Siyasət

  • 5 427

Türkiyənin iştirakı de-fakto reallığından de-yure reallığına çevirilməlidir - ŞƏRH ÖZƏL

image

"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi mümkündür və Rusiya Türkiyənin Dağlıq Qarabağda hərbi həllin mümkünlüyü ilə bağlı mövqeyi ilə razı deyil. Birincisi, münaqişənin hərbi yolla həlli yoxdur konsepsiyasını Azərbaycan tərəfi status-kvonu və təmas xəttini yarmaqla təkzib etmiş oldu. İkincisi, əgər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan və münaqişədə neytral mövqe nümayiş etdirməli olduğu halda Fransa “daha geniş dəstək” adı altında Ermənistana açıq-aşkar dəstək göstərirsə, niyə görə də Türkiyə Azərbaycanı qeyd şərtsiz dəstəkləməsin və danışıqlar masasında olmasın?". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Onun fikrinə görə, hazırda Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır: "Türkiyə rəhbərliyinin, şəxsən Prezidentin və digər rəsmi şəxslərin Dağlıq Qarabağ münaqişəsinin də eskalasiya dövründə fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsinin qarşısını aldı. Bu səbəbdən də Türkiyənin bu münaqişədə və Cənubi Qafqaz regionunda rolu yalnız müsbətdir. Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır. Lakin heç şübhəsiz ki, o faktı da vurğulamaq labüddür ki, bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Ümumiyyətlə, işçi qrupun tərkibi regionda mövcud qüvvələr tarazlığını, region ölkələrinin mövcud maraqlarını əks etdirməli və nəticəyə istiqamətlənməlidir. Nəzərə alsaq ki, Minsk qrupunun tərkibində bu bölgədən uzaqlarda yerləşən ölkələr, bu bölgə ilə heç bir əlaqəsi olmayan ölkələr, münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var və onların orada mövcudluğu formal xarakter daşıyır. O zaman onsuz da Minsk qrupunun üzvü olan, bölgəyə digər həmsədr ölkələrindən daha yaxın olan Türkiyənin münaqişənin həll olunmasında tərəf olması tam əsaslıdır. Bu gün Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində mühüm rol oynayır. Bu rolun texniki məsələ kimi ya hüquqi, ya da de-fakto həyata keçirilməsinin qəti önəmi yoxdur, Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz da var. Bu gün heç kimə sirr deyil ki, 27 iyuldan bu günə qədər Azərbaycan Türkiyə ilə müntəzəm olaraq məsləhətləşmələr aparır. Türkiyənin yüksək səviyyəli vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar".Politoloq bildirib ki, eyni zamanda Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı Putinlə dəfələrlə görüşmüş və danışıqlar aparmışdır: "Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya Xarici İşlər naziri Lavrovla, Türkiyənin Müdafiə naziri Hulusi Akar Rusiyanın Müdafiə naziri Şoyqu ilə telefonla danışıblar. Deməli, Türkiyə prosesdə var. On ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir. Türkiyə onsuz da illərdir ki, danışıqlar masasındadır və onun iştirakı məsələsi artıq reallıqdır. Sadəcə olaraq, önəmli olan məsələ de-fakto reallığı de-yure reallığa çevirməkdir. Bir vacib məqam da ondan ibarətdir ki, erməni yalan maşını feyk-nyuslar yayır ki, guya Azərbaycan Türkiyə tərəfindən idarə edilir və Türkiyənin iradəsini yerinə yetirir. Bütün bu insunasiyalar tamamilə əsassız və yalandır. Bu kimi yalan xəbərlər Ermənistan tərəfindən dünya arenasında Azərbaycanın rolunu və əhəmiyyətini azaltmaq məqsədi daşıyır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın artan gücü və nüfuzu Azərbaycana kifayət qədər geniş imkanlar verir ki, öz taleyüklü məsələlərində Azərbaycan heç kimin diktəsini icra etmədən müstəqil qərarlar qəbul edə bilsin. Bu səbəbdən də Moskva bəyanatı da yalnız Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə razılaşdırılıb".Ş.Həsənova vurğulayıb ki, belə əsassız xəbərlər, eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığını pozmağa və ya müəyyən qədər zəiflətməyə yönəlib ki, hər iki dövlət və eyni kökdən olan xalq qəti şəkildə buna imkan verməyəcək: "Eyni zamanda bir digər istək Azərbaycanın potensialını, o cümlədən hərbi-texniki potensialını azaltmaq və belə təsəvvür yaratmaq cəhdidir ki, guya hərbi məsələni Türkiyə və ya onun təsiri altında olan başqa birisi həll edib. Bu tamamilə əsassızdır. Azərbaycan öz torpaqlarını özü azad edir və beləliklə də “müzəffər erməni ordusu” haqqında mifi Azərbaycan ordusu puç edir ki, əslində, belə ordunun yox olmasını hamı bilsin".

sia.az

Digər xəbərlər