Prezident İlham Əliyevin Azərbaycan xalqına layiqli bayram töhfəsi
Ulu öndərimiz Heydər Əliyev ölkədə enerji potensialından səmərəli istifadə edilməsi, əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə fasiləsiz təmin olunması, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2000-ci ilin 29 iyununda "Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərman imzalayıb. Həmin fərmana görə yanacaq-energetika balansına uyğun olaraq əhalinin, iqtisadiyyatın elektrik və istilik enerjisi ilə təmin edilməsi, enerji sistemində zəruri təmir-bərpa işlərinin aparılması, qış mövsümünə hazırlıq işlərinin görülməsi barədə kompleks tədbirlər proqramını işləyib hazırlamaq tələb olunurdu.
Ulu öndər tərəfindən əsası qoyulan bütün bu işlər bu gün də uğurla davam etdirilir və bu sahə günü-gündən inkişaf edir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş neft-qaz strategiyası Azərbaycana böyük uğurlar gətirməkdədir. Respublikaya böyük həcmdə sərmayə qoyulmaqla geniş infrastrukturlar yaradılmış, yeni boru kəmərləri tikilmiş və nəhəng yataqlar istismara verilib. Ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətli yer tutan və iqtisadiyyatın əsaslarından olan təbii qaz təminatının bərpası işində xeyli nailiyyətlər əldə edilməkdədir. Məhz bu sahədə son illər əldə olunan nailiyyətlər, qazanılan uğurlar ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adları ilə bağlıdır. Respublika Prezidentinin "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" təsdiq edilməsi haqqında 11 fevral 2004-cü il tarixli fərmanının və "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 14 fevral 2005-ci tarixli, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 27 fevral 2006-cı il tarixli sərəncamlarının icrası, qazın istilik-elektrik stansiyalarına çatdırılması, yeni modul tipli istilik-elektrik stansiyalarının təbii qazla təminatı, təbii qaz almayan rayon mərkəzlərinə təbii qazın verilməsinin bərpası, respublika üzrə təbii qazdan istifadə edən əhalinin mənzillərində məişət qaz sayğaclarının quraşdırılmasına dair tapşırıqlar vaxtından əvvəl yerinə yetirilib. Sözsüz ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında elektrik enerjisi, qaz, su təchizatı ilə bağlı problemlərin həlli mühüm yer tutur və dövlət başçısı İlham Əliyevin bilavasitə tapşırığı ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər bu gün də davam etdirilir. Bunun nəticəsidir ki, son illər ölkəmizdə əhalinin elektrik enerjisinə, təbii qaz, su ilə təchizatı sahəsində, infrastrukturun yenidən qurulmasında ciddi irəliləyişlər baş verib. Ulu öndər tərəfindən başlanmış Azərbaycanın yeni neft strategiyası bu gün ölkəmizi iqtisadi cəhətdən güclü ölkəyə çevirib. İqtisadi artım baxımından dünyada liderlik mövqeyini qoruyub saxlayan Azərbaycanın iqtisadi təməli çox güclüdür və bu da imkan verir ki, istənilən problem vaxtında və yüksək səviyyədə həll edilsin. Neft strategiyamız Azərbaycana həm böyük ümidlər gətirib, həm də böyük imkanlar açıb. Ölkədə aparılan uğurlu iqtisadi islahatlar maaşların, pensiyanın artırılması, sosial müavinətlərin həcminin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi, qaz xətlərinin, su kəmərlərinin, yolların çəkilməsi, elektrik stansiyalarının tikilməsinə şərait yaradıb. Enerji təhlükəsizliyinin təmin edilməsi, modul tipli elektrik stansiyalarının, quraşdırılması, istismarda olan elektrik stansiyalarında yenidənqurma işlərinin həyata keçirilməsi, ötürücü stansiyalarının, paylayıcı şəbəlkələrin, elektrik xətlərinin əsaslı təmiri, bununla yanaşı qaz təchizatı infrastrukturunun müasir tələblərə uyğun yenidən qurulması, əvvəllər təbii qazla təchiz olunmayan məntəqələrin qazlaşdırılması bu sahədə həyata keçirilən uğurlu tədbirlərin bariz nümunəsidir. Həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkəsinə firavanlıq gətirən, hər bir azərbaycanlının qəlbində özünə yer tapan dövlət başçısı İlham Əliyev humanist addımları, qərarları ilə də daim insanlara xoşbəxtlik, sevinc bəxş edib. Yeni il ərəfəsində də Prezident ölkə vətəndaşlarına sözün əsl mənasında bayram hədiyyəsi, yeni il töhfəsi bəxş edib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2009-cu il tarixli "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə" Sərəncamı ilə istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinib. Son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlərin həyata keçirilməsi, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlər baş verməsi, əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərlərinin çəkilməsi, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işlərinin əsasən başa çatdırılması əhali tərəfindən təbii qazın dəyərinin tam ödənilməsinə şərait yaradıb. Bu müddət ərzində, yəni 2000-2009-cu illərdə təbii qazın istifadəsinə görə iri miqdarda borclar yığılmış, əhgalinin bir qismi bu borcları ödəməkdə çətinlik çəkmişdir. Mövcud vəziyyət əhalinin təbii qazla müntəzəm təmin edilməsinə, qazpaylayıcı şəbəkələrin zəruri təhlükəsizlik və texnoloji normalara uyğun istismar edilməsinə imkan vermir və təbii qazın təchizatı sisteminin imkanlarının məhdudlaşdırır. Təbii qaza görə borcların silinməsi əhalinin sosial müdafiəsini gücləndirmək və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyəti tənzimləmək məqsədi daşıyır. Sərəncam əhalinin kommunal xidmətlərə görə ödəniş sahəsinə yenilik gətirərək onun müasir standartlara uyğun tənzimlənməsini nəzətdə tutur. Əhali istehlak etdiyi təbii qazın pulunu vaxtlı-vaxtında və tam həcmdə ödəyir, dövlət isə əhalinin fasiləsiz olaraq keyfiyyətli təbii qazla təchizatı sahəsində üzərinə düşən vəzifələri yerinə yetirir. Sənəddə qeyd olunub ki, Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan sosial-iqtisadi və demokratik inkişaf yolu ilə inamla irəliləyir, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti durmadan inkişaf edir. Son dövrlərdə yoxsulluğa qarşı mübarizə proqramı uğurla həyata keçirilir, az qala bir milyona yaxın qaçqın və köçkün olan ölkədə buna nail olmaq çox çətin olsada ölkə rəhbərliyi bunun öhdəsindən layiqincə gəlir. Azərbaycan əhalisi görür və yaxşı dərk edir ki, ölkənin ən yeni tarixində bəlkə də ilk dəfə Prezident dövlətin həm enerji baxımından müstəqilliyi, həm də sosial-iqtisadi yüksəlişi istiqamətində real səmərəli tədbirlər görür. Bunlar gəlişi gözəl sözlər yox, reallıqdır. Bu gün təkcə Bakıda yox, Azərbaycanın regionlarında da bunun şahidiyik. Prezident İlham Əliyev atdığı addımların real səmərəsini nümayiş etdirir. Hər bir ölkə vətəndaşı prezidentin bu Sərəncamını yüksək qiymətləndirir və bunu Azərbaycan xalqına əsl bayram hədiyyəsi kimi dəyərləndirir.