Siyasət

  • 4 598

Meksika radiosunda Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən danışılıb

image

Meksikanın çoxmilyonlu dinləyici kütləsinə malik “MVS” radiosunda Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Ermənistanın son hərbi təcavüz cəhdi və Dağlıq Qarabağ münaqişəsindəki hazırkı vəziyyəti barədə müsahibəsi efirə gedib.Münaqişənin tarixindən danışan səfir Ermənistanın Azərbaycana qarşı uzun illər ərazi iddiaları ilə çıxış edərək beynəlxalq ictimaiyyətin bütün üzvləri, o cümlədən Meksika tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınan Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayonu 30 ilə yaxındır hərbi işğalda saxladığını və bu ərazilərdə etnik təmizləmə apararaq bir milyona yaxın azərbaycanlı əhalini oradan qovduğunu deyib.Münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz azad etməsini tələb etdiyini bildirən M.Talıbov beynəlxalq ictimaiyyətin bu tələblərinə baxmayaraq, Ermənistanın heç vaxt konstruktiv mövqe tutmadığını, əksinə işğal faktını və status-kvonu möhkəmlətməyə çalışdığını, son dövrlərdə atdığı təxribat xarakterli addımlarla Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini tamamilə pozduğunu, sentyabrın 27-dən etibarən isə növbəti təcavüz cəhdinə əl atdığını qeyd edib.Aparıcıların Türkiyənin münaqişədəki roluna dair sualına münasibətdə səfir Türkiyənin Azərbaycana qardaş ölkə və regionun söz sahibi ölkələrindən biri olaraq burada sabitləşdirici rol oynadığını, münaqişədə Azərbaycana siyasi və mənəvi dəstək verdiyini, eyni zamanda, bu məsələdə Azərbaycanı dəstəkləyən digər ölkələr kimi Türkiyənin də beynəlxalq hüququ və BMT qətnamələrini müdafiə etdiyini diqqətə çatdırıb.Azərbaycanın daim sülh tərəfdarı olduğunu deyən M.Talıbov hazırkı münaqişədə sülhün əldə edilməsinin rəsmi formulunun BMT-nin müvafiq qətnamələrinin icrası, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və məcburi köçkünlərin geri qaytarılması olduğunu qeyd edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini, o cümlədən ölkənin ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raketlərlə atəşə tutduğunu, bu hücumlar nəticəsində 60-dan çox mülki Azərbaycan vətəndaşının həlak olduğunu, 250-dən çoxunun isə yaralandığını deyən səfir Ermənistanın törətdiyi bu müharibə cinayətlərinin proseslərin danışıqlara doğru yönəlməsinə mane olduğunu bildirib.Sonda Dağlıq Qarabağda yaşayan erməni icmasının gələcək taleyinə dair sualla bağlı M.Talıbov Azərbaycanın müxtəlif millət və inanclardan olan insanların daim birgə, sülh şəraitində yaşadığı bir yer olduğunu, məhz bu səbəbdən Roma Papası Fransisk tərəfindən bütün dünya üçün tolerantlıq modeli adlandırıldığını söyləyib, bu xüsusda Ermənistanın hazırkı hökumətinin öz təcavüzkar siyasətindən əl çəkdiyi və işğal edilmiş Azərbaycan ərazilərini azad etdiyi halda, ölkəmizdə yaşayan digər xalqlar kimi ermənilərin də azərbaycanlılarla birgə dinc yaşaya biləcəyini və beləcə, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin bərpa olunmasına şərait yaranacağını bildirib.

sia.az

Digər xəbərlər