Tarixi Qələbə və böyük qayıdış

33 il əvvəl, 1988-ci il fevralın 22-də bütün dünyanın gözü qarşısında cəlb edildiyimiz ədalətsiz bir savaş başlamışdı. Amma indi biz münaqişənin başlanması barədə tamamilə başqa ovqatda söz açırıq. Çünki Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib. Prezident İlham Əliyev üzləşdiyimiz ədalətsizliyə özünün düşünülmüş siyasəti və sərkərdə qətiyyəti ilə son qoyub.

Azərbaycanın dəmir yumruğu işğala son qoydu
Prezident İlham Əliyevin ötən 17 ildə həyata keçirdiyi kompleks inkişaf siyasəti, respublikamızın yüksəlişi bizi sürətlə bu qələbəyə yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının konturlarını cızdı. İlham Əliyev Ali Baş Komandan kimi bir tərəfdən ordumuzu bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi, digər tərəfdən ötən illər ərzində siyasi-diplomatik ustalıqla davamlı şəkildə Ermənistanın ifşasına nail oldu.
Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində noyabr ayının 10-da Ermənistan kapitulyasiya bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bu bəyanat birmənalı şəkildə Azərbaycanın qələbəsinin və Ermənistanın kapitulyasiyasının hüquqi baxımdan təsdiqidir. Eyni zamanda bu sənəd Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut edən hüquqi aktdır. Üstündən onillər keçsə belə, bu bəyanat Azərbaycanın milli haqqının bərpası istiqamətində əsas tarixi hüquqi sənədlərdən biri kimi çıxış edəcək.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin başlandığı bir tarixdə biz artıq dünya ictimaiyyətinin ədalətsiz yanaşmasından, beynəlxalq təşkilatların ikili standartlar siyasətindən deyil, Azərbaycanın dəmir yumruğu ilə Ermənistanı cəzalandırmasından, güc yolu ilə torpaqlarını işğaldan azad etməsindən qürur hissi ilə bəhs edirik.
Ermənistan müharibə cinayətlərinə görə cavab verəcək
Ermənistanın işğal etdiyi torpaqlarımızda şəhər və kəndlərimizi xarabazarlığa çevirməsi, sərvətlərimizi talan etməsi, meşələrimizi qırması öncədən də məlum idi. Ərazilərimizin azad edilməsindən sonra Azərbaycanın illərboyu bununla bağlı beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələlər faktlarla öz əksini tapdı. Bəli, Ermənistanın döyüş meydanında məğlub edilərək qovulmasından sonra dünya Azərbaycanın qələbəsi ilə yanaşı, işğalçının vandallığına, barbarlığına da şahidlik etdi.
Ermənistan öz xislətindən irəli gələrək milli-mədəni, tarixi və dini abidələrimizi də dağıdıb, onları erməniləşdirməyə cəhd edib, məscidlərimizi murdarlayıb. On minlərlə tarixi eksponat Ermənistana daşınıb, Azıx mağarasında qeyri-qanuni tədqiqatlar aparılıb. O cümlədən yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar edib, oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti də erməni xislətinin qurbanı olub, meşələr, qiymətli ağac növləri kəsilib, tarixi Orta əsrlərə qədər uzanan ağaclar məhv edilib. Qarabağ bölgəsinin hər qarışı qiymətli metallarla zəngindir. 30 ilə yaxın müddətdə Ermənistan onları talayaraq oğurlayıb, cinayətkarcasına mənimsəyib.
Hazırda qarşıda duran əsas vəzifələrdən biri işğal dövründə Ermənistanın Azərbaycana vurduğu zərərin hesablanması və işğalçı barədə beynəlxalq hüququn tələblərinə uyğun ölçü götürülməsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar 30 illik proses çərçivəsində ayrıca qiymətləndiriləcək. Ermənistan müharibə cinayətlərinə görə cavab verəcək.
Azərbaycanın prioriteti Qarabağa qayıdışdır
İndi dövlətimiz müharibədən sonrakı dövrə köklənib. 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyev bəyan etdi ki, ənənəvi infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir, ona görə əsas diqqət işğaldan azad edilmiş torpaqlara yönəldilməlidir. Artıq Azərbaycanın prioriteti Qarabağa qayıdışdır. İşğaldan azad olunmuş bütün şəhər və rayonlar yenidən qurulacaq, 30 ilə yaxındır ki, doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər. Azərbaycan dövləti onların layiqli həyatını təmin edəcək. Böyük Qayıdışa xidmət edən layihələrin icrasına isə artıq başlanılıb.
Qayıdışın birinci addımı yoldur. Hələ ötən ilin oktyabr ayından Tərtər rayonundan Suqovuşana gedən yeni yolun çəkilişinə başlanılıb. Başqa bir yol isə Göygöl rayonunun Toğanalı kəndi istiqamətindən Kəlbəcərə çəkilir. Eyni zamanda Prezident tərəfindən Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonlarına qədər yolun çəkilişi ilə bağlı göstəriş verilib. Prezident İlham Əliyevin yol infrastrukturunun yaradılması ilə bağlı başqa bir göstərişi Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi barədədir. Hələ ötən il noyabrın 16-da Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev layihə ilə tanış olmuş, bu gözəl hadisə münasibətilə xalqımızı təbrik etmişdi. Yanvarın 14-də isə Şuşaya səfəri zamanı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli-Şuşa yolunun təməli qoyuldu.
İlham Əliyevin və Mehriban Əliyevanın Şuşaya səfəri zamanı Füzuli hava limanının da bünövrəsi qoyuldu. Ümumiyyətlə, Füzuli-Şuşa yolunun çəkilişi, işğaldan azad edilən ərazilərdə beynəlxalq aeroportlar da daxil olmaqla, nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması strateji əhəmiyyətlidir. Bu hava limanı işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında, yüklərin bölgəyə daşınmasında əhəmiyyətli rola malik olacaq.
Dəmir yollarının çəkilişinə gəldikdə isə, artıq bu istiqamətdə də ilkin layihələrin icrasına başlanılıb. Prezident İlham Əliyevin “Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün ilkin olaraq 5 milyon manat ayrılıb.
Fevralın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etdilər. Bu dövlət başçısının işğaldan azad olunan ərazilərə artıq 5-ci səfəri idi. Ən mühümü odur ki, Prezidentin hər səfəri yeni infrastruktur layihələrinin təməlinin qoyulması ilə əlamətdardır. İlham Əliyevin iştirakı ilə Laçında su elektrik stansiyasının istifadəyə verilməsi Qarabağda icrası başa çatdırılan ilk infrastruktur oldu. Bu isə bir daha təsdiq etdi ki, işğaldan azad olunmuş ərazilərimiz sürətlə bərpa ediləcək, Qarabağa böyük qayıdış ən yüksək səviyyədə həyata keçiriləcək.
Dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən biri azad edilmiş torpaqların “yaşıl enerji” zonası olmasıdır. Qarabağ bölgəsində enerjinin ekoloji baxımdan təmiz əldə edilməsi üçün münbit imkanlar var. Bu ərazilərdə həm külək, həm də günəş enerjiləri üçün potensial böyükdür. O cümlədən azad olunmuş ərazilərdəki çaylar ucuz və ekoloji baxımdan təmiz olan su elektrik stansiyalarının da yaradılması üçün əlverişlidir.
Onu da qeyd edim ki, bütün yaşayış məskənlərimiz nəinki yenidən qurulacaq, hətta işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları reallaşdırılacaq. İlk “ağıllı kənd” layihəsi isə Zəngilan rayonunda həyata keçiriləcək.
Fevralın 14-də Prezidentin iştirakı ilə Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması da mühüm hadisədir. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bununla həm də Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq.
Azad olunmuş ərazilərin zəngin iqtisadi potensialı var
İşğaldan azad edilmiş hər bir rayonumuz zəngin iqtisadi potensiala, həmçinin kənd təsərrüfatı baxımından böyük imkanlara malikdir. Həmin ərazilər işğaldan əvvəl Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. İşğal altında saxlamasına baxmayaraq, bu zona Ermənistan üçün istifadəsiz olub. Təkcə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaqların olmasına baxmayaraq, onun çox az qismindən istifadə edilib.
İndi vəziyyət dəyişib və xalqımız artıq öz torpaqlarına qayıdıb. Bu baxımdan perspektivdə əsas vəzifələrdən biri işğaldan azad olunmuş torpaqlarımızın kənd təsərrüfatına cəlb edilməsidir. Bu torpaqlarda üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensial var. Əlbəttə, bunun üçün birinci növbədə həmin ərazilər minalardan təmizlənməlidir.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq. Hazırda ölkəmizdə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,5 faiz, süd və süd məhsulları üzrə 86,2 faizdir. Azad edilən ərazilərdə təsərrüfat fəaliyyəti bərpa ediləndən sonra bu məhsullarla özümüzü daha yüksək səviyyədə təmin edə biləcəyik. Həmçinin Azərbaycanda dənli bitkilər üzrə özünütəminetmə səviyyəsi 70 faizə çatır. Torpaqlarımızın işğaldan azad olunması bizə imkan verəcəkdir ki, bu sahədə də vəziyyəti yaxşılaşdıraq.
Ərazilərin işğal altında saxlanılması Ermənistana digər iqtisadi sferalarda da fayda gətirməyib. Həmin ərazilərin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olmasına, əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqaları kimi çox yayılan faydalı qazıntılara, habelə geniş kurort-rekreasiya potensialına malik olmasına baxmayaraq, Ermənistan bunlardan heç bir zaman tam faydalana bilməyib. Düzdür, Kəlbəcərdə, Zəngilanda və başqa ərazilərimizdə kustar üsullarla və ətraf mühitə ziyan vurmaqla faydalı qazıntılarımız talanıb və buna görə Ermənistan cavab verəcək. Bütövlükdə isə Qarabağ bölgəsi təbii ehtiyatlarla zəngindir və onların hasilatı Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verəcək.
“AzerGold” QSC və Azərbaycan Sənaye Korporasiyası bu ehtiyatların hasilatı və emalını həyata keçirə biləcək təcrübə, ixtisaslı kadr, ixrac və investisiya imkanlarına sahibdir. Beləliklə, yeni təbii resursların dövriyyəyə cəlb edilməsi Azərbaycanın qərb bölgəsinin inkişafında, dağ-mədən sənayesinin, eləcə də metallurgiya kompleksinin yüksəlişində mühüm rol oynayacaq.
Saf havası, gözəl təbiəti olan Qarabağ tək Azərbaycanın deyil, dünyanın ən füsunkar yerlərindən biridir. Ona görə Qarabağın iqtisadiyyatının dirçəlişi bu bölgədə hər şeydən əvvəl turizm üçün geniş imkanlar açır. Qarabağ kurort-rekreasiya potensialına malik olmasına baxmayaraq, Ermənistan bu potensialdan heç bir zaman tam faydalana bilməyib. Ermənistanın bu istiqamətdə həyata keçirmək istədiyi layihələrin hamısı hədər gedib. Çünki bütün dünya işğal olunmuş əraziləri Azərbaycan torpaqları kimi tanıyıb və buna görə heç vaxt turizm sənayesinin diqqətini çəkməyib. Amma indi Azərbaycan Qarabağı geri alıb və bu ərazilərin təbiəti, resursları turizmin inkişafı üçün böyük imkanlar yaradır.
Böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb. İndiyədək görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var.
Qarabağ Dirçəliş Fondunun hədəfləri
İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən, “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb. Bu fondun yaradılması təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün də əhəmiyyətlidir. Əgər müharibə günlərində xalqımızın birlik rəmzi olan “dəmir yumruq” hamını birləşdirib düşmənin başını əzmişdisə, indi bu yumruq dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları Qarabağın dirçəldilməsi ətrafında yenidən birləşdirir.
İnsanlarımızın həmin fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər Qarabağın bərpasında, yenidənqurulmasında paylarının olması ilə fəxr edəcəklər. Tarixən belə olub: əsgər canı, qanı, digəri əməyi, başqa birisi maddi vəsaiti, sözü ilə Vətənə və dövlətə xidmət edib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz artıq öz sözünü deyib. İndi söz bütün xalqındır. İlham Əliyevin liderliyi ilə Qarabağın dirçəldilməsi çox qısa müddətdə təmin olunacaq. Bu prosesin tez başa çatması bizlərin də iştirakından əhəmiyyətli dərəcədə asılıdır.
Xüsusi nümayəndəliklər idarəetmədə çevikliyin artırılmasına xidmət edir
Onu da qeyd edim ki, azad olunmuş rayonların yenidən qurulması bu ərazilər üzrə təkmil və səmərəli idarəetmə sisteminin yaradılmasını da zəruri edir. Prezident İlham Əliyevin 19 yanvar tarixli fərmanına əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin təsis edilməsi də məhz bu məqsədə xidmət edir.
Fərmanda da deyildiyi kimi, xüsusi nümayəndəliklərin təsis edilməsində məqsəd azad olunmuş şəhər və rayonların dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır.
Xüsusi nümayəndəlik institutunun yaradılması azad edilən ərazilərdə həyata keçirilən idarəetmə islahatlarının ən vacibidir. Qısa zaman ərzində xüsusi nümayəndəlik institutunun Əsasnaməsi də hazırlanıb və təsdiq olunub. Artıq ilk xüsusi nümayəndə Şuşa şəhərinə təyin olunub. Hesab edirəm ki, xüsusi nümayəndəlik institutunun təsis olunması və mülki idarəetmənin yaradılması işğal olunmuş ərazilərin yenidən qurulması istiqamətində qarşıya qoyulan vəzifələrin çevik şəkildə yerinə yetirilməsində müstəsna rol oynayacaq.
İlham ƏLİYEV: “Unutmasınlar ki, dəmir yumruq yerindədir”
Hazırda Azərbaycanın qələbəsinin və Ermənistanın kapitulyasiyasının göstəricisi olan 10 noyabr Bəyanatının şərtləri yerinə yetirilir. Düzdür, Ermənistan daxilində buna qarşı çıxan, üçtərəfli Bəyanatı qəbul etmək istəməyən qüvvələr var. Lakin Prezident İlham Əliyevin dediyi kimi, müharibə onların yadından çıxmamalıdır və unutmasınlar ki, dəmir yumruq yerindədir.
Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşün də məqsədi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması idi. Bütün bunlar isə regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edəcək tədbirlərin həyata keçirilməsini özündə ehtiva edir ki, bu da Azərbaycanın maraqlarına uyğundur.
Moskvada aparılan üçtərəfli danışıqlardan sonra imzalanan bəyanat bir daha ona dəlalət etdi ki, Ermənistanın işğal siyasətindən əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Çünki bəyanat 2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması ilə bağlıdır. Həmin bənd bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını, Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması məqsədilə yeni nəqliyyat kommunikasiyalarının inşasını nəzərdə tutur. Artıq bu istiqamətdə əməli fəaliyyətə start verilib.
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Bu qələbəni xalqımıza yaşadan, ərazi bütövlüyümüzü bərpa edən Prezident İlham Əliyevin Qarabağın yenidən qurulması ilə bağlı planları böyükdür. Artıq Şuşa məsələsində xalqımız gördü ki, Prezident azad olunmuş torpaqların yenidən qurulmasına necə dərin həssaslıqla yanaşır. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş bütün ərazilərimiz ən qısa zamanda, ən yüksək keyfiyyət və həyat standartları çərçivəsində yenidən qurulacaq və Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacaq.

Hadi RƏCƏBLİ,

siyasi elmlər doktoru, professor

yap.org.az