Prezident İlham Əliyev: “Böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad etdik!”
Azərbaycan Prezidenti, Qalib Lider “Dəmir yumruq” siyasəti ilə Azərbaycanın şanlı Ordusunun əsgər və zabitlərinin rəşadəti ilə 1993-cü il 23 avqust işğal tarixinin üstündən bir xətt çəkərək, üzərinə 2020-ci il 17 oktyabr zəfərini yazdı. Bəli, Ordumuz 17 oktyabr növbəti qələbə müjdəsi – Füzuli işğaldan azad edildi. Bu gün bu qələbələrimizlə hər gün, hər an Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyev xalqımıza qələbə sorağını verdikcə, Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgərlərimiz, həmçinin, xalqımızla qürur duyuruq. Dövlət başçımızın Vətən Müharibəsinin 24-cü günündə xalqımıza növbəti qələbə müjdəsini – “Bu gün Füzuli şəhəri və rayonun bir neçə kəndi işğalçılardan azad edilib” verdi.
Qeyd edək ki, ilk gündən bu günə kimi - İkinci Vətən Müharibəsinin 44 günü ərzində xalqımıza verdiyi qürur doğurucu xəbərləri bizə yaşadan Liderimiz öz xalqı, qüdrətli Ordusu və rəşadətli əsgərləri ilə fəxr etdiyini, qürur duyduğunu deyir. Ancaq bütün bunlara Ali Baş Komandanımız, dövlətimizin başçısı İlham Əliyev cənablarının düşünülmüş uğurlu siyasəti – “Dəmir yumruq” əməliyyatı ilə nail olduq və bu gün də oluruq.
17 oktyabr - Azərbaycan dövlətinin tarixində əbədi qalacaq
Bəli, Azərbaycan dövlətinin və xalqının tarixinə yazılan 17 oktyabr. Azərbaycanın Füzuli şəhəri işğaldan azad etdiyi gün. Dövlət başçısı xalqa müraciətində qeyd edib ki, Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir: “Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Dövlət başçısı deyib ki, 17 oktyabr Azərbaycan xalqının, füzulililərin, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq: “Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib”.
“Baxmayaraq ki, namərd, xain, alçaq düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur, bugünkü atəş nəticəsində azyaşlı uşaqlar da həlak olub, mən bir daha demək istəyirəm ki, biz qisasımızı mülki vətəndaşlardan almamalıyıq. Biz döyüş meydanında qisasımızı alırıq, alacağıq, şəhidlərimizin, həlak olanların qanı yerdə qalmır və qalmayacaqdır”,-deyən Azərbaycan Prezidenti bir daha Ermənistanın faşist rəhbərinə sərt xəbərdarlığını edib: “Bir daha Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, qalan torpaqlardan öz xoşu ilə çıxsın. Onsuz da biz onları oradan rədd edəcəyik. Onsuz da onların izi-tozu da o torpaqlarda qalmayacaq. Onsuz da onları biz sona qədər qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin!”
“Füzuli əməliyyatı rəmzi məna daşıyır”
“Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı»,-deyən dövlət başçısı bildirib ki, böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik: "Bütün bu qələbələr Azərbaycan Ordusunun və rəşadətli əsgərlərimizin döyüş qabiliyyətinə və texniki təminata malik olduğunun göstəricisidir”. Bu məqamda dövlət başçısını Azərbaycan televeziyasına verdiyi müsahibəsi zamanı dediyi fikirləri bir daha vurğulamaq istərdim: “Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur. Bir üç-dörd mərtəbəli hərbi hissənin binasıdır. Cəbrayıl şəhərində, şəhərin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda bir neçə ev sadəcə olaraq qalıbdır, özü də yarıdağılmış vəziyyətdə...Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir...Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik”.
Bir də nəyi, necə və nə zaman etməyi yaxşı bilən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev nə xoş ki, bu gün ölkənin baş memarı kimi düşmənin viran qoyduğu xarabalıqlar üzərində yeni və müasir Qarabağ qurur. Bir il arxada qaldı. Amma Zəfər yürüşü davam edir. Qarabağda genişmiqyaslı abadlıq, quruculuq işləri gündən-günə vüsət alır. Dünən əlində silah düşməni doğma yurd yerlərimizdən qovan oğullarımız bu gün daş üstə daş qoyub min bir həvəslə yeni Qarabağ tikib-qurur. Əlləriniz var olsun, istəyiniz, arzunuz gerçəkləşsin!
Füzulidə tikinti-quruculuq abadlıq işləri davam edir
İşğaldan azad olunan bütün rayonlarımız kimi Füzuli rayonu da dövlətin diqqət və qayğısı ilə daim əhatə olunub. Bu gün Füzuli rayonun işğaldan azad olunmuş ərazisində də tikinti-quruculuq abadlıq işləri davam edir. Əhalinin sağlamlığının qorunmasının və göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə rayonun Bala-Bəhmənli kəndi ərazisində müasir tipli Mərkəzi rayon Xəstəxanasının inşası hal-hazırda davam etməkdədir. Bununla yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı istiqamətində iri miqiyaslı, müasir standartlara cavab verən Aqroparkın, Horadiz şəhərində Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin, Heydər Əliyev Fondunun hesabına Bala Bəhmənli kənd tam orta məktəbinin, Arayatılı, Əhmədbəyli və Mahmudlu-2 kəndlərində uşaq bağçalarının, Aşağı Yağlıvənd kəndi ərazisində barama qurutma məntəqəsinin, Əhmədalılar kəndində 35 fərdi yaşayış evinin, kərpiç evlər adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri üçün 95 evin tikintisi davam edir.
Füzuli aeroportunun “işıq sürəti ilə” inşasının daha bir sirri -düşmənə mesaj
Azərbaycan dövləti düşmənə Füzulinin artıq tarixə dönən işğal günündə müasir səviyyəli beynəlxalq hava limanına döyüş təyyarələrini endirməklə cavab verdi; F 16-lar üçün ideal imkanların yaradıldığı daha bir ünvan; uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv.metrlik 8 hava gəmisinin dayanması üçün sahədən ibarət olan hava limanının açılışına günlər qaldı; polkovnik: “Ora təkcə F-16-lar deyil, ağır tonnajlı hərbi yük təyyarələri də enəcək”. Son 28 ildə ilk dəfə Füzuli və Cəbrayıl rayonlarının işğal tarixini geniş şəkildə qeyd etmədik, çünki artıq Qarabağın digər əraziləri kimi, bu yaşayış məntəqələri də düşməndən azad edilib. Üstəlik, Müzəffər Ordumuzun böyük zəfərindən keçən müddət ərzində Qarabağın yenidən qurulması istiqamətində nəhəng layihələr həyata keçirilməkdədir. Füzuli Beynəlxalq Hava Limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılması istiqamətində görülən işlər də hər bir Azərbaycan vətəndaşı tərəfindən sevinclə qarşılandı. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin yaydığı məlumata görə, 20-25 avqust tarixlərində Füzuli Beynəlxalq hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir. Xüsusi hərbi təyyarənin sınaq uçuşlarını uğurla həyata keçirərək, Füzuli Hava Limanının eniş-uçuş zolağına enməsi səhnəsi isə qürurvericidir. Özü də sınaq uçuşlarının məhz bu ərəfədə, Füzulinin işğal olunduğu tarixdə həyata keçirilməsinin də rəmzi mənası var, bu faktın özü erməni işğalına, vandalizminə növbəti mükəmməl cavabdır! Keçən ilin bu vaxtı çoxumuzun ağlına gəlməzdi. Amma bu, bir reallıqdır, yayılmış kadrları təkrar-təkrar seyr etməyə dəyər: Füzulidə yeni tikilib istifadəyə verilmiş hava limanının pistinə ilk təyyarə endi... Gözəl mənzərədir. Özü də Qarabağda 3 hava limanı - Füzuli, Zəngilan və Laçında - tikilib istifadəyə veriləcək ki, bu faktın özü dövlətimizin qüdrətini nümayiş etdirir. Bu hava limanları Qarabağın qarantı, işğaldan azad edilmiş və yaxın gələcəkdə ediləcək (!) ərazilərin təhlükəsizliyinin ən ciddi təminatçısıdır.
Bir sözlə, bu hərbi nailiyyət Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin gücünü, qüdrətini, Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya nümayiş etdirdi. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!
RƏFİQƏ KAMALQIZI