PDF Oxu

Siyasət

  • 519

Şuşanın intibahı və Zəfərin 8 Noyabr salnaməsi - ŞƏRH

Şuşanın intibahı və Zəfərin 8 Noyabr salnaməsi - ŞƏRH

Tarixin hər bir mərhələsində millətlərin taleyini dəyişən, onlara milli qürurunu geri qaytaran dönüş nöqtələri məhz güclü liderlərin qətiyyəti, strateji zəkası və siyasi iradəsi ilə yazılır. Azərbaycan xalqı üçün belə unudulmaz və müqəddəs tarixlərdən biri, heç şübhəsiz, 8 Noyabr – Şuşa Şəhəri Günü və Zəfər Günüdür. Bu şanlı tarix sadəcə bir şəhərin azad olunması deyil, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütöv bir xalqın otuz illik yarasının sağalması və tarixi ədalətin bərqərar olmasıdır.

Şuşa Azərbaycanın döyünən ürəyi, mədəniyyətimizin və poeziyamızın beşiyidir. 1992-ci ilin mayında Şuşanın işğalı xalqımızın qəlbində dərin bir kədər buraxmışdı. Lakin Prezident İlham Əliyev hər zaman Şuşanın azad olunmasını Azərbaycanın bir nömrəli milli hədəfi olaraq qətiyyətlə vurğulayırdı. İllər boyu aparılan güclü ordu quruculuğu, düşünülmüş xarici siyasət və iqtisadi müstəqillik strategiyası 2020-ci ilin payızında cəmi 44 gün davam edən Vətən müharibəsində böyük qələbənin təməlini qoydu.

Azərbaycan Ordusunun sarsılmaz iradəsi hesabına noyabrın 8-də Şuşa yenidən doğma sahiblərinə qovuşdu. Prezident İlham Əliyevin Şuşanın azad olunması müjdəsini Fəxri xiyabandakı çıxışı zamanı xalqa çatdırarkən dediyi "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözləri hər bir azərbaycanlının yaddaşına və tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. Dövlət başçısının bu bəyanatı həm də Şuşanın gələcək inkişafının vizyonunu müəyyən etdi.

Bu tarixi qələbəni əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən Şuşa Şəhəri Günü bu gün fərqli bir coşğu və qürurla qeyd edilir. Şuşa artıq sadəcə azad bir şəhər deyil, o, dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində sürətlə dirçələn, böyüyən və beynəlxalq miqyasda tanınan mühüm diplomatik və mədəni mərkəzə çevrilmişdir. Azadlığından dərhal sonra ölkə rəhbərinin qərarı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa, ötən illər ərzində "Türk Dünyasının Mədəniyyət Paytaxtı" və "İslam Dünyasının Mədəniyyət Paytaxtı" kimi uca statusları şərəflə daşımışdır. 2026-cı ildə isə şəhər İƏT-in Turizm Paytaxtı kimi dünyanın dörd bir yanından rəsmi qonaqları qəbul edir.

Bu gün Şuşaya nəzər saldıqda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən möhtəşəm bir quruculuq mənzərəsi görürük. Cıdır düzündə yenidən "Xarıbülbül" festivalının sədaları ucalır, Vaqif Poeziya Günləri keçirilir. Şəhərin tarixi siması, məscidləri, bulaqları və abidələri qədim memarlıq üslubuna sadiq qalınaraq tamamilə bərpa olunub. Böyük Qayıdış proqramı çərçivəsində Şuşanın yerli sakinləri artıq öz doğma yurdlarına köçür və yeni tikilən müasir infrastruktur obyektləri şəhərə ikinci nəfəs verir.

8 Noyabr sadəcə təqvimdə bir gün deyil. Bu gün, Qarabağın tacı olan Şuşanın azadlığı timsalında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və Zəfərin Memarı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın sarsılmaz birliyini simvolizə edir. Şuşa Şəhəri Günü xalqımızın keçmişinə ehtiramı, bu gününə inamı və gələcəyə doğru atdığı qətiyyətli addımların rəmzidir.

Sitarə Babayeva

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər