Siyasət

  • 6 470

“Qənimətlər aktlaşdırılır və inventar dəyəri hesablanır” ÖZƏL-ŞƏRH

image

“Birinci olaraq qiymətləndirmə aparılacaq. Nəzərə alsaq ki, dəymiş ziyanın qiymətləndirilməsi çox vacibdir və hətta bununla bağlı sonradan Azərbaycan beynəlxalq məhkəməyə müraciət edərək, təzminatın ödənilməsinə çalışacaq”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.Millət vəkilinin sözlərinə görə, əvvəlki dövrlərdə olan nümunələr də göstərir ki, təzminatın ödənilməsi mümkündür. “Azərbaycan təbii ki, dəymiş ziyanı qiymətləndirdikdən sonra beynəlxalq məhkəmə vasitəsi ilə Ermənistandan həmin təzminatı tələb edəcək. Eyni zamanda təbii ki, qiymətləndirmə ilə yanaşı həm də bərpa işləri, xüsusən də infrastrukturun bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Artıq qənimət kimi ələ keçirilən texnikanın dövlət qurumları tərəfindən aktlaşdırılması və onun inventar dəyərinin hesablanması həyata keçirilməkdədir. Bu da ondan xəbər verir ki, artıq həmin rayonlarda, xüsusən də işğaldan artıq azad olunmuş dörd rayonumuzda kənd təsərrüfatının planlaşdırılması, sənaye müəssisələrinin formalaşdırılması və inkişafı ilə bağlı ilkin müzakirələr var və xüsusən də kənd təsərrüfatının fərqli istiqamətlər üzrə formalaşması ilə bağlı qiymətləndirilmələr aparılır. Çünki, bəzi rayonlarımızda heyvandarlıq, bəzi rayonlarımızda isə əkinçilik inkişaf etmişdir. Xüsusən də, əkinçilikdə hansı məhsullara daha çox ehtiyac olması da vacib məsələdir. O baxımdan bu, nəticə etibarı ilə imkan verəcək ki, biz işğaldan azad olunan ərazilərimizdə kənd təsərrüfatını yenidən inkişaf etdirə bilək. Bütövlükdə, Azərbaycan yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyur və bu da nəticə etibarl ilə imkan verəcək ki, işğaldan azad olunmuş torpaqlarımız iqtisadiyyatımıza xüsusi töhvə versin. Biz işğaldan azad olunan torpaqlarımızda həyatın, gülüşün çox qısa zamanda geri qayıtmasını müşahidə edəcəyik”, deyə Vüqar Bayramov bildirib.

sia.az

Digər xəbərlər