Siyasət

  • 1 412

“Zəngilanın işğaldan azad olunması sevincimizə sevinc qatdı” - ŞƏRH EDİLDİ

image

“30 ilə yaxın idi ki, Azərbaycan öz haqq işi uğrunda mübarizə aparırdı. 30 ildir ki, Azərbaycan dünyanı inandırmağa çalışırdı ki, onun tarixi torpaqları işğal olunub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.


Onun sözlərinə görə, bu tarixi torpaqlarından qovulan azərbaycanlılar nə az, nə çox bir milyondan çoxdur: “Bu 30 il ərzində erməni hərbi qüvvələri Azərbaycanın mülki əhalisinə qarşı heç bir insanın başqa insana törədə bilməyəcəyi cinayətləri törətdi. Tarixi və dini abidələrimizi məhv etdilər. Dini inanclarımıza qarşı hər cür hörmətsizliyi etdilər. Amma Azərbaycan xalqı bir tərəfdən dünyanın nüfuzlu təşkilatlarından, digər tərəfdən də bu məsələnin həllinə cavabdeh olan dövlətlərə bu illər ərzində dəfələrlə müraciət etdi. Çox təəssüflər olsun ki, dünyanın nəhəng dövlətləri və nüfuzlu təşkilatları işğalçı ilə işğal olunan arasında fərq qoymadılar. Böyük ədalətsizliyə yol verdilər, haqqı, ədaləti tanımadılar”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandan siyasi qərarını verərək Azərbaycan Ordusu əks-hücuma keçdi: “Təbii ki, əks-hücum nəticəsində Azərbaycanın qəhrəman oğulları, əsgər və zabitləri öz tarixi torpağı, Vətəni üçün hər cür döyüşə, qəhrəmanlığa nail olduqlarını bir daha sübut etdilər. Düşmənin 30 il ərzində qurmuş olduğu istehkamları darmadağın etdi. Nəticədə 30 il ərzində işğal altında qalan torpaqlarımız erməni işğalından azad olundu. Füzulinin, Cəbrayılın işğaldan azad olunmasına nə qədər sevindiksə, Zəngilanın da işğal azad olunması sevincimizə sevinc qatdı. Yəni bu vaxta qədər bu ərazi işğal olunarkən əziyyət çəkən, hər cür müsibətlərə məhkum olan Zəngilan əhalisi Zəngilanın azad olunması ilə öz tarixi torpaqlarının sahibi kimi sevinc göz yaşlarını tökdülər. Azərbaycan xalqı birmənalı olaraq Zəngilanın işğaldan azad olunması ilə qələbənin tezliklə baş verəcəyini, düşmən qüvvələrinin tamamilə qovulub kapitulyasiya edilməsinə inandılar. Artıq 2020-ci ilin noyabr ayında 44 günlük müharibə başa çatdı. Düşmən danışıqsız təslim oldu. Artıq bir ildir ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində quruculuq işləri gedir. Əminəm ki, işğaldan azad olunan torpaqlarımız cənab Prezidentin dediyi kimi cənnətə çevriləcək və dünya bir daha dərk edəcək ki, bu torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır”.

Arzu Qurbanzadə

Digər xəbərlər