Pakistan Azərbaycanla dost ölkədir Prezident İlham Əliyev Əbdül Qəyyum Xan Catoyu qəbul edib
Prezident İlham Əliyev mayın 19-da Pakistan İslam Respublikasının müdafiə sənayesi federal naziri Əbdül Qəyyum Xan Catoyu qəbul edib.
Əbdül Qəyyum Xan Catoy Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Seyid Yusif Rza Gilaninin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Azərbaycanın Pakistan üçün dost və qardaş ölkə olduğunu vurğulayan Əbdül Qəyyum Xan Catoy bildirdi ki, Azərbaycana bu səfəri rəhbərlik etdiyi nazirliklə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi arasında gələcək əməkdaşlıqla bağlı müzakirələr aparmaq üçün yaxşı imkan yaradır. Dövlətimizin başçısı Azərbaycan ilə Pakistan arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən müdafiə sənayesi sahəsində də uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Pakistana səfərini və həmin səfər zamanı Müdafiə Sənayesi Nazirliyi nəzdində Hərbi İxraca Yardım Təşkilatının istehsalı olan məhsulların nümayiş etdirildiyi sərgi ilə tanışlığını xatırladı. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Pakistanın müdafiə sənayesi federal naziri Əbdül Qəyyum Xan Catoyun ölkəmizə bu səfəri müdafiə sənayesi sahəsində əməkdaşlığımızın daha da genişlənməsi işinə xidmət edəcək. Prezident İlham Əliyev Pakistan Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Seyid Yusif Rza Gilaninin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.