PDF Oxu

Siyasət

  • 1 814

Zəngəzur dəhlizi addım-addım reallaşır - TƏHLİL

Zəngəzur dəhlizi addım-addım reallaşır - TƏHLİL

Zəngəzur dəhlizi ilə bağlı məsələ hazırda diqqət mərkəzindədir və ən həssas mövzu olmaqla təkcə Azərbaycanın deyil, region dövlətlərinin də maraq dairəsindədir. Komunikasiyaların açılmasının, mövcudluğunun iqtisadi əlaqələrin, əməkdaşlığın daha da gücləndirilməsi baxımından çox əhəmiyyətli olması günün reallığıdır və məhz buna görə də prioritet olaraq qalır. Atılan əməli addımlar da təsdiq edir ki, Azərbaycan bu dəhlizin açılmasında israrlıdır və bu proses qarşısıalınmazdır, hansıki, bu, ölkə hüdudlarından kənarda da etiraf olunur.

Valday Beynəlxalq Diskusiya Klubunun plenar iclasında Rusiya prezidenti Valdimir Putin qeyd edib ki, Azərbaycan SSRİ dövründə mövcud olan və Ermənistan ərazisindən Naxçıvanla əlaqənin bərpasında maraqlıdır, hansıki, bu, Bakı üçün prioritet məsələdir. Daha dəqiq desək, Putinin fikirlərindən aydın olur ki, Rusiya tərəfi Azərbaycanın Naxçıvanla əlaqələrini bərpa etməsində israrlı və qərarlı olmasını yaxşı bilir, hətta bunun qarşısıalınmaz olduğuna da əmindir. Rusiya prezidentinin dedikləri onun bu məsələdə Azərbaycanın haqlı olduğu qənaətinə qəldiyini təsdiqləyir. Əks halda, Putin buna ən azından müşahidəçi mövqe nümayiş etdirərdi. Biz isə hələ də bunun əksini müşahidə edirik və Rusiya liderinin Zəngəzur dəhlizinin açılışında maraqlı olduğu hər nitqində özünü göstərir. Görünür, yaxın zamanda, daha dəqiq desək, noyabrın əvvəlində Moskvada keçiriləcək üçtərəfli görüş zamanı da onun bu məsələyə eyni münasibətinin şahidi olacağıq. Bir sözlə, rəsmi Moskvanın mövqeyi bəllidir və heç də ermənilər, Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasına mane olmaq üçün Rusiyadan dəstək gözləyə bilməzlər və buna ümidləri də qalmayıb.

Təkcə prezident Vladimir Putinin deyil, bir sıra rusiyalı siyasilərin fikirlərindən də bəlli olur ki, həqiqətən də Rusiya tərəfi, hətta bu ölkənin ictimaiyyəti belə Zəngəzur dəhlizinin açılmasına kimsənin mane ola bilməyəcəyinə əmindir. Rusiya tərəfi bu əminliklə yanaşı, eyni zamanda sözügedən dəhlizin əhəmiyyətini də nəzərə alır. Bu dəhlizin regionda komunikasiyaların işə düşməsi üçün vacib olduğuna da şübhə edilmir. Məsələn, “Nasionalnaya Oborona” jurnalının baş redaktoru İqor Korotçenko “Vestnik Kavkaza” nəşrinin müxbirinə müsahibəsində qeyd edir ki, Zəngəzur dəhlizi Qarabağ müharibəsi başa çatdıqdan sonra regionda beynəlxalq nəqliyyat kommunikasiyalarını tam şəkildə işə salmağa imkan verəcək. Əlbəttə ki, bu reallığı inkar etmək də qeyri-mümkündür və Azərbaycanın ilk əvvəldən də mövqeyi dəyişməz olaraq qalır. Məqsəd komunikasiyaları işə salmaq, bununla da əlaqələrin daha da genişləndirilməsinə, daha sürətli inkişafa nail olmaqdır ki, buna artıq Ermənistan tərəfi mane olmaq iqtidarında deyil.

Rusiyalı ekspertlər də bu fikirdədir ki, nəqliyyat dəhlizi açılmalıdır və bu dəhlizin açılması elə bu gün artıq çarəsiz qalan ermənilər üçün də vacibdir. “PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov da öz növbəsində, Ermənistan üçün ən vacib məsələnin blokadanın aradan qalxması, regiondakı nəqliyyat layihələrinə və iqtisadi əlaqələrə daxil olması olduğunu vurğulayıb. O, qeyd edib ki, təxribatlara uymamaq, qonşunu düşmən kimi deyil, tərəfdaş kimi görək lazımdır. Rusiyalı ekspert Vitali Arkovun fikrincə Azərbaycandan fərqli olaraq, Ermənistanda bunu dərk edəcək insanlar hələ də azlıq təşkil edir.

Ola bilsin ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı erməniləri narahat edən bir sıra məsələlər var və buna görə də tərəddüd edirlər. Məsələn, Zəngəzur nəqliyyat dəhlizinin Ermənistanı qonşu İranla sərhəddən məhrim edəcəyindən ehtiyatlanan rəsmi İrəvanı hələ də düşünməyə vadar edən məqamlar əlbəttə ki, var və bu danılmazdır. Buna baxmayaraq, çıxış yolu hər zaman mövcuddur və bu dəhlizin açılmasını uzatmaqdansa, tərəflərin çıxış yolu tapması daha məqsədəuyğun olardı. Çox gümün ki, noyabr ayında Moskvada reallaşacaq üçtərəfli görüşün müzakirə mövzusundan biri də məhz bu ola bilər. İstər iqtisadi əməkdaşlıq, istər kollektiv təhlükəsizliyin təmin edilməsi, istərsə də bir sıra üstünlüklər vəd etdiyini nəzərə alsaq, hər bir halda Zəngəzur dəhlizi açılacaq və buna Ermənistan tərəfinin mane ola bilməyəcəyi günün reallığıdır.

Rəsmi Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi birmənalıdır və bunu rəsmilərin çıxışlarında da müşahidə etmək olur. Yəni, dəhlizin açılmasına rusların tərəfdar olduqlarını Rusiyanın rəsmi şəxsləri açıq-aşkar bildirirlər. Qeyd edək ki, cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Zəngəzur dəhlizi” çərçivəsində “yolun təməlinin qoyulması” ilə əlaqədar bəyanatlara Moskvanın münasibəti ilə bağlı sualı cavablandırarkən Rusiyanın mövqeyini tam aydın şəkildə görmək olur. "Biz Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli sazişlərin həyata keçirilməsinə töhfə verən bəyanatlara və addımlara əməl etməyi düzgün hesab edirik", deyə Mariya Zaxarova vurğulayıb və bu da ondan xəbər verir ki, Rusiya komunikasiyaların açılışı, yəni Zəngəzur dəhlizinin istifadəyə verilməsinin tam tərəfdarıdır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, Ermənistan hakimiyyəti “Zəngəzur dəhlizi” yaratmaq planlarının olmaması barədə dəfələrlə bəyan edib. Rusiya XİN rəsmisi onu da diqqətə çatdırıb ki, İrəvan “Zəngəzur Dəhlizi” çərçivəsində danışıqların aparılması imkanını rədd etməyə çalışır, amma çox böyük səhvə yol verir. Əlbəttə ki, hazırda blokada şəraitində qalan, heç bir imkanı, potensialı olmayan Ermənistanın bundan başqa çarəsi yoxdur və bunu Rusiya XİN rəsmisi inkar edə də bilməzdi. Əks halda bu qeri-səmimi mövqe nümayişi olaraq qəbul olunardı. Çünki, bundan başqa Ermənistan üçün hansısa digər bir çıxış yolunun olması barədə bircə dənə də təklif belə yoxdur. Başqa bir tərəfdən də Naxçıvan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Türkiyəni Mərkəzi Asiya ölkələri ilə birləşdirməyə imkan verəcək dəhlizə ruslar mane olmaq niyyəti belə ifadə etməzlər.

Rəsmi İrəvanın Zəngəzur dəhlizinin açılmasında tərəddüd etdiyi sirr deyil, amma Ermənistanda heç də hamı bu dəhlizdən danışanda daş atıb baş tutmur. Bəzi ermənilər, daha doğrusu, mövcud çıxışmaz vəziyyətlərini başa düşən ermənilər bundan başqa çarələrinin olmadığını etiraf edirlər. Bir çoxları isə Azərbaycanın bu dəhliz layihəsini gerçəkləşdirməsinə tam hüquqlu olduğu qənaətindədirlər. Məsələn, Ermənistan Mülki Müdafiə Partiyasından olan deputat Qagik Melkonyan bəyan edib ki, yollar açılmalıdır, azərbaycanlılar Naxçıvana sərbəst gedib-gəlməlidirlər. Deputat qeyd edib ki, ermənilər Qarabağa gedib-gəldiyi kimi, azərbaycanlıların da gömrük-keçid məntəqəsi olmadan Naxçıvana belə bir gediş-gəliş imkanı olmalıdır və məhz buna görə də Ermənistan yolların açılmasına getməlidir, yollar açılmalıdır.

Ermənistanda bir çoxları iddia edirlər ki, guya dəhliz barədə bəyanatda heç nə yazılmayıb və guya ki, “Zəngəzur dəhlizi” ifadəsini Azərbaycan mediası süni şəkildə ortaya atıb. Hətta erməni mediası indi əl-ayağa düşüb rəsmilərdən təkziblər almağa başlayıb, amma bununla nəyə isə nail olacaqlarına özlərinin belə inanmadığı əhəmiyyətli dərəcədə hiss olunur. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın, “yalnız komunikasiyaların açılması müzakirə mövzusu ola bilər”, deməsi erməni cəmiyyətini bir az da çaşdırıb. Lakin, baş nazirin müavini, üçtərəfli İşçi Qrupundakı erməni nümayəndə Mqer Qriqoryanın ifadələri də Ermənistan Təhlükəsizlik Şurasının katibinin fikirlərini alt-üst edib və bu ifadələr başı bəlalı erməni cəmiyyətini bir az da çaşqınlığa sürükləyib. Baş nazirin müavininin dediyinə görə, guya söhbət avtomobil yolundan deyil, yalnız SSRİ vaxtında mövcud olan dəmir yolunun açılmasının müzakirəsindən gedir. Halbuki, artıq avtomobil yolunun da təməli qoyulub və ən yaxın zamanda ermənilər bunu da öz gözləri ilə görəcəklər. Doğrudur, onsuz da rəhbərləri tərəfindən aldadılmağa alışqan olan bir xalq, bir cəmiyyət üçün bu elə də bir fərq etməyə bilər, amma ən azından Qarabağ savaşı zamanında gec ayıldıqları zaman, məsələnin həll olunduğunu, uduzduqlarını, məğlub olduqlarını gördükləri vaxt necə şoka düşmüşdülərsə, elə də şok yaşamalı olacaqları gün uzaqda deyil.

Nəzərə almaq lazımdır ki, qardaş Türkiyə məsələnin həllində nəinki maraqlıdır, hətta hər an Azərbaycanın yanındadır və mövqelərini dəstəkləyir. Türkiyə liderinin vaxtaşırı Qarabağa səfəri heç də təsadüfi, sıradan bir səfər hesab olunmur və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğuna işarə, region dövlətləri üçün strateji əməkdaşlığıməz barədə bir mesajdır. Məslən, cənab Ərdoğanın Füzuli Hava Limanının açılışında iştirakı, ələlxüsus İranla sərhəd ərazilərdə olması, son zamanlar qonşuluq siyasətinə yad olan siyasət yürüdən İrana bir mesajdır. Təbii ki, yeganə dəstəyini İrandan alan Ermənistan üçün də bu sıradan bir hadisə deyil. Çünki, bir zaman İranın məsuliyyətsiz bəyanatlarına güvənən Ermənistan üçün də bu bir dərs hesab olunur və ermənilər dərk etmək məcburiyyətində qalırlar ki, artıq güvənc yerləri belə qalmayıb, meydanda tamamilə tək qalıblar.

Bir sözlə, Zəngəzur dəhlizinin açılması, mövcudluğu ilə bağlı narazılıq bildirmək üçün kiminsə, hansısa bir əsası qalmır. Nə blokadada olan Ermənistan, nə bu vaxta qədər bu işğalçı ölkəni dəstəkləyən İran bu prosesin qarşısını almaq iqtidarında deyil, nə də Rusiyanın bunlara havadarlıq etmək fikri yoxdur. Qardaş Türkiyə də həmişəki kimi Azərbaycanın yanındadır, ölkəmizin bütün layihələrini dəstəkləyir, strateji əməkdaşlığımız günü-gündən daha da artıq və gələcəkdə bundan da yaxın münasibətlərin olacağına zərrə qədər şübhə yoxdur. Hər iki ölkənin liderinə Füzuli Hava Limanının açılışı zamanı simvolik açarların təqdim olunması da təsdiq edir ki, bölgədə olan bütün kilidlərin açarı ancaq iki qardaş ölkədədir. Bütün bunlar da onu deməyə əsas verir ki, Zəngəzur dəhlizinin salınması məsələsinə mane olacaq bircə dənə də qüvvə yoxdur və bu dəhliz salınacaq. Hətta burada avtomobil yolunun təməlinin qoyulması belə təsdiq etdi ki, Zəngəzur dəhlizi addım-addım reallaşır.

Digər xəbərlər