PDF Oxu

Siyasət

  • 10

Siyasi partiyalar bələdiyyə seçkilərinə hazırlaşır

Siyasi partiyalar bələdiyyə seçkilərinə hazırlaşır

Bir neçə aydan sonra ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Əksər siyasi partiyalar seçkilərdə hansı formada iştirak etmək barədə qərar qəbul etsə də, digər bir qismi isə bu barədə partiyadaxili müzakirələr apardıqlarını bildirir. Qəzetimizə açıqlama verən siyasi partiya funksionerləri istənilən seçki prosesində iştirakın vacib olduğunu və bu baxımdan qarşıdan gələn bələdiyyə seçkilərinə əhəmiyyət verdiklərini söylədilər. Onların fikrincə, artıq təmsil olunduqları partiyalarda müəyyən müzakirələr aparılıb və bəzi məsələlərlə bağlı qərar qəbul olunub. Ancaq seçki prosesini əhatə edən digər bir sıra məsələlər də partiyanın aidiyyatı qurumlarında müzakirə obyekti olacaq.
Qeyd edək ki, Azərbaycanda seçkinin keçirilməsinə məsul orqan olan Mərkəzi Seçki Komissiyası da (MSK) bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar bəzi tədbirlərə artıq start verib. Ancaq bu hələ lazım olan normativ bazanın tam formalaşdırılması demək deyil. MSK rəsmilərinin mətbuata verdiyi açıqlamalara görə, bələdiyyə seçkilərinin azad, şəffaf və demokratik keçirilməsi üçün lazım olan bütün tədbirlər görüləcək və siyasi partiyaların budəfəki seçkilərdə normal iştirakına hər cür şərait yaradılacaq.

Vidadi Fərəcov: "Vəhdət partiyasının siyasi şurası bələdiyyə seçkilərində iştirak etməsi ilə bağlı qərar qəbul edib"

Məsələyə münasibət bildirən "Vəhdət" partiyasının təşkilat məsələləri üzrə sədr müavini Vidadi Fərəcovun sözlərinə əsasən, təmsil olunduğu partiya bu ilin payızında keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyi planlaşdırır. Onun bildirdiyinə görə, Vəhdət partiyası seçkilərdə iştirakı vacib sayır və ona görə partiyanın bələdiyyə seçkilərində iştirak etməsi ilə bağlı siyasi şurada geniş müzakirələr aparılıb: lMəsələ bir neçə gün bundan öncə partiyanın siyasi şurasında müzakirə olunub və qərara alınıb ki, partiya bələdiyyə seçkilərinə gedəcək. Bu barədə artıq rayon şöbələrində bələdiyyə seçkilərinə hazırlıq işləri görülür. Partiya tərəfindən bütün seçki dairələri üzrə namizədliyi irəli sürülən üzvlərin ümumi siyahıları tərtib olunub. Həmin siyahılar artıq partiyanın təşkilat komitəsinə təqdim olunur".
V.Fərəcov onu da qeyd etdi ki, "Vəhdət" partiyası iqtidaryönlü siyasi partiyadır və əgər seçkilərdə birgə iştirak etmək barədə iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən təklif gələrsə, onu qəbul edəcək: lBildiyimizə görə, Yeni Azərbaycan Partiyası seçkilərə tək qatılacaq. Amma seçkiyə bir sıra siyasi partiya ilə qatılmağı düşünərsə və konkret olaraq, bizim partiyaya bu haqda təklif gələrsə, onu siyasi şuranın müzakirəsinə çıxaracağıq. Partiya rəhbərliyinin, eləcə də, sıravi üzvlərin istəyi budur ki, partiyamız bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası ilə birgə qatılsın. Mətbuatdan əldə etdiyim məlumatlara görə, digər iqtidaryönlü partiyaların qərarı da budur".
Partiya funksioneri budəfəki seçki prosesinə birgə qatılmaq istəyən bəzi müxalifət partiyalarının bu fikrinin nə dərəcədə real olduğunu da açıqladı. Qeyd etdi ki, müxalifət 1993-cü ildən bu günədək keçirilən bütün seçkilərə birgə qatılacaqlarını desələr də, nəticədə bu, baş vermir. Çünki hər bir müxalifət partiyası yalnız özünü düşünür: Bu barədə fikrimi dəfələrlə mətbuata bildirmişəm. Onların birliyi həmişə sözdə olub. Ona görə müxalifətin qarşıdan gələn bələdiyyə seçkilərinə birgə gedəcəyini düşünmürəm. Ümumiyyətlə, müxalifətin birliyinin alınacağını real hesab etmirəm. Bunun başlıca səbəbi isə onların şəxsi düşüncələri və hər bir məsələyə öz maraqlarından yanaşmalarıdır".

Əli Orucov: "AMİP bələdiyyə seçkilərinə böyük əhəmiyyət verir"

Daha sonra məsələyə aydınlıq gətirən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucovun fikrincə, AMİP cari ilin payızında keçiriləcək bələdiyyə seçkilərinə böyük əhəmiyyət verir. Seçkilərə hansı formada qatılacağı məsələsi isə, hələlik, müzakirə mövzusudur. Bu məsələlər bütün detalları ilə müzakirə olunacaq deyən Ə.Orucov AMİP-in seçkilərdə təkbaşına və yaxud digər formada iştirakının dəqiqləşmədiyini söylədi: AMİP bələdiyyə seçkilərində yalnız öz namizədləri və eyni zamanda, mövqelərimiz uzlaşan siyasi qüvvələrlə birgə iştirak edə bilər. Bu məsələlər hələ açıq qalıb və müzakirə predmetidir. Seçki prosesi ilə əlaqədar olan digər məsələ seçki ərəfəsində dəqiqləşəcək. Ondan sonra mətbuata açıqlama verəcəyik".
Bütün siyasi qüvvələrin seçkilərdə bir araya gəlməsinin vacib şərt olmadığını vurğulayan AMİP funksioneri, müxalifət partiyalarının seçkilərdə bir neçə formada iştirak etmək imkanına malik olduğunu bildirdi: "Əsas odur ki, seçki kampaniyası düzgün qurulsun və partiyaları öz istəklərinə və verdikləri qərara uyğun təbliğat apara bilsinlər".
"Əgər seçki ərəfəsində müxalifət daxilində hər hansı blokun yaradılmasına ehtiyac yaranarsa, AMİP bunu həyata keçirəcək. Amma partiyanın yaradılacaq digər siyasi bloklarda tamsil olunacağını proqnozlaşdırmıram" deyə Ə.Orucov qeyd etdi.

Digər xəbərlər