PDF Oxu

Siyasət

  • 2 860

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması nəhəng işlərin zirvəsi hesab oluna bilər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması nəhəng işlərin zirvəsi hesab oluna bilər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Prezident İlham Əliyevin işğaldan azad olunmuş Cəbrayıl rayonuna 4 oktyabr səfəri zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidənqurulmasının sürətlə həyata keçirilməsinin şahidi olduq. Quruculuq işlərinin hazırkı miqyası və sürəti ölkəmizin iqtisadi gücünü sərgiləyir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, 30 illik işğal dövrü ərzində ermənilər tərəfindən viran qoyulmuş, yerlə yeksan edilmiş ərazilərdə son bir ildə aparılan quruculuq işləri heyranlıq doğurur: “Keyfiyyət baxımından yeni yanaşma irimiqyaslı müasir infrastruktur layihələri nəinki Azərbaycan, bütün region üçün iqtisadi dividentlər vəd edir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan bu möhtəşəm quruculuq işlərini əsasən öz iqtisadi potensialı və gücü hesabına həyata keçirir. Qeyd edək ki, Cəbrayıl erməni işğalndan ilk azad olunmuş rayonumuzdur. Cəbrayılın ardınca Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdi, daha sonra Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü”.

Deputat qeyd edib ki, ölkəmizin cənub sərhədini qoruyan Cəbrayıl rayonun bərpası həm də strateji önəm daşıyır: “Ərazisi 1050 kv.kilometr olan rayonda hazırda elektrik təchizatı ilə bağlı işlər demək olar ki, yekunlaşıb, su elektrik stansiyalarının qurulması işləri də sürətlə davam edir. Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri zamanı şəhərin Baş Planı ictimaiyyətə təqdim olundu. Artıq birinci yaşayış binasının təməli qoyulub, eləcə də xəstəxana, məktəb, iş yerləri olacaq. Hazırda 4-6 zolaqlı yol çəkilir, bu, Cəbrayıla gələn vətəndaşlar üçün rahatlıq deməkdir, eləcə də buradan keçən Zəngəzur dəhlizindən istifadə edə biləcəklər”.

S.Mikayılova vurğulayıb ki, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması isə burada başlanılan nəhəng işlərin zirvəsi hesab oluna bilər: “200 hektarı əhatə edən yeni iqtisadi zonaya artıq ilkin maliyyə vəsaiti ayrılıb, ilkin investorlar da müəyyən olunub. Xüsusilə Türkiyə və Rusiya şirkətləri burada investisiya layihələrində fəal iştirak edirlər. Cəbrayıl rayonu zəngin təbii ehtiyatlara malikdir və bu, yeni iqtisadi sektorlarının yaradılması üçün zəmin yaradır. Azad olunmuş ərazilərin sürətli bərpa olunaraq ölkə iqtisadiyyatına inteqrasiyası Azərbaycanın əsas hədəflərindən biri kimi müəyyənləşir və bu, ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaradacaq. İnfrastruktur layihələrinin miqyaslı icrası bu məqsədə xidmət edir və bir zamanlar bu yerləri tərk etməyə məcbur qalmış vətəndaşlarımızın geri dönüb burada normal həyata başlamalarını təmin edəcək”.

sia.az

Digər xəbərlər