PDF Oxu

Siyasət

  • 11

İlham Əliyev: “Biz bu ili yaxşı əhval-ruhiyyə ilə başa vururuq və gələcəyə nikbin baxırıq”

İlham Əliyev: “Biz bu ili yaxşı əhval-ruhiyyə ilə başa vururuq və gələcəyə nikbin baxırıq”
Prezident İlham Əliyevin Rusiyanın nüfuzlu "Vesti" telekanalına verdiyi müsahibə Azərbaycanın xarici siyasət oriyentləri, ölkəmizin dünya və regional siyasətdə rolu, bölgədə cərəyan edən geosiyasi hadisələrə baxışı və ölkəmizin həmin proseslərdə iştirak səviyyəsinə dair bəzi məsələlərə dolğun şəkildə münasibət bildirilməsi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda, müsahibədə dövlət başçısı qlobal problemlər, regionda baş verən olaylar, Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində aparılan danışıqlar prosesi və Azərbaycanın sosial-iqtisadi göstəriciləri barədə də fikirlərini bildirib. Pezident bildirib ki, onun üçün ən önəmli olan Azərbaycanın müstəqilliyini gücləndirmək, ölkədə daha yaxşı şərait, yaşayış səviyyəsi, ən sabit vəziyyət, iqtisadi rifahı bərqərar etməkdir. "Bütövlükdə iqtisadiyyat dinamik inkişaf edib. 2009-cu ildə iqtisadi artım 9 faizdən çox olub. Zənnimcə, maliyyə böhranı şəraitində bu, çox yaxşı göstəricidir. Sənaye istehsalı təqribən 9 faiz artıb, inflyasiya 2 faizdən az olub, əhalinin gəlirləri xeyli artıb. Bir sözlə, ilin əsas sosial-iqtisadi göstəriciləri sübut edir ki, Azərbaycan uğurlu inkişafını davam etdirib. Bizim bu cür ciddi artım nümayiş etdirməyimiz birinci il deyildir. 2004-2008-ci illərdə iqtisadiyyatın həcmi, bütövlükdə, 2,6 dəfə artıb. Biz əsas infrastruktur layihələrini həyata keçirməyə nail olmuşuq. Bütün sosial proqramlar yerinə yetirilib. İqtisadiyyatımızın müəyyən dərəcədə enerji ehtiyatlarından asılı olmasına və bu il neftin qiymətinin xeyli aşağı düşməsinə baxmayaraq, biz bütün sosial proqramlarını həyata keçirmişik. Beləliklə, biz bu ili də yaxşı əhval-ruhiyyə ilə başa vururuq və gələcəyə nikbin baxırıq, çünki ölkəni tamamilə modernləşdirmək üçün hələ çox işlər görülməlidir". Prezidentin müsahibəsində diqqəti cəlb edən məqamlardan biri də son dövrlər dünyada hökm sürən maliyyə böhranı və onun acı nəticələri ilə bağlıdır. Qeyd edək ki, bu tendensiya əksər dünya ölkələrini iflic etsə də, Azərbaycan özünün praqmatik və çevik addımları ilə ondan sığortalanıb. Sözsüz ki, bunun əsas səbəblərindən biri həm də odur ki, Azərbaycanda qeyri-neft bölməsində ixrac potensialının artırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bu tədbirlər planında kommunal sahədə islahatların aparılması, o cümlədən, onun strukturunun dəyişdirilməsi, sahə üzrə iqtisadi cəhətdən əsaslandırılmış tariflərin müəyyənləşdirilməsi, əhalinin aztəminatlı təbəqələrinə ünvanlı sosial yardımların verilməsinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Müsahibədəki fikirlərdən göründüyü kimi, Prezident İlham Əliyevin qarşısında duran ən mühüm məqsədlərdən biri isə kiçik və orta sahibkarlığın himayə edilməsi ilə bağlıdır. Böyük Britaniya təcrübəsinə əsaslanaraq, deyə bilərik ki, bu ölkədə hazırda 3,5 milyon kiçik və orta sahibkarlıqla məşğul olan qurumlar fəaliyyət göstərir. Onların Böyük Britaniyada ümumi daxili məhsulun artımında iştirak göstəriciləri təxminən 45%-dir. Təbii ki, Azərbaycanda da kiçik və orta sahibkarlığın inkişafı istiqamətində indiyə kimi bir çox işlər görülüb. Məhz bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə dözüm nümayiş etdirir və bu tendensiya ölkədə mənfi hallarla müşahidə olunmur. Bunun təfərrüatları Prezidentin müsahibəsində daha dəqiqliyi ilə ifadə olunmuşdur: "Əsas ixracımızı, təbii ki, neft və qaz təşkil edir. Neftin qiymətlərinin aşağı düşməsi, əlbəttə ki, ÜDM-in artımını da azaldacaqdır. Çünki ixrac edilən həcm eyni qalacaq, lakin qiymət aşağı olacaqdır. Lakin iqtisadiyyatın digər sektorlarının çox böyük potensialı vardır. Son bir neçə il ərzində həyata keçirdiyimiz islahatlar artıq yaxşı nəticələr verir. Kənd təsərrüfatı sahəsində çox yaxşı potensialımız var. Kiçik və orta sahibkarlıqda möhkəm potensial mövcuddur. İnfrastruktur layihələri çox uğurla həyata keçirilir. Azərbaycanda qeyri-neft sektorunda ÜDM-in artımı 15,7 faiz olmuşdur. Beləliklə, bütün bunlar əsas amillər və həyata keçirdiyimiz islahatlardır. Həmin amillər bu cür artımın əsas səbəblərindən biridir. Neft və qaz digər ölkələrdə də hasil edilir". Müsahibədə Prezident İlham Əliyev Qafqaz regionunda, ümumən, Avrasiya məkanında cərəyan edən siyasi proseslərdən, regiondakı mövcud vəziyyətdən də danışıb. Dövlət başçısı İlham Əliyev son illər dünyada və bölgədə çoxlu dəyişikliklər baş verdiyini xüsusi qabardaraq, regionda təhlükəsizlik məsələlərinin daha da həssas olduğuna diqqət çəkib. Prezident Azərbaycan Rusiyanın energetika sahəsində münasibətlərinin kifayət qədər böyük tarixi və yaxşı nəticələri olduğunu xatırladıb: "Biz uzun illərdir ki, Bakı-Novorossiysk neft kəməri ilə nefti Rusiya ərazisindən keçməklə nəql edirik. Onu da deməliyəm ki, bu il daşımaların həcmi xeyli artıb. Biz bundan razıyıq və gələcəkdə də, bu istiqamətdə daşımaların həcmini artırmaq üçün iş aparmaq fikrindəyik. Elektroenergetika sahəsində fəal əməkdaşlıq edirik. İndi Azərbaycan Rusiyadan idxal etdiyi elektrik enerjisindən xeyli çox elektrik enerjisini bu ölkəyə ixrac edir. Qaz sahəsində biz 2007-ci ilə qədər Rusiya qazının alıcısı idik. Çünki o vaxt bizim öz resurslarımız çatışmırdı. Gələn ilin əvvəlindən isə biz ixracatçıya çevriləcəyik. Bunun da müəyyən rəmzi mənası vardır. Bu da dövlətlərimiz arasında münasibətlərin xarakterini əks etdirir. Bizə qaz lazım olanda, onu Rusiyadan alırdıq. Qaz ixrac etmək imkanımız yarandıqda isə, Rusiya tərəfi ixrac üçün daha çox qaz sərbəstləşdirmək məqsədi ilə özünün cənub regionlarını təmin etməkdən ötrü bizim qazdan istifadə etməyi üstün tutur. Təbii ki, bu, qarşılıqlı faydalı layihədir və biz onu çox operativ surətdə həyata keçirdik. Artıq gələn ilin əvvəlindən malgöndərmələr başlanacaq. Biz layihədə bəyan edilmiş həcmlərlə kifayətlənmək fikrində deyilik. Çünki hər halda, bu, birinci ildir və həm Rusiya tərəfi, həm də biz bu məsələdə bir-birimizə uyğunlaşmalıyıq. Bu səbəbdən, layihədə sifariş edilmiş həcmlər o qədər də çox deyil. Lakin əgər qarşılıqlı razılaşma əldə edilsə, bizim real potensialımız əvvəl nəzərdə tutulan həcmi azı iki dəfə artırmağa imkan verəcək. Əgər Rusiya tərəfi buna hazır olsa, biz həcmi artırmaq fikrindəyik. Yəqin ki, Rusiya tərəfi üçün Azərbaycan qazından istifadə etmək imkanı vacib olduğu kimi, bizim üçün də Rusiya bazarına çıxmaq vacibdir". Prezident İlham Əliyevin nüfuzlu telekanala verdiyi müsahibə Azərbaycanın xarici siyasət oriyentləri, ölkəmizin dünya və regional siyasətdə rolu, bölgədə cərəyan edən geosiyasi hadisələrə baxışı və ölkəmizin həmin proseslərdə iştirak səviyyəsinə dair bəzi məsələlərə dolğun şəkildə münasibət bildirilməsi baxımından olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Müsahibədə dövlət başçısı qlobal problemlər, regionda baş verən olaylar, Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində aparılan danışıqlar prosesi barədə də fikirlərini bildirib. Ekspertlərin fikrincə, müsahibədə əksini tapan fikirlər bu gün Azərbaycanın öz milli maraq və mənafelərinə uyğun siyasəti həyata keçirdiyini və dünyadakı təhdidlərə cavab vermək iqtidarına malik olduğunu təsdiqləyir. Həmçinin, əksər analitiklərin və ekspertlərin fikrincə, dünyanın mötəbər kütləvi informasiya vasitələrindən olan bu telekanalın Azərbaycana üz tutması, dövlət başçısı cənab İlham Əliyevlə geniş müsahibə hazırlaması heç də səbəbsiz deyildir. Belə ki, artıq ölkəmiz regionun aparıcı dövlətinə çevrilmişdir və Azərbaycanın iştirakı olmadan heç bir regional layihə reallaşdırılmır, ölkəmiz ümumi daxili məhsul artımının tempinə görə bütün dünyada birinci yerdədir. Bu qəbildən olan faktları çox sadalamaq olar. Üstəlik, bütün beynəlxalq təşkilatlarda artıq Prezident İlham Əliyevi region siyasətçiləri arasında lider kimi qəbul edirlər. Onu da qeyd edək ki, bu müsahibə nəticəsində dünya ictimaiyyəti regionda və dünyadakı bütün ictimai-siyasi proseslərə Azərbaycanın münasibəti, mövqeyi ilə tanış olmaq imkanı qazanmışdır. Müsahibədə, öncə, Dağlıq Qarabağ problemi ilə bağlı fikirlərini açıqlayan dövlət başçısı İlham Əliyevin sözlərinə görə, rəsmi Bakı danışıqların on ildən artıq bir müddət ərzində Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz davam etməsinə baxmayaraq, hələ də münaqişənin sülh yolu ilə həllinə sadiqdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edən dövlət başçısı tam əminliklə bildirib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və başqa bir alternativ mövcud deyil: "On beş ildir atəşkəs rejimi mövcuddur, lakin təəssüf ki, münaqişə hələ də həll olunmayıbdır. Bizim mövqeyimiz tam aydındır: münaqişə beynəlxalq hüquq normaları əsasında, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Amma əfsus ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etmir və bu, münaqişənin həll olunmamasının əsas səbəbidir. Danışıqlarda irəliləyiş olmuşdur, amma bu, kifayət deyildir". Qeyd edək ki, həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündə münaqişənin detalları geniş müzakirə olunsa da, hələlik, konkret nəticələrə gəlmək mümkün olmayıb. Lakin Prezident İlham Əliyev verdiyi son bəyanatlarda rəsmi Bakının öz prinsiplərinə sadiq qaldığını bəyan etməklə əslində, söhbətin Ermənistanın güzəştlərə hazırlaşmasına işarə vurmuş, bununla da, işğalçı rejimin ciddi fakt qarşısında qaldığını vurğulamışdır. Təsadüfi deyil ki, bu fikir Ermənistan ictimai rəyinə də hakim kəsilib və işğalçı ölkənin siyasi dairələri prezidentlərin son görüşünün rəsmi Yerevanın mövqelərinin sarsılması ilə müşahidə olunduğunu bildirirlər. Dövlət başçısı müsahibədə son vaxtlar bir çox dövlətlərin başı üstünü qara kabus kimi alaraq onları ciddi şəkildə qayğılandıran enerji təhdidlərinin Azərbaycandan yan keçməsi barədə məsələyə də münasibət bildirmişdir. Qeyd edək ki, müasir dünya reallıqlarına nəzərən neft-qaz ehtiyatları ilə zəngin bir çox dövlətlərin də enerji təhlükəsizliyi sahəsində ciddi problemlərinin olduğunu söyləyə bilərik. Etibarlı enerji təhlükəsizliyinin təminatı məsələsi düşünülmüş strategiya əsasında genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur və heç də sırf təbii sərvətlərin zənginliyi ilə şərtlənmir. Bunun üçün, ilk növbədə, qabaqcıl texnologiya əsasında geniş və alternativ enerji daşıyıcıları şəbəkəsi yaradılmalı, zəruri infrastruktur formalaşdırılmalıdır. Xaricdən enerji asılılığının azaldılması baxımından elektrik enerjisi, neft və qaz istehsalı sənayeləri əlaqəli fəaliyyət göstərməli, boru kəmərlərinin geosiyasi nöqteyi-nəzərdən təhlükəsiz marşrutlarla çəkilişi təmin olunmalı, habelə, alternativ enerji mənbələrinin işə salınması istiqamətində ciddi addımlar atılmalıdır. Təsadüfi deyil ki, bunu dövlət başçısı müsahibəsində də vurğulamışdır. Lakin Prezident "Nabucco" və digər bu cür layihələr ətrafında hədsiz dərəcədə siyasi spekulyasiyalar olduğunu deyib: "Lakin fəaliyyət çox cüzidir. Təbii ki, biz təchizatın bundan sonra da şaxələndirilməsində maraqlıyıq. Çünki bu gün bizim qaz ixracımız regionla məhdudlaşır. Lakin bizim potensialın çox böyük olmasını, - Azərbaycanda qaz ehtiyatlarının təsdiq edilmiş minimal həcmi 2 trilyon kubmetr, real ehtiyatlar isə təqribən 5 trilyon kubmetrdir, - nəzərə alsaq, yeni satış bazarlarına çıxmaq imkanı hər bir ölkə üçün cəlbedici məqamdır". Bütün bu və digər məqamlar, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkəmizin bölgədəki nüfuzunu ifadə edir və bir daha təsdiqləyir ki, Azərbaycan regionun ən qüdrətli ölkələrindən birinə çevrilmişdir.

Digər xəbərlər