Siyasət

  • 2 866

Vüqar Rəhimzadə: “Müstəqillik Günü haqqında” qanun layihəsi Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir müstəqil Azərbaycan arasında siyasi-hüquqi varisliyi ifadə edir

image

“XX əsrdə Azərbaycanın dövlət müstəqilliyini həm qazanması, həm də məlum səbəblərdən çox qısa müddətdə itirərək əsrin sonlarında yenidən bərpa etməsi özündə bir çox mühüm məqamları ehtiva edir. 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi iki ilə yaxın yaşasa da zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyaraq, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə gələcək müstəqilliyimiz üçün etibarlı zəmin hazırladı. Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. Məhz 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsi kimi dəyərləndirildi. Bu baxımdan 28 may 1918-ci il tarixinin Müstəqillik, 18 oktyabr 1991-ci il tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, eyni zamanda, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.”Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.V.Rəhimzadə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu önə çəkərək çağdaş Azərbaycanın məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi: “Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanın Xalq Cümhuriyyətinin varisi elan edilməsi ölkəmizin beynəlxalq aləmə təqdimatında əhəmiyyətli rol oynadı. Beynəlxalq ictimaiyyət Azərbaycanın zəngin dövlətçilik tarixinə, ənənələrə malik ölkə olduğunu görür və qəbul edir. Dünyanın aparıcı dövlətlərinin rəhbərləri bu reallığı daim bəyan edirlər ki, Azərbaycan ənənələri olan ölkədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın demokratiya təcrübəsinə malik, tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə olması xüsusi qeyd edilərək, gələcəkdə Aİ ilə ölkəmiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların olduğu bildirilir”.

“Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan inkişaf yolunda inamlı addımlarla irəliləyir” söyləyən V.Rəhimzadə qeyd edib ki, yaxın günlərdə müstəqilliyinin bərpasının 30 illiyini qeyd edəcək Azərbaycan Respublikası dünya miqyasında sabitlik diyarı, iqtisadi möcüzələr, demokratiya təcrübəsi nümunə olan ölkə, iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınır. İqtisadi müstəqillik siyasi müstəqilliyə geniş imkanlar açaraq Azərbaycanın dünya birliyinin layiqli üzvü, beynəlxalq miqyasda söz sahibi kimi tanınmasında əhəmiyyətli rol oynayır. Azərbaycan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təmələ əsaslanaraq son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan təkmil islahatlar nəticəsində dünyanın ən islahatçı ölkəsi kimi nüfuz qazanıb. İqtisadi uğurlarımız bütün sahələrdə yüksək göstəricilərə, o cümlədən müstəqilliyimizin qarantı olan ordumuzun maddi-texniki bazasının möhkəmlənməsinə, döyüş ruhunun artmasına, bir sözlə, dünyanın ən güclü orduları sırasında qərarlaşmasına yol açdı. Azərbaycanın davamlı inkişafı xalqımızın birliyində, həmrəyliyində özünün aydın ifadəsini tapdı. Dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu islahatların ölkəmizin qarşısında açdığı imkanlar hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi yaradaraq həyata keçirilən siyasətə dəstəyin ifadəsi kimi ölkə Prezidentinin ətrafında sıx birləşdi. Məhz bu birlik, həmrəylik müstəqilliyimizin əbədiliyini, sarsılmazlığını təmin etdi. Ulu öndər Heydər Əliyev müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı çətinliklərdən xilasının, dayanıqlı inkişafının təmin olunmasının yollarını açıqlayarkən etdiyi çağırışlardan biri də bu oldu ki, ölkəmizin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir. Məhz bu amillər 30 illik işğala 44 gündə son qoymağa əsas yaratdı.»
“Bu gün tarixi Qələbəmizin yaratdığı reallıqları yaşayırıq. Zəfərimiz, Azərbaycan ərazisində artıq Dağlıq Qarabağ adlı ərazi vahidinin olmaması, münaqişənin tarixə qovuşması ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzlərə yenidən baxışı zərurətə çevirir. 28 may tarixinin Müstəqillik, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Milli Məclisin oktyabrın 12-də keçirilən iclasında ikinci oxunuşda qəbul olunan «Müstəqillik Günü haqqında» qanun layihəsi keçilən yolun təhlili fonunda hadisələrə yenidən baxışı özündə ehtiva edir. Azərbaycanın Vətən müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılmasını, tarixi torpaqlarımızda qurulmuş indiki Ermənistan ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunmasını və digər məsələləri də aktuallaşdırdı. Düzəlişlər ümumilikdə AXC ilə müasir müstəqil Azərbaycan arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edir», - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

yap.org.az

Digər xəbərlər