PDF Oxu

Siyasət

  • 3 174

“Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir” - TƏHLİL

“Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir” - TƏHLİL

“Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, göstərilən birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir”.Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib. Dövlət başçısı bildirb ki, biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik: «Baxın, görün, Ermənistan indi hansı bəyanatlar verir? Otuz il ərzində uydurulan mifologiyadan əsər-əlamət yoxdur. Bəs, haradadır bunların müzəffər ordusu? Haradadır yenilməz erməni əsgəri? Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı, öz dərsini aldı”.

Dövlətimizin başçısı deyib ki, Ermənistan ordusu yoxdur. Biz onu məhv etmişik, belə dibdən-kökdən məhv etmişik: “Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib”.

“Dəmir yumruq”: Xalqın birlik, güc rəmzi

Bəli, “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqının birlik, güc rəmzi ilə böyük qələbə, zəfər tarixini yazdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın dəmir yumruğunun ətrafında birləşməsi ilə bütün dünyaya gücünü göstərdi. Ermənistan bu illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstəməsinə baxmayaraq, Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi!

Və noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin videokonfrans formatında keçirilən görüşdə birgə Bəyanat imzalandı. Bu bəyanatla bəyanatla işgal altında olan torpaqlarımız, o cümlədən Kəlbəcər, Ağdam və Laçının bir güllə belə atmadan qaytarılması, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, bütün daxili məcburi köçkün və qaçqınlarımızın öz ata-baba yurdlarına, Dağlıq Qarabağa və onun ətraf ərazilərinə qayıtması və Naxçıvan Muxtar Respublikasına quru sahəsi ilə birbaşa yolun açılması böyük tarixi hadisədir. Bu "Dəmir yumruq"un və Azərbaycan Ordusunun gücü sayəsində baş verdi. 1 milyondan çox soydaşlarımızın torpaq, yurd həsrətinə son qoyuldu.

Bir sözlə, sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı və 30 ilə yaxın davam edən işğala həmişəlik son qoyuldu. Güclü Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.

Ali Baş Komandanımız, Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı da bildirdi ki, 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq: "Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq".

Ən əsası isə bütün bu uğurlar, məhz ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli addımı, mövqeyi və nəhayət yürütdüyü "Dəmir yumruq" siyasəti dayanır.

Elə bu günlərdə Ali Baş Komandanımız, Prezident İlham Əliyev oktyabrın 3-də Bərdə və Tərtər rayonlarına səfəri çərçivəsində Suqovuşan qəsəbəsində və Talış kəndində bayrağımızı ucaltdı. Bu mühüm hadisənin çox dərin rəmzi mənası və əhəmiyyəti vardır. Çünki 30 ilə yaxın dövrdə torpaqlarımızın işğaldan azad edilməsi, üçrəngli bayrağımızın bu ərazilərdə dalğanlanması arzusu ilə yaşayan xalqımız artıq bir ildir ki, bu reallığın sevincini yaşayır. Həmçinin, dövlət başçımızın işğaldan azad edilmiş torpaqlarımıza səfərləri zamanı bayrağımızın ucaldılması mərasimi bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajını çatdırır: Bayrağımız torpaqlarımızda daim dalğalanacaq, Qarabağımızda əbədi yaşayacağıq.

Prezidentimizin çıxışlarında, müsahibələrində, xalqa müraciətlərində dediyi kimi: "Bu yumruq elə belə yumruq deyil, bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər