Məhəbbət İbrahimova: Dünya ictimaiyyəti işğalçı Ermənistanı beynəlxalq hüquqa, humanitar öhdəliklərinə əməl etməyə məcbur etməlidir

“Təcavüzkar Ermənistanın hərbi təxribatlarına cavab olaraq şanlı Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən uğurlu əks-hücum əməliyyatı həyata keçirir. Bunun nəticəsində ümumilikdə iki yüzə yaxın yaşayış məntəqəsi işğaldan azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz zəfər tarixi yazır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədr müavini, partiyanın Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.

Məhəbbət İbrahimova bildirib ki, ordumuzun gücü qarşısında acız qalan düşmən mülki insanları və yaşayış məntəqələrini ağır silahlardan atəşə tutur. Onun sözlərinə görə, öşğalçı Ermənistanın terrorçu siyasət yürütdüyünü, çirkin əməllərini, müharibə cinayətlərini pərdələməyə çalışması heç bir fayda verməyəcək. Düşmənin iç üzü, məkrli xisləti sülhdən, haqq-ədalətdən nə qədər uzaqda olduqları açıq-aydın görünür. M.İbrahimova deyib ki, erməni tərəfi məhz humanitar atəşkəs razılaşmaları dövründə mülki insanlara qarşı böyük terror aktı törədib: “Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmalarından dərhal sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin vandallığının, barbarlığının növbəti bariz göstəricisi oldu. Oktyabrın 11-də və 17-də Gəncəyə qadağan olunmuş silahlarla hücum bunu təsdiqləyir. Bu hücumlar nəticəsində ümumilkdə 26 mülki şəxs həlak oldu. Onların arasında qadın və uşaqlar da var. Oktyabrın 27-də isə erməni vandallarının növbəti terroru nəticəsində Bərdə rayonunun Qarayusifli kəndinin 5 sakini dünyasını dəyişdi. Bundan bir gün sonra isə törədilən terrorun miqyası daha da dəhşətli oldu. Belə ki, oktyabrın 28-də gündüz saatlarında Bərdə şəhərinin raket atəşinə tutulması nəticəsində 21 nəfər həlak oldu, xeyli sayda insan yaralandı. Hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və video görüntülər ermənilərin növbəti yalanlarını ifşa etdi. Eyni zamanda, bəşəriyyət ermənilərin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını gördü”.
“Dünya xalqları gördülər ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarına, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada və Vaşinqtonda keçirilmiş görüşlərin yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymur, Azərbaycanın dinc əhalisini qəsdən, məqsədyönlü şəkildə hədəfə almaqda yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirən Ermənistan dinc insanları və şəhərləri atəşə tutması ilə barbarlığını təsdiq etdi”, - deyən M.İbrahimova qəlavə edib ki, Ermənistanın Gorus, Sisian, Vardenis, Cermuk və Berd rayonlarnda döyüş bölgəsindən kənarda yerləşən və mülki əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir, Beyləqan, Goranboy, Göygöl, Bərdə, Tərtər, Zərdab, Xızı və Abşeron ərazilərini Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə ardıcıl olaraq raket hücumlarına məruz qalır. Düşmən isə törətdiyi cinayətləri həyasızcasına xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir.
“Regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinin şahidi olan dünya, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı yönələn işğalçılıq siyasətini kəskin şəkildə qınamalı, gözünü qan tutan Ermənistanı beynəlxalq hüquqa, humanitar öhdəliklərinə əməl etməyə məcbur etməlidir”-deyə, YAP Qadınlar Şurasının sədr müavini vurğulayıb.

yap.org.az