Siyasət

  • 3 321

15 iyun – Milli Qurtuluşdan – şanlı qələbələrə doğru

image

Hər bir xalqın tarixində onun taleyinin həll edildiyi və əsrlər boyu anılacaq günlər olur ki, məhz həmin günlər dövlətçilik məfkurəsində yeni bir dövrün başlanğıcı kimi qəbul olunur. Azərbaycan xalqı bəlkə də dünyada yeganə xalqdır ki, ilin bir günü onun həyatında tarixi iki gün kimi dəyərləndirilə bilər. Bəli, məhz 15 iyun günü bu ilə qədər Milli Qurtuluş günü kimi xalqımız tərəfindən bayram günü olaraq qeyd edilirdisə, bu ildən etibarən 15 iyun günü həm də dövlətçiliyimiz üçün müstəsna əhəmiyyət kəsb edən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması günü kimi tarixi status əldə etmişdir.

Bəli, hamıya su kimi aydındır ki, 1993-cü ilin 15 iyun günü ölkəmizin müstəqilliyinin xilas olunduğu, parçalanma və bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmə təhlükəsinin sovuşduğu, xalqımızda qələbə inamının doğulduğu gün, Azərbaycan tarixinin qızıl səhifələrindən biri kimi daim əziz tutulacaq, bayram ediləcəkdir. Onun da sübuta heç bir ehtiyacı yoxdur ki, bu tarixi gün ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması ilə reallığa çevrilmişdir.
Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll edildi, ölkədə əmin-amanlıq, siyasi sabitlik bərqərar olundu.
2021-ci ilin 15 iyunu öz əhəmiyyəti, məziyyətləri, milli olduğu qədər də dünyəviliyi nöqteyi-nəzərindən gələcəyə hesablanmış uğurlar potensialını özündə ehtiva edən Şuşa Bəyannaməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanması və dünyaya bəyan edilməsi günü kimi tariximizin yeni erasının başlanğıcı olaraq dəyərləndirilməlidir.
Əlbəttə, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin fəlsəfəsi, yeni dövrün çağırışlarını, dayanıqlı və davamlı gələcəyin qayəsini, hədəf və imzalanma mərhələlərinin özəlliklərini şərh edəcək araşdırma və tədqiqat işləri aparılacaq və bu Bəyannamənin həqiqi dəyərləndirilməsi baş tutacaqdır. Lakin, bəri başdan biz belə bir fikrimizi ifadə edək ki, necə ki, 44 günlük Vətən müharibəsindəki zəfərlərimizin taktika və strategiyasının sirləri dünya hərb mərkəzlərinin diqqət obyektinə çevrilmişdir, eləcə də Şuşa Bəyannaməsi dünya siyasətçilərinin maraq sferasında mühüm predmetə çevriləcəkdir.
Biz isə ilkin olaraq “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin bəzi məziyyətlərini göstərmək istərdik:
Birincisi, Bəyannamənin milli olduğu qədər də regional və qlobal hədəflərə ünvanlanması;
İkincisi, təhlükəsizliyin qorunub saxlanılmasının və yeni münaqişələrin qarşısının alınmasının vacibliyinin regional ruhunun bütün tərəflərə aşılanması;
Üçüncüsü, Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının bundan sonra müttəfiqlik zəminində daha da zənginləşdirilməsi, gücləndirilməsi və həmahəngliyi;
Dördüncüsü, regional iqtisadi inkişafın konturlarının bəyan edilməsi və bütün qonşu ölkələr üçün əhəmiyyət kəsb etməsi haqda konseptual olduğu qədər də real imkanların ehtiva edilməsi;
Beşincisi, Bəyannamənin tarixi köklərə söykənməsi və son illərdə Azərbaycan və Türkiyə dövlətləri tərəfindən qəbul edilmiş ikitərəfli sənədlərlə, habelə Beynəlxalq təşkilatların tövsiyələri ilə üzvü surətdə uzlaşması.
Bu qısa dəyərləndirmənin sonunda ölkəmizin uğurlarına qara yaxan, qısqanclıqla yanaşan, hər bir işdə nöqsan axtarmağa çalışan daxili və xarici bədxahlara bir qədim Şərq misalı çəkmək istərdim: “Digərlərində nöqsan axtarmağı boşlayın. Yox, əgər sizə nöqsan axtarıb tapmaq hökmən lazımdırsa, özünüzün nöqsanlarınızı və zəif cəhətlərinizi tapın”.

Vahid Novruzov
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, professor

yap.org.az

Digər xəbərlər