Siyasət

  • 5 242

Heydər Əliyev idealları müqəddəsdir, Azərbaycan torpağı kimi… - EKSPERT ŞƏRH ETDİ

image

“Dünyanın siyasi mənzərəsini müəyyənləşdirən şəxsiyyətləri tarix yetişdirir. Tarix isə stabil deyil, olduqca çevik və bəşəriyyəti inkişaf burulğanına sürükləyərək sürətlə dəyişir. Bu zaman maşının ən gur və sürətli çağında yetişən insanlar elə zamanın özünə meydan oxuyan insanlar olur. Azərbaycan tarixində elə bir mərhələ mövcuddur ki, onun başlanğıcı olsa da sonu üfüqdə görünmür. Bu, Heydər Əliyev üfüqüdür. 1993-cü il iyunun 15-dən - Qayıdış günündən başlanan, bu gün də davam edən, gələcəkdə də davam edəcək Heydər Əliyev üfüqü özündən sonrakı mərhələlərin hər birini daha parlaq edərək Azərbaycan xalqının üzərinə hələ də çilənməkdə davam edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Politoloqun sözlərinə görə, Azərbaycan millətini millətlər, dövlətimizi dövlətlər səviyyəsinə qaldırmaq, mənsub olduğu xalqa, dövlətə sədaqətlə xidmət etmək hər bir vətəndaşın borcu və ən ümdə həyat amalı olsa da həlledici, tarixi zamanda və məqamlarda bütöv bir xalqı arxası ilə, həm də düzgün və işıqlı yola aparmaq hər kəsə nəsib olmur: “Hər bir dövlət adamı dövlətinə, dövlətçiliyinə illərlə xidmət edə bilər, lakin xalqına həlledici və taleyüklü zamanda lazım olmaq, bunun müqabilində sinəsini sözün həqiqi və məcazi mənasında güllə önünə, təhdid və təzyiq hədəfinə açmaq üçün də təkcə sonradan əldə olunan savad və dərin bilik deyil, təbiətin və yaradanın sənə bəxş etdiyi şəxsi keyfiyyətlər də olmalıdır. Yalanın, haqsızlığın, ədalətsizliyin gözünün içinə dimdik baxmaq, doğrunun, haqqın və adilin yanında dimdik dayanmaq kimi.Bəli, Heydər Əliyev tarixin yetişdirdiyi və yaradan tərəfdən də məhz sadalanan müsbət keyfiyyətlərə doğuşdan malik olan şəxsiyyət kimi xalqına ən lazım olan məqamda - 1993-cü ildə elə xalqın da təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi. Heydər Əliyev belə bir taleyüklü zamanda-məhv olmaqla var olmağın incə ipi üzərində səndələyən günlərdə Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas edərək ölkəmizi vətəndaş müharibəsinin caynağından azad etdi. Bir tərəfdən xaricdən Azərbaycan geosiyasi maraqların hərisinə çevirilən böyük güclərin diqqət mərkəzində isə, digər tərəfdən daxildə hakimiyyət hərisliyi ilə alışıb-yanan və hakimiyyətə gəlmək iddialarının və sönməz ehtiraslarının quluna çevirilən oyunbazların əlində alət olmaq təhlükəsi qarşısında idi. Bunların hər birinin önünə keçilməz sədlər çəkən də məhz Heydər Əliyev oldu. Beləliklə də, hər iki cinahda olduqca mahir siyasət yürüdən bu xalq adamı haqlı olaraq da Azərbaycanın xalqının Ümummilli Lideri, Ulu Öndəri titulunu tam haqlı olaraq əldə etdi.Tarixin və siyasi proseslərin gedişatının üzə çıxardığı reallıqlar fonunda sübut olunmuşdur ki, Heydər Əliyevin şəxsi keyfiyyətləri, nüfuzu, qətiyyəti, prinsipiallığı və ən əsası da ümummilli maraqları hər şeyin fövqündə tutması Azərbaycanı mövcud və baş verə biləcək bütün bəlalardan qorumaq, müstəqil dövlətçiliyimizi qurub onu möhkəmləndirmək gücünə və qüdrətinə malik idi. Bu səbəbdən də o öz çıxışlarının birində haqlı olaraq, bütün səmimiyyəti, ləyaqəti və fədakarlığı ilə deyirdi: "Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri kimi, bəziləri buna can atırlar, yox, götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Dəfələrlə demişəm həyatımın son dəqiqəsinə qədər mən bu xidməti edəcəyəm və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam, Azərbaycanın müstəqlilliyini qorumuşam və qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq".Ekspert söyləyib ki, bu söz çətin siyasi dönəmdə deyilməklə yanaşı, məna yükümü və məsuliyyəti də bir o qədər ağır idi: “Lakin zamanın sınağı və keşməkeşləri sübut etdi ki, bu sözdə də nə qədər böyük uzaqgörənlik var. Belə ki, 30 il ərzində sinəsinə torpaq işğalı çəkilən, bir milyondan artıq insanının fundamental hüquqları əlindən alınaraq qaçqın və məcburi köçkün olmağa məcbur edilən bir xalqın nümayəndəsi, Heydər Əliyev siyasətinin layiqli və fədakar davamçısı, ata mirasını layiqli icra edib son dərəcə haqlı olaraq özünü xoşbəxt övlad adlandıran Prezident İlham Əliyev zamanı eyni olmasa da, situasiyası analoji olan bir siyasi məqamda eynilə bütün siyasi təzyiqlərə, təhdidlərə mərd və mərdanə şəkildə sinə gərərək, sinəsini hərbi və siyasi arenada güllə önünə tutmaqda çəkinməyərək Azərbaycanı bütöv etdi. Bu gün Prezident İlham Əliyev heç kimdən qorxmayaraq tarixin vərəqlərinə müraciət edərək onun reallığını dilə gətirib Zəngəzur, İrəvan kimi tarixi torpaqlarımızın adını çəkir, onun dəmir yumruğu düşmənin başını əzdiyi kimi dəmir iradəsi də düşmənin canına vəsvəsə və vəlvələ salır. Prezident İlham Əliyevın regionda qətiyyətlə və qorxmadan yaratdığı yeni reallıqlarının nəticəsidir ki, Heydər Əliyevin də zamanında dediyi kimi “Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik”. Bu gün xalqımızın günəşi heç kimin əllərində deyil, o günəş kimlərinsə diqtəsi ilə şərqdə doğub, qərbdə batmır. Azərbaycanın sonsuz günəşi var, öz günəşi var, elə öz Vətənmizdə doğan, batmayan, onu aydınladan, üfüqləri ilə hər bir qarışımızı isidən... Bu günəş Heydər Əliyevdirsə, onun üfüqləri Azərbaycan gəncləridir... Heydər Əliyev: “Bütün işlədiyim və yaşadığım dövrlərdə mən heç vaxt, heç kəsə xəyanət etməmişəm. İnsan dözümlü olur. Mən, görünür ki, dözümlülərin içərisində daha da çox dözümlüyəm.» deyərkən o xəyanət etməyib sadiqlik yolunu tutmağı xalqının qarşısında götürdüyü öhdəlik, məsuliyyət və mütləq olaraq yerinə yetirməli olduğu söz olaraq görürdü. Bütün siyasi təzyiqlərə və təhdidlərə rəğmən xalqına görə dözümlülük nümayiş etdirirdi. Heydər Əliyev bütün və bütöv Azərbaycanın milli sərvəti, azərbaycançılıq məfkusərinin kodeksi, mayası vətən və xalq sevgisindən yoğrulan, işığı indiki və gələcək nəsilləri aydınladan əvəzolunmaz şəxsiyyətdir. Heydər Əliyev siyasəti müqəddəsdir, Azərbaycan torpağı kimi… Bu müqəddəs amalları uca tutan da Vətənimizi hifz etdiyi kimi hizf edən cənab Prezident İlham Əliyevdir. Biz, dövlətimizi sevən vətəndaşlar da bu müqəddəsliyin qorunub saxlanılması və cənab Prezident İlham Əliyevin siyasətinə sadiq insanlar kimi xidmət etməyi özümüzə həyat amalı olaraq müəyyənləşdirmişik”.Ş.Həsənova vurğulayıb ki, Heydər Əliyevin vəfatından sonra ilk gündən etibarən bu günə qədər olan bütün mərhələlərdə Azərbaycan xalqı əmin idi ki, müstəqil Azərbaycanın gələcəyi, onun inkişafı, hüquqi-demokratik dövlət quruculuğu, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial rifahının yaxşılaşdırılması Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətdən və siyasi kursdan kənarda deyil: “Elə məhz bu səbəbdən də 2003-cü ilin 15 oktyabrında keçirilən prezident seçkisində xalqımızın böyük əksəriyyəti Heydər Əliyev məktəbinin layiqli yetirməsi, onun böyük uzaqgörənliklə müəyyənləşdirdiyi, çətinliklərlə əsasını qoyduğu siyasi kursunun yorulmaz davamçısı, ölkə hüdudlarında və ondan kənarda mahir diplomat, görkəmli siyasi xadim kimi Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutan, milli dəyərlərə sadiq, bəşəri və modern dəyərlərə açıq yanaşan, praqmatik düşüncə tərzinə malik, kamil bir insan kimi tanınan və dünya siyasi arenasında olduqca müsbət imic və portret formalaşdıran cənab İlham Əliyevə səs verdi. “Zaman ən gözəl ələkdir” deyiminə bu gün bir güclü deyim də əlavə olunur ki, onu da məhz xalqımızın özü ölkə başçımıza ünvanlamışdır. O da bu sözün bütün məsuliyyətli aspektləri nəzərə alınmaq şərtilə “Cənab Prezident İlham Əliyev Azərbaycanın alternativsiz lideridir” deyimidir. Bunun özü də həyatın və təbiətin ədalətli və məntiqi nəticəsidir. Çünki həyatın özü qanunanuyğun olaraq o dərəcədə müdrik və adildir ki, Azərbaycan xalqı kimi müdrik bir xalqa, eyni zamanda mürəkkəb geosiyasi regionda yerləşən bir dövlətə rəhbərlik etməyə qadir olan şəxsiyyəti özü önə çıxardı.Ümummilli lider Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli xalqa müraciətində yenə deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Xalqımız 2003-cü ilin oktyabrın 15-də cənab Prezident İlham Əliyevə səs verərkən bir tərəfdən həm ümummillli lider siyasətinə səs verdisə, digər tərəfdən də xalqımız onu məhv olmağın astanasından xilas edən ulu öndərin məhz bu gününə ün və səs vermiş oldu. Həm ata vəsiyyətini yerinə yetirən, həm də xalq etimadını doğruldan millətinin qeyrətli və mərd oğlu İlham Heydər oğlu Əliyev “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərkən xalqının milli maraqlarını hər şeydən üstün tutur. Yalnız dərin biliyi ilə müasir dövrün ən aktual çağırışlarına cavab verən, eyni zamanda Heydər Əliyevin zəngin siyasi təcrübəsindən yararlanmağı bacaran, sarsılmaz iradə və böyük güclər qarşısında güclü, alovlu cəsarət göstərməyə qadir olan bir insan Azərbaycanın ərazi bütövlüyünü təmin edə bilərdi. Sonda tək bir sözlə daha və ən dəqiq ifadə etsək Ümummilli lider Heydər Əliyevin idealları və bu idealların təməl daşları üzərində qurulan Prezident İIham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etdi və müasir dünyada dövlətlərin mürəkkəb sınaqlarla üz-üzə qaldığı bir zamanda xalqımızı dünyada qürurlu xalq kimi tanıtdı. Yaşasın Ümumilli lider Heydər Əliyev idealları!”.

sia.az

Digər xəbərlər