PDF Oxu

Siyasət

  • 420

Bələdiyyə fəaliyyətində şəffaflığın və operativliyin təmini

Bələdiyyə fəaliyyətində şəffaflığın və operativliyin təmini

Lerik rayonunda yerli özünüidarəetmə orqanlarının fəaliyyətində rəqəmsallaşmanın genişləndirilməsi, şəffaflığın artırılması və vətəndaşlarla kommunikasiyanın müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm əhəmiyyət kəsb edən Lerik Bələdiyyəsinin rəsmi veb-saytının təqdimat mərasimi keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əlipənah Bayramov, Lerik Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Lerik Bələdiyyəsinin sədri Ceyhun Zahidov çıxış edərək yeni veb-saytın yaradılmasının əhəmiyyətindən, bələdiyyə fəaliyyətində şəffaflığın və operativliyin təmin olunmasından, müasir idarəetmə prinsiplərinin tətbiqindən, eləcə də vətəndaşlarla əlaqələrin daha da genişləndirilməsindən bəhs edib. Bildirilib ki, yeni rəqəmsal platforma bələdiyyənin fəaliyyəti barədə ictimaiyyətin mütəmadi məlumatlandırılmasına, eyni zamanda Lerik rayonunun tarixi, mədəniyyəti, təbiəti və turizm imkanlarının daha geniş auditoriyaya tanıdılmasına xidmət edəcək.
Çıxış edən YAP Lerik Rayon Təşkilatının sədr müavini Elnur Məmmədov Lerik Bələdiyyəsinin bu təşəbbüsünü yüksək qiymətləndirərək qeyd edib ki, müasir dövrdə rəqəmsal texnologiyaların tətbiqi idarəetmənin səmərəliliyinin artırılması, şəffaflığın təmin olunması və vətəndaş məmnunluğunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, belə təşəbbüslər dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən müasir idarəetmə, rəqəmsal inkişaf və innovasiyaların təşviqi siyasətinin yerli səviyyədə dəstəklənməsi baxımından təqdirəlayiqdir.
Digər çıxışlarda da rəsmi veb-saytın yaradılması müasir dövrün tələblərinə uyğun, əhəmiyyətli və perspektivli təşəbbüs kimi dəyərləndirilib. Bildirilib ki, rəqəmsal imkanlardan səmərəli istifadə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsinə, məlumatların əlçatanlığının təmin edilməsinə və vətəndaşlarla qarşılıqlı əlaqələrin daha çevik qurulmasına geniş imkanlar yaradır.
Təqdimat mərasimində iştirakçılara Lerik Bələdiyyəsinin rəsmi veb-saytının imkanları barədə ətraflı məlumat verilib. Yeni platformanın bələdiyyənin fəaliyyəti haqqında məlumatların ictimaiyyətə operativ çatdırılmasına, vətəndaşların müraciət və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, eləcə də doğma Lerikimizin tanıdılmasına mühüm töhfə verəcəyi vurğulanıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər