PDF Oxu

Siyasət

  • 2 035

İşğaldan azad olunan ərazilərdə minaların təmizlənməsinin zamana ehtiyacı var ŞƏRH

İşğaldan azad olunan ərazilərdə minaların təmizlənməsinin zamana ehtiyacı var ŞƏRH

Prezident İlham Əliyev: "Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir"

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın döyüş meydanında qazandığı Zəfər bütün dünyaya yayıldı və ölkəmizin qısa bir zamandakı hərbi əməliyyatı, taktikası dünya ölkələri tərəfindən böyük maraqla qarşılandı. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla, onları torpaqlarımızdan "iti qovan kimi" qovaraq məğlub etməsi 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın azad olunması ilə nəticələndi. Artıq Azərbaycan işğaldan azad olunan torpaqların abadlıq-qurucuqluq işlərinə başlayıb. Həyata keçirilən layihələr bu ərazilərin yaxın vaxtlarda dirçəlməsinə səbəb olacaq. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrini birində bildirdiyi kimi, "Biz çox böyük sürət götürmüşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır".

"DAĞINTILARIN MİQYASI ELƏDİR Kİ, İNSAN, SADƏCƏ, MAT QALIR"

Təbii ki, yaxın zamanda bunun reallaşması bir qədər çətindir. Belə ki, erməni təcavüzkarları işğal altında olan ərazilərimizi darmadağın edərək xarabazarlıqlara çeviriblər. "Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb", - deyən Prezident qeyd edib ki, dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır: "Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir. Təsəvvür edin, dünyada heç də ən kiçik olmayan bir ölkənin Livanın ərazisinə bərabər ərazini tikmək, abadlaşdırmaq lazım gələcək. Bunu, sadəcə, təsəvvür etmək üçün dedim. Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə".

MİNLƏRLƏ VƏTƏNDAŞIN, MİNATƏMİZLƏYƏNLƏRİN HƏYATI ÜÇÜN TƏHLÜKƏ

Bu gün həmin ərazilərdə genişmiqyaslı layihələr icra olunur. Şuşaya Zəfər yolu, Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir. Dini-tarixi abidələr bərpa olunur. İnfrastruktur layihələri icra olunur. Yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları salınır. Əlbəttə ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilasıdır. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur. Azərbaycan zəfər qazandıqdan sonra bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşüb. Onlardan bəziləri həlak olub, bəziləri isə sağlamlığını itirib. Bu xəritələrin verilməsi işğaldan azad edilmiş ərazilərdə tikinti və yenidənqurma layihələrini tez bir zamanda reallaşmasına səbəb olar. Dövlət başçısı "Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir" - deyə bildirib: "Minalanmış sahələrin xəritələrinin çox hissəsini isə bizə vermirlər. Ona görə bu çox çətin işdir, onu sürətlə icra etmək mümkün deyil. Nə qədər vəsaitin olsa belə, bunun üçün vaxt lazımdır". Bu gün əlbəttə ki, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Təhlükəsiz hərəkət üçün yollar minalardan təmizlənir. İşğaldan azad olunan ərazilərdə bu günədək 16000-dən çox mina və partlamamış döyüş sursatı utilizasiya edilib.

Onu da qeyd edək ki, mina partlayışları nəticəsində həyatını itirən insanların sayının artması nəticəsində Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək məqsədi ilə Azərbaycan tərəfindən dünya ictimaiyyətinə, beynəlxalq qurumlara və təşkilatlara, o cümlədən BMT-nin Baş Katibliyinə, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa Şurasına və Avropa İttifaqına müraciət ünvanlanıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməsə də, bu gün artıq Azərbaycan işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərini davam etdirir. Azərbaycanın dinamik inkişafı tezliklə işğaldan azad olunan ərazilərimizin bərpasına imkan verəcək və illərdir vətən həsrəti ilə yaşamış insanlar əzəli torpaqlarımıza qayıdacaqlar.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər