Siyasət

  • 4 660

Müasir Azərbaycanın Memarı ŞƏRH

image

Xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev ölkə həyatının bütün sahələrini əhatə etmiş misilsiz xidmətləri ilə adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir. Xalqın və ölkənin taleyində əvəzsiz rolu olan Ulu Öndər Heydər Əliyev zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi ilə Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Hələ Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən o zaman ən geridə qalmış respublikalardan biri sayılan Azərbaycanı qısa vaxt ərzində keçmiş İttifaqın ən qabaqcıl respublikaları səviyyəsinə yüksətdi.Azərbaycan xalqının Xilaskar Oğlu Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edirdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini əbədi etmiş oldu. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində müstəsna rol oynadı və Azərbaycan keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev, qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu."Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır", deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin Müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan, ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə, ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. Bu, Ümummilli Lider Heydər Əliyevin beynəlxalq nüfuzuna olan hörmətdən, Azərbaycanda sabit vəziyyətin və əlverişli investisiya mühitinin yaranacağına olan inamdan yaranmışdı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Ulu Öndər Heydər Əliyev Böyük Şəxsiyyət olaraq, cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması və qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, bundan sonra sistemli şəkildə ölkədə demokratik islahatlar aparıldı.Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir. Ulu Öndərin quruculuq və inkişaf xəttinin davamçısı olan Cənab İlham Əliyev Onun siyasi kursunu uğurla davam etdirməklə, ölkəmiz sabitliyin və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrilib. Azərbaycan Prezidenti Cənab İlham Əliyev hələ 2003-cü ildə Prezident seçkiləri ərəfəsində qeyd etmişdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Ötən on yeddi il, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hər birini yerinə yetirmişdir. Möhtəşəm nailiyyətlərin əldə olunması Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Müasir dövrümüzdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prioritet sahələrin inkişafının təmin edilməsinə hesablanan islahatlar qlobal miqyasda meydana çıxan yeni çağırışları, cəmiyyətin sosial sifarişlərini əhatə edir. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını yüksək səviyyədə təmin edib və bu, davam etdirilməkdədir. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlərin qurulması, eləcə də Azərbaycanın çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarı qismində çıxışı dövlətimizin uğurla xarici siyasət yürütməsini özündə ehtiva edir. Ölkəmizin bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması və s. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə daha da möhkəmləndirir.Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaratmış oldu. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü demiş oldu. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu döyüş meydanında erməniyə gücünü göstərdi. Xalq-iqtidar birliyi bizi zəfərə, qələbəyə apardı. Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Daim azərbaycanlı olması ilə fəxr edən Ulu Öndərin ruhu şaddır. 30 ildən bəri düşmən əsarətində olan torpaqlarımız azadlığına qovuşmuşdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. Əlbəttə ki, bu uğurların təməlində Dahi Şəxsiyyət Heydər Əliyevin düşünülmüş siyasəti dayanır.

Habil Qurbanov,
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər