Bu gün belə bir gerçəkliyi etiraf etməyə borcluyuq ki, ümummilli lider Heydər Əliyev siyasi kursunun varisliyinin təmin olunması xalqın bu kursa dərin inamından, gerçək arzularından keçib gəlir. Bu, çox mühüm şərtdir.
Daim ictimaiyyətin diqqət mərkəzində qalaraq, millətin saf və müqəddəs istəklərində, sabaha yönəldilmiş ümidlərində özünə yer tutmaq mühüm məsələdir. Bəlkə də elə buna görədir ki, hələ 6 il öncə, 2003-cü il oktyabrın 15-də vətəndaşların mütləq əksəriyyəti qəti mövqeyini ortaya qoyarkən, İlham Əliyev amilini ilk növbədə, dayanıqlı və təhlükəsiz sabah axtarışlarının cavabı olaraq önə çəkirdilər.
Daim ulu öndərimiz Heydər Əliyev siyasi məktəbinin öncül prinsiplərinə yaradıcılıqla yanaşan Prezident İlham Əliyev özünün idarəçilik fəlsəfəsində yeni ideyaların, dünyada gedən proseslərin məntiqindən doğan və həyatın zəruri etdiyi islahatların yer alacağını əsas götürməklə siyasətdə ehkamçılığın deyil, təkamül və liberal dəyərlərin daşıyıcısı olduğunu təsdiq və demokratiyanın ölkəmiz üçün strateji seçim olduğuna sədaqət nümayiş etdirir. İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq olacağını, bu kursu daim uca tutacağını hələ 2003-cü il avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri təyin edilərkən, birmənalı olaraq, bəyan etmişdir: "Hər şeydən əvvəl, mənim təyinatım o deməkdir ki, Prezident Heydər Əliyevin Azərbaycanda 1993-cü ildən bəri apardığı siyasət davam etdiriləcək. Bu, bizim ölkə üçün çox vacibdir. Bütün bunları geridə qoymaq üçün olduqca çox vaxt və səylər tələb olundu. Ona görə də cəmiyyətin əsas məqsədi sabitliyi qorumaq və aparılan siyasətin dəyişilməsinə yol verməməkdir. Mən çalışacam ki, indiyədək əldə olunanların hamısı, nəinki qorunub saxlansın, həm də hökumət iqtisadi islahatlar sahəsində bu vaxtadək əldə etdiyimiz nailiyyətləri daha da artırsın. İqtisadiyyatın inkişafı ilə yanaşı, demokratiyanı da inkişaf etdirmək vacibdir. Azərbaycan gərək siyasi və iqtisadi cəhətdən güclü, demokratik ölkə olsun. Bu, bizim ümumi məqsədimizdir".
Prezident İlham Əliyevin ən üstün cəhəti ondan ibarətdir ki, o, mövcud reallıqları operativ və obyektiv olaraq qiymətləndirməyi bacarır. Cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edir. Xüsusilə, ölkənin sosial-iqtisadi problemlərinə onun münasibəti daha həssasdır. İlham Əliyev həm də peşəkar strateq olaraq Azərbaycanın geosiyasi mövqeyini ustalıqla qiymətləndirir. Etiraf edilməlidir ki, cənab İlham Əliyev fenomeninin cəmiyyətin simpatik göstəricinə çevrilməsi, ilk növbədə, bu kimi amillərdən qaynaqlanan gerçəklikdir. İlham Əliyevin siyasi portretinin əsasını təşkil edən komponentlər onun Azərbaycan və dünya siyasi arenası üçün böyük siyasətçi olduğunu birmənalı olaraq sübut edir. O, öz siyasi simasında Qərb standartlarını-aristokratik rəftarı, rasional düşüncə tərzini, alovlu vətənpərvərliyin, praqmatizmi milli mentalitetlə son dərəcə dəqiqliklə uzlaşdırılmış ansamblını yaratmağa nail olub. İlham Əliyev bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə həm də yeni nəfəs, siyasi ruh və müasirlik gətirib. Onun siyasətçi kimi formalaşmasına təsir edən komponentlərin sırasında-siyasi romantizm, psevdovətənpərvərlik, arxaik siyasi elementlər yoxdur. Cənab İlham Əliyevin ölkədə və dünyada cərəyan edən siyasi proseslərin avanqardına çevrilməsi cəmiyyətin siyasi tələbatlar sisteminin məntiqi nəticəsində meydana çıxan obyektiv bir prosesin yekunudur. Bütün bu qeyd olunanlara yanaşı, ölkə Prezidenti İlham Əliyev fenomenini zəruri ictimi-siyasi hadisəyə çevirən amillərin ümumi konturları mövcuddur.
Bütün bu amillərin məcmusu cənab İlham Əliyevin siyasi proseslərin fövqündə duran və bu prosesləri istiqamətləndirən populyar və islahatçı liderə çevrilməsinə zəmin yaratmış komponentlər kimi nəzərdən keçirilməlidir. O da etiraf olunmalıdır ki, ulu öndər Heydər Əliyevin Azərbaycan cəmiyyətinə və bu cəmiyyətin tələbatlar sisteminin əsasını təşkil edən siyasi münasibətlər müstəvisinə bəxş etdiyi mühüm nailiyyətlərdən biri də ölkədə yeni siyasətçilər nəslinin, Azərbaycan siyasətinin yeni töhfələrdən biri də yeni eranın nümayəndələrinin formalaşması üçün münbit siyasi şərait yaratması idi. Dahi şəxsiyyət ölkədə elə siyasi ab-hava formalaşdırdı ki, intellektə, yüksək erudisiya qabiliyyətinə və siyasi istedada malik olan istənilən şəxs öz gələcəyini müəyyənləşdirmək üçün çox ciddi işlər görə bilsin.
Sözsüz ki, yaradılmış bu imkan son illər ilk növbədə Azərbaycan siyasətinə yeni insanların gəlişinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Birmənalı şəkildə qeyd etmək olar ki, Prezident İlham Əliyev fenomeni ümummilli lider Heydər Əliyevin yaratdığı demokratik siyasi şəraitin nəticəsi kimi meydana çıxdı. Sözsüz ki, bu faktorun qabarmasında İlham Əliyev üçün ayrıca prioritet imkan yaradılmadı və münbit siyasi şəraitdə meydana çıxan imkanlar heç bir fərq qoyulmadan hər kəs tərəfindən istifadə edildi. Hər bir siyasi liderdə siyasi istedadın az və ya çoxluğu subyektiv məsələdir. Sözsüz ki, Prezident İlham Əliyevin qısa zaman kəsiyində özünə dominant mövqelər qazanması onun siyasi peşəkarlığı ilə birbaşa bağlıdır və burada radikal müxalifətin irəli sürdüyü fərziyyələrin heç bir əsası yoxdur.
Ölkə Prezidenti İlham Əliyevin siyasətdə üstün keyfiyyətlərindən biri də onun yüksək siyasi mədəniyyət nümayiş etdirməsidir. Müxalif dairələrin onun haqqında az qala siyasi azğınlıq səviyyəsinə çatan anti-təbliğat şousu aparmasına baxmayaraq, cənab İlham Əliyev təmkinini pozmur, hadisələrə rasional prizmadan yanaşır və bununla da müxalifətin informasiya hücumunun kiçik və əhəmiyyətsiz hadisə olduğunu ictimai rəyə qəbul etdirir. Yüksək siyasi mədəniyyət, tolerantlıq, siyasi kamillik kimi pozitiv keyfiyyətlər onun nümayiş etdirdiyi başlıca faktorlardır.
Bütün bunlara rəğmən, etiraf etməliyik ki, cənab İlham Əliyevin hələ 15 oktyabr 2003-cü il prezident seçkilərində qələbəsini nə intensiv təbliğatın uğurları, nə də ki, radikal müxalifətin primitiv hücum kombinasiyalarının yaratdığı əks-effekt kimi qiymətləndirmək düzgün olmazdı. İlham Əliyevin əldə etdiyi nailiyyət daha çox onun sistemli və düzgün koordinasiya olunmuş fəaliyyətinin məntiqi nəticəsi idi. Seçkilər dövründə cənab İlham Əliyevə münasibətdə siyasiləşmiş təbəqənin və apolitik kütlənin mövqeyində monolitliyin nəzərə çarpması ilk növbədə onun siyasi fəaliyyətinin komponentləri arasındakı əlaqələrin son dərəcə uzlaşdırılmış şəkildə qurulmasından irəli gəlirdi. Bu xətt onun fəaliyyətində ardıcıllıq təşkil edir. Prezident İlham Əliyevin taktiki fəaliyyəti, istər daxili, istərsə də xarici siyasət məsələlərinə münasibətləri biri digərini təkzib etmir, əksinə, məntiqi ardıcıllıqla bir-birini tamamlayır.
Onun baxışlarında ziddiyyətli və kəsişən xətlər yoxdur, bu baxımdan proseslərə münasibəti birmənalı və dəqiqdir. Bu baxımdan, İlham Əliyevin pozitiv siyasi obrazının mahiyyətini ictimai rəyin adekvat münasibətlərində axtarmaq lazımdır. Liderlik xüsusiyyətlərinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq və elektoral dəstəyə malik olmaq kimi, politoloji bir mənanı ehtiva etdiyini nəzərə alsaq, bu anlayışı bütün kateqoriyalar üzrə İlham Əliyevə şamil etmək olar.
Prezident İlham Əliyev daim cəmiyyətə əsl vətəndaşlıq hissləri aşılayıb. Bu fikri onun hələ 1997-ci ildə ABŞ-ın Kembric Universitetində çıxışı zamanı vurğuladığı bir məqam da təsdiqləyir: "Biz xarici şirkətlərə deyirdik: Siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqını maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhvə yol versək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bu gün iftixar hissi ilə deyə bilərik ki, həqiqətən o zaman İlham Əliyev böyük cəsarət və iradə nümayiş etdirərək milli mənafelərin qorunması naminə əzmlə çalışdı. 1997-ci ilin fevral ayında ABŞ-ın Hyuston şəhərində Enerji Tədqiqatları Assambleyasının enerji problemlərinə dair keçirdiyi beynəlxalq konfransda, 1998-ci ilin mart ayında isə Vaşinqtonda, Los-Ancelesdə və San-Fransiskoda bir sıra konfransların, seminarların işində iştirak edən İlham Əliyev ABŞ-ın dövlət və siyasi xadimləri, işgüzar dairələrin nümayəndələrilə görüşüb səmərəli danışıqlar aparmış, Amerikanın nüfuzlu siyasi qəzetlərinə müsahibələr vermiş, diplomatik məharəti ilə hamıda özünə qarşı rəğbət qazandırmışdı.
Onun diplomatik fəaliyyətinin özəyində neft amilindən Azərbaycan xalqının, müstəqil Azərbaycan dövlətinin mənafeyi naminə istifadə etmək məqsədi dururdu.
Özü bu barədə belə deyirdi: "Məlumdur ki, neft bəzi ölkələrə çiçəklənmə, inkişaf gətirir, bəzən düşmənçiliyə səbəb olur. Biz indidən elə etməliyik ki, neft beynəlxalq əməkdaşlıqda Azərbaycanın mövqeyini daha da möhkəmləndirsin, xalqımızın gələcək firavan həyatının möhkəm əsası qoyulsun. Mən əminəm ki, Azərbaycan öz müstəqilliyini qoruyub saxlayacaq və möhkəmləndirəcəkdir. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü tezliklə təmin olunacaq, xalqımız sülh şəraitində yaşayacaq və gələcəkdə biz neftdən gələn gəlirləri sosial sektora - səhiyyə, mədəniyyət, təhsil sahələrinə yönəldəcəyik. Mən inanıram ki, Azərbaycan beynəlxalq aləmin mühüm, ayrılmaz hissəsi kimi durmadan inkişaf edəcəkdir".
Ölkə Prezidenti İlham Əliyev öz siyasi opponentlərinə münasibətdə də qarşı tərəflə müqayisədə xüsusiyyətlərə malikdir. O, müxalifət liderlərindən fərqli olaraq, rəqiblərinə olan münasibətini şəxsi antipatiya və yaxud siyasi stresslərin təsiri altında müəyyənləşdirmir. Çünki siyasi illüziyalar onun bir siyasətçi kimi xarakterinə yaddır. İlham Əliyev abstrakt siyasi baxışların daşıyıcısı deyil. Hələ 2003-cü ildə prezident seçkilərinə hazırlıq dövründə onun siyasi kombinasiyalarında daha çox konkretlik müşahidə edilirdi. Açıqlamalarından bəlli olurdu ki, İlham Əliyevin rəqiblərinə qarşı adekvat siyasəti etik prinsiplərə əsaslanır. Bu isə siyasi praqmatizmin və siyasi mədəniyyətin ən real göstəricisidir. Amma müxalifət liderlərinin siyasi fantaziyaları o qədər qeyri-etik idi ki, hətta onlar öz rəqiblərini məişət zəminində olan dedi-qodularla hədələməkdən belə çəkinmirdilər. İctimai rəyi formalaşdırmaq bacarığına görə də müxalifət liderləri İlham Əliyevin statusuna iddialardan da çox uzaqdılar.
Faktiki olaraq bu gün ictimai rəy üçün seçim problemi yoxdur və "sıfır" variantı demək olar ki, öz aktuallığını itirib. Daxili və xarici siyasətdə, ictimai şüurda cənab İlham Əliyevin Heydər Əliyevin siyasi kursunun kompleks şəkildə davam etdirmək potensialına malik lider kimi qəbul edilməsi danılmazdır. Məsələyə bu kontekstdən yanaşdıqda tam əminliklə demək olar ki, İlham Əliyevin peşəkar siyasətçi kimi malik olduğu üstün keyfiyyətlərlə bu məsələnin ideoloji tərəfləri bütöv bir sistemin daxili strukturunu təşkil edir. Yəni mövcud siyasi kursun inkişafını, gələcəyini İlham Əliyevsiz təsəvvür etmək mümkün deyil. İlham Əliyevin prezidentliyi ölkənin mili maraqları barədə hər bir kəsdə fərdi arxayınçılıq, ümummilli kontekstdə isə cəmiyyətə ictimai inam aşılayır. Heydər Əliyev tərəfindən ölkənin milli maraqları, xarici siyasət prioritetləri, dövlətçiliyin təməl prinsipləri, iqtisadi inkişaf dinamikası və digər önəmli strategiyalar müəyyənləşdirildiyindən bu sahələri birləşdirən vahid konsepsiyanın real imkanlara malik lider tərəfindən davam etdirilməsi zərurəti sosial sifariş kimi ortaya çıxıb.
İlham Əliyevin liderlik keyfiyyətlərinin beynəlxalq aspektləri də son illər müzakirə edilən ən populyar mövzular sırasındadır. ABŞ politoloqu Rouls hesab edir ki, liderin beynəlxalq imici onun daxili siyasətdəki statusu ilə vahid ansambl təşkil etməli, bu parametrlər bir-birini tamamlamalıdır. Amma etiraf edilməlidir ki, dünyada çox az lider var ki, o, həm xarici, həm də daxili siyasətin bütün paralel müstəvilərində öz uğurlarını təmin edə bilsin. Liderin beynəlxalq imicinin hansı səviyyədə olması, ilk növbədə, onun öz ölkəsinin milli maraqlarının reallaşması əmsalında öz təsdiqini tapır. Əgər İlham Əliyevin siyasi lider kimi imicinə bu aspektdən yanaşsaq, qeyd olunan nəzəri müddəanın doğruluğunun tamamilə şahidi oluruq. Belə ki, istər vaxtilə neft strategiyası ilə bağlı gördüyü işlər, istərsə Avropa Şurasındakı fəaliyyəti, istərsə də son üç ildə xarici siyasət müstəvisində əldə olunan uğurlu nəticələr Azərbaycanın milli maraqlarını təmin etməklə yanaşı, İlham Əliyevin liderlik keyfiyyətlərinin həm rasional, həm də harizmatik tərəfləri barədə real təsəvvürlər yaradıb.
İlham Əliyevin siyasətdə uğurlarını təmin edən, onun üçün stimul yaradan ideoloji faktorların da rolunu vurğulamağa ciddi ehtiyac var. İlham Əliyevin ictimai rəydəki statusunun möhkəmlənməsinə təsir göstərən mühüm məqamlardan bəlkə də ən başlıcası onun təkmil siyasi ideologiyaya - Heydər Əliyevin zəngin siyasi irsinə və milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir. Siyasi fəaliyyətini dar qrup çərçivəsində həyata keçirməyə meyilli olmayan, öz potensialını daha geniş müstəvidə nümayiş etdirməyə qadir olan və mühüm nəticələr əldə etməyə yönəldən İlham Əliyevin əldə etdiyi siyasi dividendlər bu baxımdan təsadüfi hesab oluna bilməz. Cəmiyyətin İlham Əliyev faktorunu dəqiq, qərəzsiz münasibətinin əsas göstəricilərindən biri kimi bu amilin rolu inkaredilməzdir.
Prezident seçkisinə qədər cənab İlham Əliyevin siyasi fəaliyyətində bir-birini sürətlə əvəzləyən nailiyyətlərin çıxış nöqtələrindən biri də məhz bu amil idi. Əgər itirdikləri siyasi mövqelərin törəməsi olan psixoloji yük müxalifət liderləri üçün səciyyəvi xüsusiyyətdirsə, onlardan fərqli olaraq İlham Əliyevin psixoloji hazırlığı kifayət qədər yüksək idi. Ola bilsin ki, opponentlər bu yanaşmanı ümumi nəzəri mülahizə hesab edərək burada hansısa bayağı streotiplər axtarmağa cəhd göstərəcəklər. Amma yenə də müqayisəli təhlil ortaya kifayət qədər ciddi faktların qoyulmasına zəmin yaradır.
Məlumdur ki, hər bir liderin malik olduğu siyasi leksikonun strukturu onun siyasi keyfiyyətlərinin əsas cizgilərini müəyyənləşdirir. Linqivistik baxımdan istənilən liderin siyasi portretini və onun siyasi yetkinlik səviyyəsini öyrənmək olar. Məsələn, əksər müxalifət liderlərinin siyasi leksikonu daha çox revanşizmi təbliğ edən ifadələrdən ibarətdir. Bu isə onu göstərir ki, müxalifət liderləri siyasəti ictimai-tarixi hadisə kimi deyil, ardı-arası kəsilməyən intriqalar formulunda qavrayırlar. İlham Əliyevdə isə əksinə, siyasi leksikon, yüksək erudisiya qabiliyyəti onun söykəndiyi dəyərləri və intelektual səviyyəsini əks etdirir. Müxalifət liderlərindən fərqli olaraq obrazlaşdırılmış ifadə tərzləri, o cümlədən, siyasi jarqon mahiyyəti kəsb edən fikirlər onun siyasi leksikonuna xarakterik deyil. İlham Əliyev siyasi prosesləri praqmatikcəsinə izah etməyi bacarır və baş verən siyasi hadisələr onun baxışlarında fantastik təsəvvürlər yaratmır.
Təbii ki, bu amil İlham Əliyevin prezident seçilməsində də öz rolu oynadı. Bir sıra xarici ölkələr, Azərbaycanda strateji maraqları olan qüvvələr də pozitiv mövqe nümayiş etdirdilər. Çünki onlar qəti əmin idilər ki, İlham Əliyev mövcud siyasi kursu bacarıqla, heç bir çətinlik çəkmədən, ardıcıl olaraq davam etdirəcəkdir.
Prezident İlham Əliyevin beynəlxalq dəstək imkanlarını şərtləndirən amillər sırasında onun siyasi imici də mühüm rol oynadı. Xüsusilə, burada onun diplomatik keyfiyyətləri, böyük dövlətlərin siyasi və hakimiyyət dairələri ilə əlaqələri diqqəti cəlb edir. Əgər digər "birincilər"in nəhəng dövlətlərə münasibətinin yalnız onlardan real dəstək alınmasına hesablanırdısa, cənab İlham Əliyevin isə dövlətlərarası ortaq strateji maraqlara dair konkret missiyaların daşıyıcısı olması onun beynəlxalq imicinə də öz pozitiv təsirini göstərirdi. Yəni, o, hakimiyyətə gəlməsini reallaşdırmaq üçün bu əlaqələrdən sui-istifadə etmir, sadəcə olaraq, onun dəstəklənməsi ortaq strateji maraqların tələbi kimi üzə çıxırdı və bu baxımdan Prezident İlham Əliyevin beynəlxalq aləmdə formalaşan müsbət imici az rol oynamırdı.
Məlumdur ki, Azərbaycanda iri neft şirkətlərinin iqtisadi maraqlarının təmin olunmasının başlıca şərti sayılan təhlükəsizlik və sabitlik durumunun davamlılığına Heydər Əliyevdən sonra da təminat axtaran ABŞ və Qərb dövlətləri İlham Əliyevi bu kursun davamçısı kimi qəbul edirdilər. Əslində, O, Azərbaycanın neft strategiyasının dünya dövlətləri tərəfindən dəstəklənməsinə və bölgəyə investisiyaların cəlb olunmasına yönəlmiş uzunmüddətli prosesin dünən iştirakçısı idisə, bu gün artıq təşkilatçısı və təminatçısı ola bilərdi. Bütün bu amillər İlham Əliyevin real şanslarına ictimai marağın əhəmiyyətli dərəcədə müsbət təsir etdiyini göstərirdi.
Artıq 15 oktyabr 2003-cü ilə qədər İlham Əliyevin siyasi fəaliyyəti onun barəsində tam və bitkin təsəvvürlər yaratmışdı. İlham Əliyevin siyasi baxışlarının kifayət qədər aydın olması fikri təsadüfi deyil, çünki bu baxışlarda yalnız və yalnız həm daxili, həm də xarici siyasətdə Heydər Əliyevin milli maraqlara söykənən siyasi və dövlətçilik ənənələrinin inkişaf etdirilməsi üstünlük təşkil edir. Xüsusilə, Azərbaycanın xarici siyasəti ilə bağlı iki təməl istiqamət - balanslaşdırma və neft strategiyasının uğurla həyata keçirilməsi onun siyasi potensialı ilə mütənasibdir. Sözsüz ki, istər Qərb ölkələri, istərsə də daxili ictimai rəy Heydər Əliyev xarici siyasət kursunun təməl prinsipi olan bu iki faktorun gələcək taleyi barədə də düşündü və bu gün də düşünməkdədir. Ölkə Prezidenti İlham Əliyevin siyasi baxışlarındakı şəffaflıq da məhz bununla bağlıdır. Komprotiv təhlil zamanı aydın olur ki, müxalifətin xarici siyasətlə bağlı təsəvvürləri ya kompleks şəkildə formalaşmayıb, ya da ki, onların strateji planları bir dövlət kimi Azərbaycanın müstəqilliyi üçün təhlükəli tendensiyaya çevrilə bilər.
İlham Əliyev siyasətdə dinamikliyə xüsusi önəm verib. Yəni onun imici kortəbii və ötəri kombinasiyaların sintezindən ibarət deyil. Həmçinin, İlham Əliyevin təsadüfi və siyasətdə elementar əhəmiyyət daşıyan məsələlərin müzakirəsinə qoşulmaması və daha çox qlobal xarakterli problemlərə münasibət bildirməsi ictimai rəyin ona rəğbətinə həlledici təsir göstərmişdi. Onun üçün primitiv mediativ təbliğat heç də siyasətə gəlmək üçün tramplin funksiyasını yerinə yetirməyib. Halbuki müxalifət liderləri bütün təbliğati və praktik fəaliyyətlərini yalnız medianın imkanları üzərində qurmuşlar, bu isə ancaq və ancaq qarşılıqlı itihamlardan uzağa getmir. İlham Əliyevlə ictimai rəy arasındakı münasibətlər universal xarakter daşıyır. Bu cür münasibətlərin yaranması onun həm də siyasi peşəkarlığının göstəricisidir.
Bütün bunlara rəğmən, etiraf etməliyik ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlanmış iqtisadi islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev hələ andiçmə mərasimindəki çıxışı zamanı ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda sosial, iqtisadi, siyasi, hüquqi, hərbi, mədəni, humanitar və digər sahələrdə başlanmış fundamental islahatları davam etdirəcəyini, ölkənin hər bir vətəndaşının Prezidenti olacağını bəyan etmişdi və bunu öz əməli fəaliyyəti ilə dönə-dönə təsdiqlədi.