Siyasət

  • 16 603

28 may tarixinin müstəqillik günü, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır

image

Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı mövqeyi, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri etdi.

Hazırda qarşıda çox mühüm vəzifələr durur. Qələbənin daha da möhkəmləndirilməsi, Azərbaycanın yaratdığı yeni reallıqların bütün dövlətlər tərəfindən qəbul edilməsinə nail olmaq bu vəzifələr sırasına daxildir.
Azərbaycanın Vətən Müharibəsində qələbə qazanaraq tarixi ədaləti bərpa etdi, SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxardı. Bütün bunlar tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri zəruri etdi. Yeni reallıqlar nəzərə alınaraq Prezident İlham Əliyevin tarixi Fərmanı ilə yeni iqtisadi zonalar – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı.
Hazırkı mərhələdə Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb. Bu bir daha sözügedən məsələyə sistemli baxışı zəruri edir.
Qeyd etmək lazımdır ki, 28 may tarixinin müstəqillik günü, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Heç şübhəsiz ki, uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir. Bu baxımdan sözügedən dəyişiklik xüsusi əhəmiyyət daşıyır.
Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini qoruyur.
Dünyanın bir çox ölkələrində istiqlal günü “Müstəqillik Günü” kimi qeyd olunur. Məsələn qonşu ölkə Gürcüstanda da milli dövlətin doğum günü “Respublika günü” deyil, “Müstəqillik günü” adlandırılır. ABŞ öz yaranma tarixini “İstiqlaliyyət günü” kimi qeyd edir.
Bütün bunlar sözügedən dəyişikliklərin hansı zərurətdən irəli gəldiyini bir daha göstərir.

Ceyhun Məmmədov,
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü

Digər xəbərlər