan ibarətdir. Məhəllələrdə müasir təhsil müəssisələri, uşaq bağçaları, xəstəxanalar, idman kompleksləri və ictimai iaşə obyektləri sakinlərin istifadəsinə verilir. Eyni zamanda, şəhərdə yeni iş yerlərinin yaradılması, sənətkarlığın, xidmət sektorunun və innovativ sahibkarlığın dəstəklənməsi Şuşanın iqtisadi müstəqilliyini və dinamik inkişafını təmin edir.
Şuşanın 2040-cı ilədək inkişafına dair Baş Planı sadəcə bir tikinti və abadlıq proqramı deyil, böyük Zəfərimizin, milli qürurumuzun və dövlətimizin sarsılmaz iradəsinin parlaq təzahürüdür. Bu plan Şuşanı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının və Şərqin ən gözəl, ən təhlükəsiz və modern şəhərlərindən birinə çevirmək amalına xidmət edir. Şuşanın hər bir daşında dirçələn bu ruh, gələcək nəsillərə əbədi Zəfərimizin və sarsılmaz dövlətçiliyimizin ən böyük əmanətidir.

Səbinə Əliyeva
YAP Ordubad rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər