PDF Oxu

Siyasət

  • 4 941

Ağdaş rayonunun Şıxlı kəndində şəhid Əyyub Osmanovun doğum günü qeyd olunub ANIM

image

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük Vətən müharibəsində 15 oktyabr 2021-ci il tarixində şəhidlik zirvəsinə ucalan Osmanov Əyyub Azər oğlunun doğulub boya-başa çatdığı Şıxlı kəndində doğum günü münasibətilə tədbir keçirilmişdir. Şəhidin 26-cı doğum günü münasibətilə onun adına inşa olunan Şəhid bulağının önündə keçirilən tədbirdə YAP Ağdaş rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, şəhidin əsgər yoldaşları, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açılmış, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə şəhidin döyüş yolundan söhbət açılmış, keçirdiyi qısa və şərəfli ömür yolundan danışılmışdır. Şıxlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya səsləndirilmişdir.

Şəhid Əyyubun ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Möhtərəm Prezident, Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər. Tədbir iştirakçıları şəhidin kənd qəbiristanlığındakı məzarını da ziyarət etmiş, üzərinə gül-çiçək dəstələri düzmüşlər. Şəhidlərin ruhlarına dualar oxunmuşdur. İki bacının yeganə qardaşı olan Əyyub Osmanov 15 oktyabr 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsi dövründə cəbhəyə yola düşən Əyyub Osmanov Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Hərəkət etdikləri avtomobilin vurulması nəticəsində itkin düşən şəhidimizin nəşi dekabr ayında tapılmış və dekabrın 17-də doğma kəndində dəfn edilmişdir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər