Siyasət

  • 1 698

Hədəf Zəngəzur dəhlizidir: Açılmalıdır və açılacaqdır - ŞƏRH

image

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.Bu sətirlər 10 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentlərinin, o cümlədən Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanatın 9-cu bəndindən götürülüb. Azərbaycan şər yuvasını yıxmaqla, düşmənin başını əzməklə, işğalçı ordunu ərazilərimizdən vurub çıxarmaqla yanaşı həm də bütün regionu terror təhdidindən qurtardı, dinc erməni xalqını onilliklər boyu qorxu, təzyiq altında saxlayan klan-oğru hakimiyyətindən qorudu. Ən əsası isə bölgədə hələ sovet dövründə mövcud olan, erməni separatçılarının, millətçi-daşnakların irtica siyasəti nəticəsində dağıdılan, uzun müddət istifadəsiz qalan və nəticədə qonşu ölkələrin də iqtisadi itkilərə məruz qaldığı kommunikasiya xəttlərinin yeni reallıqlara uyğun olaraq bərpası gündəmə gəldi.Bu gün Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində tikinti bunu yaşanır. Ötən 1 il ərzində yeni inftastruktur layihələri həyata keçirilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi tam sürətlə aparılır, Naxçıvan istiqamətindən isə Ordubad stansiyasının bu ilin may ayının 10-da Prezident İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılış mərasimi keçirildi. Təbii ki, məqsəd Şərqi Zəngəzurla Azərbaycanın digər ərazisi Naxçıvan arasındakı 40 kilometrlik dəhlizin açılmasıdır. Bu barədə Azərbaycan Prezidenti Ordubadda olarkən mediaya açıqlamasında da ətraflı danışmışdı: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.Dövlət başçısı 10 noyabr tarixli birgə Bəyanatda bu barədə yazıldığını xatırladıb və Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atıldığını qeyd edib: “Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır”.Əsas məqam, Ermənistan ərazisində olan hissəyə gəldikdə isə Prezident bu məsələyə də aydınlıq gətirib: “Bildiyiniz kimi, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.Bu yaxınlarda isə Ermənistanın Baş naziri Nikol Paşinyan Naxçıvanla Azərbaycanı birləşdirəcək yoldan – Zəngəzur dəhlizindən danışıb. MDB dövlət başçıları Şurasının iclasında çıxışı zamanı deyib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin başçılığı ilə üçtərəfli işçi qrup çərçivəsində bütün nəqliyyat kommunikasiyalarının açılması üzərində işlər aparılır: "Yaxın gələcəkdə konkret nəticələrə nail olmağa ümid edirik. Bu o deməkdir ki, Ermənistan Azərbaycan ərazisi üzərindən Rusiya və İranla, Azərbaycan isə Ermənistanın ərazisi üzərindən Naxçıvan Muxtar Vilayəti ilə dəmiryol və avtomobil əlaqələrini əldə edərlər".Paşinyan əlavə edib ki, Ermənistan "izolyasiya və düşmənçilik deyil, sülhün bərqərar olması simvolu və vasitələri ola bilən nəqliyyat kommunikasiyalarının açılması ssenarilərini" dəstəkləyir. Baş nazir ölkəsindəki bəzi qüvvələrin hələ də müharibə ritorikasında olduqlarından gileylənib və bildirib ki, daimi təhdid və təxribatlar şəraitində sülh gündəliyini irəli sürmək çox çətindir: "Çoxları nəinki inanmır, bölgəmizdə sülhün və sabitliyin bərqərar olmasını belə istəmir. Və belə bir şəraitdə sülh gündəliyini yeritmək çox çətindir. Lakin biz qətiyyətliyik və regionumuzda sülhə və sabitliyə nail olmaq üçün əlimizdən gələni edəcəyik".Beləliklə, II Qarabağ müharibəsinin qalibi Azərbaycan da, məğlub Ermənistanın indiki rəhbərliyi də bölgədə sülhün, dialoqun, sivil qonşuluq siyasətinin davam etməsində, iqtisadi inkişafın şah damarı olan kommunikasiya və tranzit xətlərinin bərpa olunmasında maraqlı görünürlər. Baxmayaraq ki, Azərbaycan həm sözdə, həm əməldə buna sadiqdir, konkret fəaliyyətlə məşğuldur, Ermənistan rəhbərliyi isə hələlik sözdə bu ideyanı dəstəkləyir. Müharibə, görünür, Ermənistanı o qədər yorub ki, iqtisadi layihələrə start verməyə, kommunikasiya xətlərinin açılmasına dəstək olmağa tələsmir. Həm də ölkədaxili mənzərə Paşinyan hakimiyyətinin proqnoz və istəkləri ilə uzlaşmır, daha doğrusu hakimiyyət bunu reallaşdıra bilmir. Ona görə də ümidini xarici investisiyalara bağlayan Paşinyan zamanla döyüşə girib. Avropa İttifaqının 4 milyardlıq vədi hələlik reallaşmayıb, vaxt isə gözləmir. Oktyabrın 18-19-da İrəvanda keçirilmiş Rusiya-Ermənistan regionlararası forumda da məğlub ölkənin iqtisadiyyatını dirçəltmək məqsədilə 1 milyard dollarlıq investisiyanın qoyulacağı da hələlik söz olaraq qalır. Paşinyan isə tələsir. Növbəti seçkilərə qədər o həm bəyanatın şərtlərini yerinə yetirməli, eyni zamanda müharibənin yaralarını sarımalı, həm də ölkə əhalisinin qarnını doyurmalıdır. Bu işləri görmək üçün isə milyardlarla vəsait lazımdır, o isə Ermənistanda yoxdur.Son günlər Azərbaycan və Ermənistanda nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasından tez-tez danışılır. Tərəflər fərqli yanaşmalar sərgiləsələr də yekunda söhbətin Zəngəzur dəhlizindən getdiyi məlum olur. Əslində, Zəngəzur dəhlizi açılarsa, bu yoldan Azərbaycanla yanaşı həm Rusiya, həm Ermənistan, həm də bu məsələdə maraqlı görünən, özünü Cənubi Qafqazda yeni aktor kimi təqdim etməyə çalışan İran da faydalanacaq. Ermənistan yolun açılmasına razıdır, amma Azərbaycanın dəhliz üzərində nəzarətini gücləndirə biləcəyindən narahatdır.Yenə qayıdaq MDB-nin sonuncu sammitinə, Paşinyanın bu çıxışı ilə “gözə kül üfürdüyünü” asanca görmək olar. Dediklərinə özü də inanmır, amma etmək zorundadır, öhdəliyi var, masada üçtərəfli bəyanatın 9-cu maddəsi var. Bunu o etməsə də Ermənistan dəmiryolu xətlərinin sahibi Rusiya edəcək.Biz regional aktora çevrilmək üçün canfəşanlıq edən İranın mövqeyindən təsadüfən danışmadıq. Amma cənub qonşumuz Türkiyənin timsalında yeni regional gücün Azərbaycanın mövqeləri ilə razılaşması və bizə dəstək verməsindən bərk narahatdır. İqtisadiyyatı tənəzzülə uğramış, blokada şəraisində, iqtisadi təcrid vəziyyətində yaşayan Ermənistana nəfəslik verən rəsmi Tehran elə təsəvvür edirdi ki, müharibə Azərbaycanı da ona möhtac qoyacaq. Və İran hər iki ölkəni asanca idarə edə biləcək. Amma yanıldı, Azərbaycan qısa müddət ərzində qələbə qazandı, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan isə ağır məğlubiyyətə uğradı. Beləliklə, İranın Azərbaycana təsiretmə rıçaqı – Ermənistan adlı maşası sındı. Yəqin ki, rəsmi Tehranın Azərbaycana qarşı son günlər sərgilədiyi münasibətin səbəblərindən bir qismini anladınız…

V.VƏLİYEV

Digər xəbərlər