Siyasət

  • 6 086

Zərifə Əliyeva şəxsiyyəti onun işıqlı əməllərində öz əksini taparaq yaşayır - Tofiq Cahangirov

image

“Bu gün Azərbaycanda oftalmologiya elmi sahəsində parlaq, silinməz izlər qoymuş unudulmaz insan, böyük alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98 ili tamam olur. Cahana həyat bəxş edən günəş bir damla suda əks olduğu kimi Zərifə xanım Əliyevanın da uca adı, təkrarsız şəxsiyyəti, ali insanlığı onun işıqlı əməllərində öz əksini taparaq yaşayır. Bu xanımın qadına, anaya, ömür-gün yoldaşına, alim və vətəndaşlara xas olan bütün mükəmməl cizgiləri özündə cəmləməsi yalnız Allah vergisi ola bilər. Əllərinin şəfası, dərin savadı, xüsusilə də incə qəlbi, şəfqət, sevgi dolu rəftarı ilə illərlə gözə nur verən Zərifə xanım sözün əsl mənasında Allah vergisinə sahib insan idi”. Bu sözləri SİA-ya açıqlamasında kardioloq, tibb elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Tofiq Cahangirov deyib.Professor bildirib ki, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsini bitirdikdən sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib, 1953-cü ildə Aspiranturanı bitirib: “Əvvəlcə Oftalmologiya İnstitutunda elmi işçi, sonra böyük elmi işçi, daha sonra Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz Xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası lobaratoriyasının müdiri, Oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb. İllər boyu apardığı müşahidələrin, kliniki tədqiqatların və təcrübələrin nəticələri Zərifə Əliyevanın dünyada ən məşhur Oftalmologiya mərkəzlərindən biri Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi doktorluq dissertasiyası olub və 1977-ci ildə Zərifə Əliyeva tibb elmləri doktoru alimlik dərəcəsini alıb”.T.Cahangirov vurğulayıb ki, həmin dövrlərdə dünyada, həmçinin Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı: “Azərbaycan Oftalmologiya elminin inkişafındakı xidmətləri ölçüyəgəlməz olan görkəmli alim o zaman geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı olan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparıb. Zərifə Əliyeva 12 monoqrafiya, dərs vəsaitinin, 150-ə yaxın elmi iş, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Həmçinin Zərifə xanım yüksək ixtisaslı kadrların hazırlanmasında da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin, həkim oftalmoloqların böyük bir nəsli yetişib. Görkəmli alim tələbələrə zəngin təcrübələr keçib, onlara diqqət və qayğı ilə yanaşıb. Zərifə xanım ən əsası tibbi etika və əxlaq məsələlərinə böyük önəm verib. Bu isə bir həkim üçün ən yüksək keyfiyyətlərdəndir. Zərifə xanım Əliyeva müstəqil Azərbaycanın qurucusu, Ümumilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olub. Zərifə xanımın elmi adlarının hər biri qürur-iftixar mənbəyidir və bütün ömrünü insanlara xidmət işinə sərf etmiş görkəmli alim, qayğıkeş ana Zərifə xanımın adı qədirbilən xalqımızın yaddaşına əbədi həkk olunub”.

sia.az

Digər xəbərlər