PDF Oxu

Siyasət

  • 8

Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının açılışı olub

Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının açılışı olub

Dekabrın 30-da Bakının 8-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin yeni "Azadlıq prospekti" stansiyasının açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Baş nazirin müavini Abid Şərifov və Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlətimizin başçısına məlumat verdilər ki, son illərdə paytaxtın yol-nəqliyyat kompleksinin təkmilləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Bakı Metropoliteni stansiyalarının şəbəkəsinin genişləndirilməsi və mövcud stansiyaların yenidən qurulması mühüm əhəmiyyətə malikdir. Artıq istismara hazır olan "Azadlıq prospekti" stansiyası Azərbaycanın müstəqilliyi dövründə Bakı metrosunda istismara verilən ikinci stansiyadır. Hazırda 22 stansiya istismardadır. Prezident İlham Əliyevə məlumat verildi ki, bu stansiyanı elektrik enerjisi ilə təmin etmək üçün yeni yarımstansiya inşa edilib. Bakıda nəqliyyatın hərəkətinin sıxlığının tənzimlənməsində yeni stansiya böyük rol oynayacaq, tıxac probleminin aradan qaldırılmasını və sərnişinlərin mənzil başına rahat gediş-gəlişini təmin edəcək. Qeyd olundu ki, "Azadlıq prospekti " stansiyası metropolitenin tikintisinin üçüncü növbəsinin şimal hissəsinə aid olan sayca ikinci stansiyadır. "Azadlıq prospekti" stansiyası 14 metr dərinlikdə yerləşir və ilk dəfə olaraq burada sütunsuz tağvarı platforma yaradılıb. Bu stansiyanın memarları Elbəy Qasımzadə, Maqsud Məmmədov və Zaur Qurbanəliyevdir. Stansiyanın ətrafında abadlıq və yaşıllaşdırma işləri görülüb, böyük bir ərazidə park kompleksi salınmış, burada çoxlu dekorativ ağac və bəzək kolu əkilmiş, fəvvarələr quraşdırılıb.
Dövlətimizin başçısı "Azadlıq prospekti" stansiyası ilə tanış oldu.
Müasir üslubda inşa olunmuş stansiya estetik görünüşü ilə diqqəti cəlb edir. Stansiyadakı pannolarda respublikamızın nadir memarlıq abidələri əksini tapmışdır. Obyektdə müasirliyə və milli memarlıq ənənələrinə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyevə gediş kartlarının avtomatik yüklənməsi aparatları və vestibüllərdə ilk dəfə quraşdırılmış sensorlu interaktiv sorğu köşkləri barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, displeydə Azərbaycan, ingilis və rus dillərindən birini seçdikdən sonra sərnişin yola sərf edəcəyi vaxt, keçid stansiyası, gedəcəyi stansiyanın ətrafındakı obyektlər barədə ətraflı məlumat alacaqdır. Dövlətimizin başçısına metropoliten xətlərinin mövcud sxemi, üçüncü növbənin şimal sahəsi və perspektiv inkişaf planları əsasında ətraflı məlumat verildi. "Azərtunelmetrotikinti" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Şaiq Əfəndiyev rəhbərlik etdiyi qurumun bu yaxınlarda qeyd edilmiş yubileyi ilə əlaqədar dövlət mükafatlarına layiq görülmüş kollektivin üzvləri, inşaatçılar və metrpolitenin əməkdaşları adından metropolitenin inkişafına göstərdiyi hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Prezident İlham ƏLİYEV Bakı Metropoliteninin işçilərini və inşaatçıları təbrik edərək dedi:
-Sizi yeni "Azadlıq prospekti" stansiyasının açılışı münasibətilə təbrik edirəm. Bu, böyük, çox əlamətdar hadisədir. Artıq hər il Bakıda yeni metro stansiyası istifadəyə verilir. Keçən il "Nəsimi" stansiyasının açılışında iştirak etmişdik. Bu ilin sonunda, bayramlar ərəfəsində "Azadlıq prospekti" stansiyası istifadəyə verilir. Çox gözəl stansiyadır, insanlara rahatlıq verəcəkdir.
Beləliklə, Azərbaycan metro tikintisi proqramını uğurla icra edir. Proqram uzunmüddətlidir. Artıq, - bu sxemdə göstərilir, - növbəti illərdə bir neçə istiqamətdə yeni stansiyaların tikintisi nəzərdə tutulur. Beləliklə, şəhərimizin bütün yerlərində rahat nəqliyyat vasitəsi olan metro istismara veriləcəkdir.
Metro ən rahat, ən ucuz nəqliyyat vasitəsidir. Elə etməliyik ki, köhnə stansiyaları da bərpa etməklə, orada yenidənqurma işlərini sürətlə aparmaqla yeni stansiyaların tikintisinə nail olaq. Məqsəd də ondan ibarətdir ki, orta hesabla hər il yeni stansiya istismara verilsin. Yaxud da ki, iki ildə iki stansiya, beş ildə beş stansiya.
Amma bu temp saxlanılmalıdır. Bunun üçün bizdə güclü texniki potensial vardır. Çox sevindirici hal odur ki, biz bütün bu işləri öz gücümüzə edirik. Metrotikinti İdarəsi bu işlərdə çox fəaldır. Metro tikintisi çox mürəkkəb bir prosesdir. Siz bunu hamıdan yaxşı bilirsiniz. Bu gün Azərbaycan o səviyyədədir ki, biz bunu öz gücümüzə edə bilirik. Texniki imkanlarımız, peşəkar şirkətlər, mühəndislər, memarlar var, maliyyə imkanlarımız da vardır. Gələn ilin investisiya proqramında metro tikintisinə mütləq çox böyük məbləğdə vəsait ayrılacaqdır və ondan sonrakı illərdə də. Çünki bu bizim üçün prioritet məsələdir. Siyasi iradə, Prezidentin dəstəyi vardır. Ən önəmlisi biz xalqın dəstəyi və iradəsi ilə bu işləri görürük. Bakı sakinləri üçün rahat nəqliyyat vasitəsinin genişləndirilməsi işində öz əməyimizi qoyuruq. Bütövlükdə Bakının nəqliyyat sistemi yeniləşir, yeni, müasir avtobuslar alınır, intellektual idarəetmə sistemi yaradılır. O da dünyanın ən yüksək standartlarına cavab verəcəkdir. Bütün bunları nəzərə alıb, biz gərək metro tikintisinə mütləq daha da böyük dəstək verək. Bu işlər daha da sürətlə, keyfiyyətlə, böyük zövqlə aparılmalıdır. Bütün stansiyalar, eyni zamanda, memarlıq baxımından da çox gözəl olmalıdır.
Mənə verilən məlumata görə, "Azadlıq prospekti" stansiyası çox gözəl, zövqlə tikilib. İndi gedib baxacağam. Stansiyanın giriş hissəsi müasir və gözəldir. Biz köhnə, vaxtilə tikilmiş stansiyaların da memarlığına bir daha yenidən baxmalıyıq. Həm onların giriş hissələri, eyni zamanda, eskalatorlar yeniləşməlidir, yeni vaqonlar alınmalıdır. İndi müxtəlif ölkələrdə istehsal olunan vaqonlar vardır, yəni onlar müasirliyi ilə fərqlənir. Biz gərək baxaq, Azərbaycana - Bakıya ən qabaqcıl texnologiyaları, ən qabaqcıl məhsulları gətirək ki, həm rahat, həm də gözəl olsun. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Yeni ildə yeni uğurlar arzulayıram.

* * *
Prezident İlham Əliyev inşaatçılar və metropolitenin işçiləri ilə xatirə şəkli çəkdirdi. Sonra dövlətimizin başçısı "Azadlıq prospekti" stansiyasının rəmzi açılışını bildirən qırmızı lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, ilk dəfə bu stansiyada Almaniya istehsalı olan üç eskalator quraşdırılıb. Stansiya kompleksinin ümumi uzunluğu 300 metrə yaxındır. "Azadlıq prospekti" stansiyasında məlumatların yerləşdirilməsi üçün mərkəzləşdirilmiş sistem quraşdırılıb. Metropolitenin şimal sahəsinin üçüncü növbəsinin elektrik təchizatı perspektivdə nəzərdə tutulan 40 cüt 5 vaqonlu qatarın hərəkətinin təmin edilməsinə hesablanmışdır. Əsas zalın ümumi həcminə uyğun olaraq burada irimiqyaslı ornament və dekorasiya elementləri tətbiq edilib.
Stansiyada milli memarlıq elementlərindən məharətlə istifadə olunmuş, platformadakı oturacaqlar davamlı materiallardan hazırlanmışdır. Stansiyanın işıqlandırma, mühafizə və təhlükəsizlik sistemləri də yüksək standartlara cavab verir.
Dövlətimizin başçısına məlumat verildi ki, metropolitendə ilk dəfə bu stansiyanın rabitə sistemində yeniliklər tətbiq edilib. Qovşaqsız rels dövrələri hesabına rabitə avadanlığının sayı xeyli azaldılıb, həcmcə kiçik ölçülü avadanlıqdan istifadə edilib. Yeni qurğular nasazlıqları dərhal müəyyənləşdirməyə və aradan qaldırmağa imkan verir. Qatarların hərəkətinin təşkili və təhlükəsizliyini təmin edən avadanlıq da yeni texnologiyalara əsaslanır və mükəmməlliyi ilə seçilir. Metronun "Azadlıq prospekti" stansiyasından Süleyman Sani Axundov küçəsinə və Azadlıq prospektinə 4 çıxış vardır. Bildirildi ki, 2002-2009-cu illərdə Bakı Metropoliteninə 151 yeni vaqon alınıb. Hazırda metronun daha üç stansiyasının inşası davam etdirilir. Metronun 20 illik inkişaf planına əsasən inşaat və yenidənqurma işləri növbəti illərdə də davam etdiriləcək, mövcud stansiyaların sayı 70-ə çatdırılacaq. "Azadlıq prospekti" stansiyası ilə yaxından tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

* * *
Dövlətimizin başçısı Binəqədi rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb söhbət etdi.
Müəllimə Yaqut SADIQOVA Binəqədi rayonu sakinləri adından Prezident İlham Əliyevə dərin minnətdarlığını çatdıraraq dedi:
- Xoş gəlmisiniz. Bütün binəqədililər, o cümlədən ümumiyyətlə bütün azərbaycanlılar Sizə öz dərin minnətdarlığını bildirirlər. Ona görə ki, Sizin rəhbərliyinizlə Azərbaycanımız artıq inkişaf etmiş dövlətlərlə bir cərgədə addımlayır. Son illərdə Binəqədi rayonunda strateji əhəmiyyəti olan obyektlərin açılması, belə parkların salınması xalqımızın rifahına xidmət edir. Dünənki Fərmanınızı xüsusilə qeyd etmək istəyirəm, cənab Prezident. Qaz borclarının silinməsi ilə bağlı Fərmanınız hamının ürəyincədir.
Cənab Prezident, yeri gəlmişkən biz vətənimizin çiçəklənməsi üçün Azərbaycanın birinci xanımı, hamımızın idealı olan Mehriban xanımın gördüyü işləri dəstəkləyirik, sevinirik və Sizinlə fəxr edirik. Sizi ad gününüz, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan böyük bir ailədir, başçısı Sizsiniz, qoy bu il Sizə uğurlar gətirsin. Tanrı Sizə yar olsun!

* * *
Prezident İlham ƏLİYEV təbrikə görə minnətdarlıq edərək dedi:
-Çox sağ olun. Mən də sizi qarşıdan gələn bayramlar münasibətilə təbrik etmək istəyirəm. Sizə cansağlığı, yeni ildə uğurlar arzulayıram. Əminəm ki, yeni ildə də Azərbaycan sürətlə inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra olunur. Bu gün də gözəl hadisədir, biz metronun yeni stansiyasının açılışında iştirak edirik. Bu, insanlara rahatlıq verəcək, həm də gözəllik nümunəsidir. Yeni tikilən stansiya ən gözəl zövqə uyğundur.
Bütün Azərbaycanda, bütün ölkəmizdə belə gözəl quruculuq işləri aparılır. Hər yerdə tikinti, quruculuq aparılır, yeni müəssisələr, xəstəxanalar, zavodlar, fabriklər, məktəblər, idman ocaqları istifadəyə verilir. Baxmayaraq ki, 2009-cu il bütün dünya üçün çox ağır il olmuşdur, sınaq ili olmuşdur, Azərbaycan bütün sınaqlardan həmişə olduğu kimi şərəflə çıxdı. 2009-cu ildə iqtisadiyyatımız artdı. Sosial məsələlər öz həllini tapdı. Sənaye istehsalı artdı. İl ərzində çoxsaylı sənaye obyektləri tikildi, yaxud da ki, onların təməli qoyuldu. Yəni bu onu göstərir ki, ölkəmiz öz hesabına uğurla yaşaya bilər. Hətta dünya üçün ən ağır il olan 2009-cu ildə də biz uğurla inkişaf etdik, qarşıda duran bütün vəzifələri icra etdik. Güclü sosial siyasət apardıq. Siz qeyd etdiniz ki, qaz borclarının silinməsi sizin ürəyinizcə oldu. Çünki çox güman ki, sizin borcunuz var idi. Amma mən istədim ki, 2010-cu ildə bu borclar sizə əlavə əziyyət verməsin. Amma çalışın ki, daha bundan sonra bu borclar yaranmasın.

Digər xəbərlər