Siyasət

  • 1 466

"Qoşulmama Hərəkatının nüfuzu xeyli yüksəlib" - MÜNASİBƏT BİLDİRİLDİ

image

“Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli toplantı vasitəsilə bütün dünya bir daha şahid olub ki, Azərbaycan hər zaman ədalətin, beynəlxalq hüququn, dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin toxunulmaz olduğunun tərəfdarıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.Onun sözlərinə görə, oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş yüksək səviyyəli toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev tədbirin açılış hissəsinə sədrlik edib və video-formatda geniş məruzə ilə çıxış edib: "Çıxışı zamanı cənab İlham Əliyev güc yolu ilə hər hansı dövlətin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu və Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını xüsusi vurğulayıb. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olub və qısa müddət ərzində Azərbaycan bu quruma üzv dövlətlərin böyük hörmət və etimadını qazanıb. Bu hörmətin təzahürü olaraq 2016-cı ildə Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatının sədri seçilib. 2019-cu ildə Qoşulmama Hərəkatının Zirvə toplantısı Bakıda keçirilib. Azərbaycan sədrlik etdiyi müddətdə Qoşulmama Hərəkatının nüfuzu xeyli yüksəlib. Azərbaycan hər zaman Qoşulmama Hərəkatının əsas prioritetlərindən olan ədalətin və beynəlxalq hüququn normalarının pozulmaması prinsipini müdafiə edib. Azərbaycan dövlətinin Qoşulmama Hərəkatına sədrliyi bütün dünya üçün çətin olan bir dönəmə təsadüf edib. 2020-ci ilin əvvəllərindən bütün dünya Covid-19 pandemiyasına məruz qalıb. Azərbaycan qlobal səviyyədə pandemiya ilə mübarizədə bir sıra təşəbbüslər irəli sürüb. 2020-ci ildə Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Zirvə toplantısını təşkil edib və keçirib. Məhz həmin toplantıda cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin humanitar və tibb ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb. Bu bazanın yaradılması pandemiya ilə mübarizədə çox effektli bir vasitə olub. Belə ki, bu gün də ÜST pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin hansı tibb ləvazimatı və vasitələrə ehtiyacı olduğu məlumatını həmin bazadan alır. Həmin Zirvə toplantısında cənab İlham Əliyev BMT-yə üzv dövlətlərin koronavirusla mübarizəyə həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyanın çağırılması barədə təşəbbüs irəli sürmüşdü. BMT-yə üzv olan 150-dən çox dövlət bu təklifi dəstəkləyib".Kamilə Əliyeva fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq səviyyədə koronavirusla mübarizədə öz dəstəyini əsirgəməmişdir: "Bu məqsədlə ÜST-ə 10 milyon ABŞ dolları ianə etmiş, bunun da yarısı Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulmuşdur. Ölkəmiz 150 dən çox dövlətə humanitar və maddi yardım göndərmiş, 4 ölkəyə təmənnasız olaraq 150 min peyvənd göndərmişdir. Azərbaycan dövləti hər zaman "peyvənd millətçiliyinə" və peyvəndlərin zəngin dövlətlər tərəfindən tələbatlarından qat-qat artıq peyvənd alınmasına qarşı öz etirazını bildirmişdir. Ölkə başçısı çıxışında qeyd etdiyi kimi dünyada istehsal olunan peyvəndlərin 75 faizindən çoxu 10 ən çox inkişaf etmiş ölkələr tərəfindən alınmışdır. Yoxsul və az gəlirli ölkələrdə peyvəndləmə 2 faizdən də aşağıdır. Cənab İlham Əliyev hər zaman bu ədalətsizliyə qarşı etirazını bildirmişdir.Kamilə Əliyeva fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Toplantıdakı çıxışı zamanı ölkə başçımız dünyada hələ də ikili standartların mövcud olması, beynəlxalq hüququn işləməməsini vurğuladı. Bu səbəbdən dünyada münaqişələr öz ədalətli həllini tapmır. Dünyada ikili standartlar hökm sürdüyü üçün Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxlamışdır. Cənab İlham Əliyev toplantı iştirakçılarının nəzərinə onu da çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən təcili və qeyd-şərtsiz çıxmaları barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan tərəfindən yerinə yetirilməmişdir. Buna baxmayaraq Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib. Bundan istifadə edən Ermənistan işğalçılıq siyasətini davam etdirməyə, Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başlayıb. Azərbaycana qarşı təxribat törətməyə, hərbiçilərimizi, mülki əhalimizi atəşə tutaraq qətlə yetirməyə başlayıblar.Azərbaycan Ordusu bu təxribatlara cavab olaraq 27 sentyabr 2020-ci ildə əks-hücuma keçərək 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasını özü təkbaşına həll edib. Cənab İlham Əliyev çıxışında Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin daim dəstəkləndiyini də qeyd edib. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamənin hazırlanmasına, Qoşulmama Hərəkatına və eyni zamanda BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olan 7 dövlət bu sənədin qəbuluna imkan verməyiblər. Bu Azərbaycana olan hörmət, eləcə də Hərəkatın prinsipial mövqeyinə sadiqliyin nümunəsidir. Azərbaycanın Qoşulmama Hərəkatındakı səmərəli fəaliyyətini nəzərə alan Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın sədrliyini 2023 cü ilə qədər uzadılmasına qərar verdi. Bu qərar cənab İlham Əliyevin nüfuzuna və Qoşulmama Hərəkatının Azərbaycana verdiyi yüksək dəyərdir. Cənab İlham Əliyev Qoşulmama Hərəkatının fəaliyyəti ilə bağlı, eləcə də Qoşulmama Hərəkatı adından BMT də baxılması üçün bir neçə səmərəli təkliflə çıxış edib. Əminəm ki, BMT-yə və Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən bu təşəbbüslər bəyəniləcək və qəbul ediləcək".

Abutel İlhamqızı

Digər xəbərlər